Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U17 Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləşçilərimiz vətənə qayıdıb.

Rekord.az xəbər verir ki, 3 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında Avropa çempionu yığmamız Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşğuyla qarşılanıb.

Namiq Abdullayev (AGF İcraiyyə Komitəsinin üzvü):

“Həm idmançıların, həm məşqçilərin əməyini yüksək qiymətləndiririk. Azərbaycan Güləş Federasiyasının rəhbərliyi adından məşqçilər korpusuna, idmançılarımıza minnətdarlığımızı bildiririk. AGF, MOK və GİN idmançılarımıza böyük diqqət, qayğı göstərilir. Bunun da nəticəsində idmançılarımız hər zaman ölkəmizi layiqincə təmsil edib, bayrağımızı yüksəklərə qaldırıb, himnimizi səsləndiriblər. Son dörd ildə üç dəfə Avropa çempionu olduq. U20, U23 və böyüklər arasında da dəfələrlə Avropa çempionu olmuşuq. Həm fərdi, həm də komanda hesabında kifayət qədər uğurlarımız var. Federasiya tərəfindən son illlər xüsusən 15-17 yaşlı komandalar üçün hər bir şərait yaradılıb. Həm Bakıda, həm də regionlarda təlim-məşq toplanışları təşkil olunur. Nəticələr də göz önündədir. 2022-ci ildən etibarən U15 yaş qrupunda zona yarışları və ölkə birinciliyi keçirilir. Komandalarımız GİN tərəfindən tam heyətlə (13 idmançı) U15 Avropa çempionatına ezam edilir. Həmişə qeyd etmişəm ki, yeniyetmələr təməldir. Bu çempionlar gələcəkdə böyüklər arasında dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında bayrağımızı yüksəklərə qaldıracaqlar. Qarşıdan U17 dünya çempionatı gəlir. Bu yarışda İran, ABŞ və Yaponiya kimi güclü ölkələr də iştirak edir. İnanıram ki, güləşçilərimiz güclü rəqabət fonunda dünya çempionatında da ölkəmizi layiqincə təmsil edəcəklər”.

Əsgərxan Novruzov (böyük məşqçi):

“2022-ci ildə Avropa çempionu olmuşduq. 2023-cü ildə 1 xalla çempionluğu qaçırtdıq. Ötən il yenidən çempion olduq. Bu il də vəziyyət çətin idi. Ukrayna komandası ilə son ana qədər çempionluq uğrunda mübarizə apardıq. Titulumuzu qoruduq. Bu yarışa hazırlıq məqsədilə 3 təlim-məşq toplantısı keçmişdik. Geyim, vitaminlə təminat, yemək-yataq şəraiti, ezam – hər şey qaydasında idi. Bununla bağlı federasiyamıza, Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə bütün məşqçilərin adından minnətdarlığımı bildirirəm. Lazımi şərait yaradılmışdı. İyunun 14-ü Mirəsgər Seyidovun şəhadətə yetdiyi gün idi. Mirəsgər Seyidov, Allahverdi Bağırov, Mübariz İbrahimov başda olmaqla, qələbələrimizi bütün şəhidlərin ruhuna həsr edirik. Onları yaddan çıxartmarıq. Onlar başımızım tacıdır. Zəhməti keçən hər kəsə təşəkkür edirəm. Məqsədimiz dünya çempionatında da 1-ci olmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. Biz istəyirik ki, gənclərimiz milli ruhda böyüsün. Onu da qeyd edim ki, Ermənistan güləşçiləriylə 6 görüş keçirtdik və 5 qələbə qazandıq”.

Səid Paşayev (Avropa çempionu):

“Şükürlər olsun ki, çempion oldum. Bu yolda mənlə gedənlərə təşəkkür edirəm. Bu qələbə yalnız mənim yox, ailəmin, komandamın, məşqçilərimin və mənə inanan hər bir insanın qələbəsidir. Xüsusilə mənimlə bir əziyyət çəkən müəllimlərə təşəkkürümü bildirirəm. Onlar olmasa idi, mən burda durmazdım. Hədəflərim böyükdür. İnşallah, hədəflərimə çatmaq üçün hər bir şey edəcəyəm”.

Rəvan Həsənzadə (Avropa çempionu):

“Finalda erməni rəqibimə qalib gəldim. Bu, mənim üçün qürurvericidir. Avropa çempionatına kimi Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışları keçdik. Toplanışlar ağır və çətin idi. Lakin əziyyətimiz yerdə qalmadı. Ailəmə, şəxsi məşqçimə və yığma komandanın müəllimlərinə təşəkkürümü bildirirəm. Onların əziyyəti olmasaydı, bu nəticəni əldə edə bilməzdim. Növbəti hədəfim dünya çempionu olmaqdır”.

Ruslan Əlizadə (Avropa çempionu):

Yarımfinalda erməni, finalda isə rus güləşçisini məğlub etdim. Bu çempionluğumu şəhidlərimizə həsr edirəm. İnşallah, yaxşı hazırlaşıb, dünya çempionatından da bu nəticəni təkrarlayarıq”.

Xatırladaq ki, AÇ-də Rəvan Həsənzadə (48 kq), Ruslan Əlizadə (55 kq), Səid Paşayev (92 kq) qızıl, Həsən Həsənov (60 kq) gümüş, Ramal Mirhüseynovla (51 kq) Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.