AZ

“Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq’’ mövzusunda görüş keçirilib

İyunun 17-də Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə "Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq" mövzusunda görüş keçirilib.

Bu barədə APA-ya Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən televiziya yayımçılarının nümayəndələri, o cümlədən qeyri-hökümət təşkilatlarının (QHT) təmsilçiləri iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununda 11 aprel 2025-ci il tarixli dəyişikliklər və həmin Qanuna əlavə edilmiş 12-1-ci maddənin tələbləri, televiziyalarda işarət dilinin tətbiqinin hazırki vəziyyəti, ortaya çıxan problemlər və onların həlli yollarının müzakirəsi olub.

Açılış nitqi ilə çıxış edən Şuranın Aparat rəhbəri Fazil Novruzov inklüziv cəmiyyətin formalaşmasında, hamı üçün bərabər imkanlar yaradılması və yayımlanan informasiyanın hər kəs üçün əlçatan olması istiqamətində medianın, o cümlədən audiovizual medianın öhdəlikləri olduğunu qeyd etmişdir. O, bildirmişdir ki, müasir dövrdə informasiya insan həyatının ayrılmaz hissəsidir. Təhsil, səhiyyə, məşğulluq, hüquq və ictimai fəaliyyət sahələrində uğurlu iştirak üçün informasiyaya bərabər çıxışın həyati əhəmiyyət vardır. İnformasiya almaq hər bir insanın fundamental hüququdur. Bu hüququn təmin edilməsi yalnız texniki məsələ deyil, eyni zamanda insan ləyaqətinin, bərabər imkanların və inkuliziv cəmiyyət quruculuğunun əsas şərtidir.

Daha sonra DOST Agentliyinin İdarə heyətinin sədrinin müavini Aygün Musayeva çıxış etmişdir. O, çıxışı zamanı bu mövzuda keçirilən görüşlərin, tədbirlərin əhəmiyyətini vurğulayıb. Sədr müavini daha sonra əlilliyi olan şəxslərlə bağlı dövlət siyasəti, həmin şəxslərin cəmiyyətə qazandırılması istiqamətində görülən işlərdən danışmış, informasiyaya əlçatanlığın təmin edilməsi istiqamətində aparılan monitorinqlər və həmin monitorinqlərin nəticələri barədə məlumat verib.

Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Həbib Kərimov çıxışı zamanı tam və ya qismən görmə, eşitmə və nitq məhdudiyyətli şəxslərin təhsilə cəlb edilməsi istiqamətində işlərin görüldüyünü, onların təhsillərinin davam etdirilməsi, idman, mədəniyyət və yaradıcılıq sahələrindəki bacarıqlarının təkmilləşdirilməsi istiqamətində müvafiq dövlət qurumları ilə koordinasiyalı fəaliyyətin qurulduğunu və bu əmakdaşlığın hər keçən il inkişaf etdirildiyini qeyd etmişdir. O bildirib ki, əlilliyi olan şəxslərin cəmiyyətə qazandırılması istiqamətində media subyektləri və digər maraqlı tərəflərlə qarşılıqlı əməkdaşlığa daim hazırdırlar.

Daha sonra Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı "Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq" mövzusunda təqdimatla çıxış etmişdir. O, bu sahədə qanunvericilik aktları, beynəlxalq təcrübə, ölkədə fəaliyyət göstərən dövlət və ictimai yayımçıların məsuliyyəti və qanunvericiliklə tənzimləmə mexanizmləri ilə bağlı ətraflı məlumat verib.

Tədbir çıxış və təqdimatlardan sonra interaktiv müzakirələrlə davam etmişdir. Audiovizual yayımçılar tərəfindən işarət dilinin tətbiqi, yayımçıların öhdəlikləri, bu istiqamətdə görülən işlər, prosesin icrası zamanı ortaya çıxan problemlər və digər məsələlələr barədə ətraflı müzakirələr aprılıb, təkliflər verilib.

“Audiovizual “Audiovizual “Audiovizual
Seçilən
8
2
apa.az

3Mənbələr