Moskva İran-Azərbaycan sərhədindəki keçid məntəqələri vasitəsilə Rusiya vətəndaşlarının təxliyyəsinin təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlıq edib.
Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.
Peskovun sözlərinə görə, rusiyalılar əsasən Azərbaycanla sərhəddə yerləşən keçid məntəqələri vasitəsilə İrandan təxliyə olunur.
“Azərbaycanlı dostlarımız bu proses üçün münbit şərait yaradıblar. Bu əməkdaşlığa görə təşəkkür edirik”, – deyə Kremlin sözçüsü vurğulayıb.
O bildirib ki, Rusiya vətəndaşlarının təhlükəsiz təxliyəsi üzrə işlər gecə-gündüz rejimində davam etdirilir.
“Səfirlikdə İranda olan rusiyalıların sayı və onlardan neçəsinin təxliyə olunmaq istədiyi barədə bütün məlumatlar mövcuddur. Bu proses ciddi şəkildə nəzarətdə saxlanılır və vətəndaşlarımızın təhlükə qarşısında qalmasına imkan verilmir”, – deyə Peskov əlavə edib.
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin məlumatına əsasən, iyunun 14-ü və 15-də ümumilikdə azı 313 Rusiya vətəndaşı İrandan Azərbaycana təxliyə olunub. Onların arasında məşhur rus kinorejissoru Fyodor Bondarçukun çəkiliş heyəti və Rusiya diplomatlarının ailə üzvləri də olub.
Fidan Hacızadə
Sfera.az