ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
İran ilə İsrail arasında gərginliyin davam etdiyi bir vaxtda Tehranın əsas müttəfiqlərindən olan Rusiya bölgədəki vəziyyətin yumşaldılması üçün diqqətçəkən diplomatik təklif irəli sürüb.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, Kreml tərəflər arasında atəşkəs razılaşması əldə olunacağı təqdirdə İranın əlindəki zənginləşdirilmiş uranın Rusiyaya daşınması seçiminə açıq olduqlarını bəyan edib.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov “Hürriyet” qəzetinə açıqlamasında bildirib ki, Moskva İran-İsrail münaqişəsində vasitəçilik missiyasını öz üzərinə götürməyə hazırdır.
Onun sözlərinə görə, Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında keçirilən telefon danışığında da bu məsələ müzakirə olunub və Rusiya öz təşəbbüsünü qarşı tərəflərə çatdırıb.
Peskovun açıqlamasında qeyd olunub:
“Rusiya prezidenti Vladimir Putin İranla İsrail arasında atəşkəsin əldə olunması və danışıqlara qayıdılması üçün səyləri dəstəkləyir. Bu məqsədlə İranın nüvə proqramının təhlükə yaratmadığını sübut etmək üçün Tehranın əlindəki zənginləşdirilmiş uranın Rusiyaya daşınması təklifi gündəmdədir. Biz bu seçimi açıq saxlayırıq və müvafiq razılaşma əldə olunacağı təqdirdə hərəkətə keçməyə hazırıq”.
Maraqlıdır ki, bu diplomatik təşəbbüs fonunda İran da Moskva ilə münasibətlərdə mühüm addım atıb.
Məsud Pezeşkianın ilin əvvəlində Rusiyaya səfəri zamanı imzaladığı strateji tərəfdaşlıq sazişi İran parlamenti tərəfindən təsdiqlənərək qüvvəyə minib.
İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Tehranda keçirdiyi mətbuat konfransında bu barədə açıqlama verərək bildirib:
“Rusiyayla imzaladığımız strateji saziş artıq parlamentin ratifikasiyasından keçib və bu gündən etibarən tam hüquqi qüvvəyə minib”.
Sazişin detalları açıqlanmasa da, sənədin iki ölkə arasında hərbi sahədə sıx əməkdaşlıq və təhlükəsizlik məsələlərində birgə fəaliyyət mexanizmlərini əhatə etdiyi bildirilir.
Analitiklər hesab edirlər ki, bu razılaşma bölgədə İran-Rusiya ittifaqının daha da gücləndirilməsi istiqamətində atılmış növbəti ciddi addımdır.
Qeyd edək ki, İsrail tərəfi İranın nüvə proqramına qarşı sərt mövqeyini davam etdirir və Tehranı regionda sabitliyi pozmaqda ittiham edir.
Məhz bu səbəbdən də Moskvanın təklifi İsrail üçün nə dərəcədə qənaətbəxş olacaq, hələlik bəlli deyil. Diplomatik dairələr isə bu təşəbbüsün yaxın günlərdə intensiv müzakirələrə səbəb olacağını proqnozlaşdırır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.