AZ

Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlığa dair görüş keçirilib

Bu gün Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Azərbaycan və Türkiyənin peşə təhsili sistemlərinin qarşılıqlı təcrübə mübadiləsi” mövzusunda görüş keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, Türkiyə Milli Təhsil Nazirliyinin Peşə və Texniki Təhsil Baş İdarəsinin müdiri Salih Kaygusuz, eləcə də hər iki ölkənin müvafiq qurumlarının nümayəndələri iştirak ediblər.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov çıxışı zamanı son üç il ərzində 100-dən çox peşə təhsili müəlliminin Türkiyədə təşkil olunan təcrübə proqramlarında iştirak etdiyini qeyd edib. O bildirib ki, hazırda Azərbaycan və Türkiyə arasında ortaq peşə təhsili müəssisəsinin yaradılması istiqamətində danışıqlar aparılır. Əməkdaşlıq çərçivəsində təhsil proqramları, tələbə və müəllim mübadiləsi, ortaq tədris planları və müasir infrastruktur əsasında peşə təhsil müəssisələrinin yaradılması istiqamətində əhəmiyyətli nəticələr əldə olunduğunu diqqətə çatdırıb.

Türkiyə Milli Təhsil Nazirliyinin Peşə və Texniki Təhsil Baş İdarəsinin müdiri Salih Kaygusuz da çıxışında Azərbaycan və Türkiyə arasında əməkdaşlığın təkcə peşə təhsili ilə məhdudlaşmadığını bildirib. O, müəllim hazırlığı, pedaqoji ünsiyyət və “qardaş məktəb” layihələri çərçivəsində də əməkdaşlığın genişləndiyini vurğulayıb. Qeyd edib ki, ölkə başçıları səviyyəsində formalaşmış dostluq və güclü əməkdaşlıq mühiti sayəsində təhsil sahəsində əlaqələr daha da möhkəmlənir. Hazırda Azərbaycanda Türkiyə modeli əsasında iki pilot peşə liseyinin yaradılması istiqamətində iş aparıldığını, bu məktəblərin Türkiyədən gələn müəllim və idarəçilərlə birlikdə idarə olunacağı nəzərdə tutulduğunu vurğulayıb.

Görüş çərçivəsində tərəflər arasında birgə layihələrin həyata keçirilməsi, müəllim və tələbə mübadiləsinin təşviqi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Tədbirdə həmçinin 19 fevral 2021-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un əhəmiyyətinə də toxunulub. Sənəd peşə təhsili müəssisələri, tədris proqramları və müəllim-tələbə mübadiləsi daxil olmaqla bir neçə əsas istiqaməti əhatə edir. Protokol çərçivəsində Azərbaycanda Türkiyə ilə birgə iki yeni peşə təhsili müəssisəsinin yaradılması nəzərdə tutulur.

Sonda nümayəndə heyəti Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış maddi-texniki baza, istehsalat təlimi laboratoriyaları və müasir tədris imkanları ilə tanış olub.

 

 

 

 

 

Seçilən
6
tehsil.biz

1Mənbələr