Astana, 17 iyun, AZƏRTAC
Qırğızıstan Prezidenti Sadır Japarov Qazaxıstana işgüzar səfəri zamanı Astanada keçirilən “Mərkəzi Asiya – Çin” sammiti çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşüb.
AZƏRTAC Qırğız Respublikası Prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, dövlət başçıları Qırğızıstan-Çin münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, hərtərəfli və əhatəli strateji əməkdaşlığın dərinləşdirilməsi məsələləri üzrə geniş fikir mübadiləsi aparıblar.
Tərəflər Qırğızıstan ilə Çin arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər, qarşılıqlı etimad, hörmət və xalqların rifahı naminə birgə səylərin vacibliyini vurğulayıblar.
Görüşün yekununda bəzi sənədlər imzalanıb: Qırğızıstanın Su Ehtiyatları Xidmətinin bölmələrinin xüsusi texnika ilə təmin olunması layihəsinin icrasına dair mübadilə məktubu; Süni intellektin tətbiqi üzrə əməkdaşlıq mərkəzinin yaradılması haqqında qarşılıqlı Anlaşma Memorandumu; Emal sənayesi sahəsində əməkdaşlığa dair qarşılıqlı Anlaşma Memorandumu; Sərhəd səhiyyəsi və karantin sahəsində əməkdaşlıq haqqında Saziş;
“Kabar” informasiya agentliyi ilə Çin Media Korporasiyası arasında əməkdaşlıq Memorandumu; “Qırğızıstan Sözü” nəşriyyatı ilə Sinxua agentliyi arasında informasiya sahəsində əməkdaşlıq haqqında qarşılıqlı Anlaşma Memorandumu.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana