Xəbər verdiyimiz kimi, İngiltərənin bəzi bölgələrində il ərzində qeydə alınan qızılca halları, artıq 2024-cü ilin ümumi rəqəmlərinə yaxınlaşmış vəziyyətdədir. Mütəxəssislər xəbərdarlıq edir ki, izdihamlı tədbirlər yoluxma riskini ciddi şəkildə artırır.
Bəs bu xəstəlikdən qorunmaq üçün hansı tədbirlər görülməlidir?
Məsələ ilə bağlı News24.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, qızılca uşaqlar arasında ciddi fəsadlara, hətta kütləvi insan tələfatına səbəb ola biləcək xəstəliklərdən biridir:
“Bu xəstəliyə adətən yalnız bir dəfə yoluxulur və nəticədə immunitet formalaşır. Qızılcaya qarşı peyvənd kəşf edildikdən sonra xəstəliklə mübarizə xeyli effektivləşib və yoluxma halları ciddi şəkildə azalıb. Əgər hər hansı bir cəmiyyətdə xəstəliyin qarşısını tam almaq istəyiriksə, əhalinin ən azı 92-95%-i peyvənd olunmalıdır. Qızılcaya qarşı vaksin 90%-dən yüksək effektivliyə malikdir. Hesab edirəm ki, vaksinasiyanın düzgün aparılmaması qızılcanın yenidən meydana gəlməsinə gətirib çıxarda bilər”.
Professorun sözlərinə görə, qızılcaya qarşı ən effektiv qorunma yolu peyvənddir və bütün uşaqlar bu vaksinlə təmin olunmalıdır:
“Dünyada, eləcə də ölkəmizdə aparılan antivaksin təbliğatı cahillikdir. Təəssüf ki, bəzi valideynlər uşaqlarını peyvənddən uzaq tutmaq üçün ərizə, saxta arayış kimi üsullara əl atıblar. Lakin bir neçə il əvvəl Azərbaycanda qızılca tüğyan edərkən elə həmin valideynlər peyvənd axtarışına çıxmışdılar”.
Adil Qeybulla vurğulayıb ki, Milli Peyvənd Təqviminə əsasən, 1-5 yaş arası uşaqlar iki doza qızılca peyvəndi olduqda, onlarda ömürlük immunitet yaranır:
“Qızılca xəstəliyi həm dünyada, həm də ölkəmizdə daim nəzarətdə saxlanılmalı və vaxtında preventiv tədbirlər görülməlidir”.
Günel Məlikzadə