AZ

Arif Əsədov: İnanıram ki, “Sabah” Sloveniya klubunu məğlub edərək mərhələ adlaya biləcək

Bakı, 17 iyun, AZƏRTAC

İnanıram ki, “Sabah” Sloveniya klubunu məğlub edərək mərhələ adlaya biləcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov Avropa Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Mütəxəssis Azərbaycanın turnirdəki yeganə təmsilçisi olan “Sabah”ın Sloveniyanın “Tselye” klubu qarşısında şanslarını qiymətləndirib: “Səbətdə bir çox tanınmış, avrokuboklarda öz sözünü demiş klublar yer almışdı. Həmin komandalar arasında “Tselye” və “Şerif”i nisbətən zəif kollektivlər hesab etmək olar. Heç də pis rəqiblə qarşılaşmayacağıq. Onların oyun üslubunu daha yaxından analiz etdikdən sonra detalları müzakirə etmək olar. “Sabah” da yaxşı təşkilatlanmış komandadır. Ölkə kubokunun sahibi oldular. Avrokuboklarda təcrübələri az da olsa, düşünürəm ki, yaxşı nəticəyə ümid etmək olar”.

O, “bayquşlar”ın tez bir zamanda baş məşqçi problemini həll etməli olduğunu söyləyib: “Komandanın hazırda baş məşqçisi yoxdur. Ümumiyyətlə, məşqçi böyük faktordur. Yəqin ki, klub rəhbərliyi tezliklə bu məsələni həll edəcək, çünki ilk oyuna elə də çox vaxt qalmayıb. Komandaya rəhbrəlik edəcək çalışdırıcı bu zaman kəsiyində həm kollektivə uyğunlaşmalı, həm də rəqibin oyunlarını təhlil edə bilməlidir. Nə qədər tez olsa, o qədər yaxşı olar. Təmsilçimizə bu yolda uğurlar arzulayıram”.

Qeyd edək ki, “Sabah” I təsnifat mərhələsində ilk matçına iyulun 10-da evdə, cavab qarşılaşmasına isə bir həftə sonra səfərdə çıxacaq.

Seçilən
6
azertag.az

1Mənbələr