AZ

Bazardakı ətirlərin 99 faizi təhlükəlidir

Professor deyir ki, saxta parfümlər tənəffüs orqanlarını zədələyir

Dünya alimləri tez-tez və uzun müddət ətir qoxularına məruz qalmağın insan sağlamlığına ciddi ziyan vura biləcəyi barədə xəbərdarlıq ediblər. Mütəxəssislər bildirirlər ki, parfümlərin tərkibindəki bəzi kimyəvi maddələr həm sinir, həm də tənəffüs sistemi üçün təhlükə yaradır.
Harvard Tibb Məktəbinin apardığı araşdırmalara əsasən, sintetik ətirlərdəki uçucu birləşmələri beyin funksiyalarını zəiflədir, yaddaş problemlərinə və konsentrasiya çətinliklərinə səbəb olur. 
Bu maddələr eyni zamanda xroniki yorğunluq və baş ağrılarına yol aça bilər.
Dünya Səhiyyə Təşkilatı və Kanada Sağlamlıq Təşkilatı qeyd edir ki, parfüm qoxuları bronxial qıcıqlanma, astma tutmaları və uzunmüddətli nəfəs alma problemlərinə səbəb ola bilər. Qapalı məkanlarda bu təsirlər daha da güclənir.
Bununla yanaşı, Avropa Kimyəvi Agentliyinin (ECHA) yaydığı məlumatda bəzi ətirlərdə istifadə olunan ftalat və sintetik musk kimi maddələrin insanın hormonal balansını poza biləcəyi qeyd olunub. Bu isə reproduktiv sağlamlığa mənfi təsir göstərir.
Xüsusilə uşaqlar və körpələr üçün bu risk daha yüksəkdir. Amerika Pediatriya Akademiyası bildirir ki, güclü qoxulu ətirlər uşaqlarda yuxusuzluq, narahatlıq və hətta nəfəs tutmaları kimi hallar törədə bilər.
Alimlər insanları bu maddələrə qarşı daha diqqətli olmağa çağırır və ətir istifadəsində təbii və dermatoloji cəhətdən test edilmiş məhsullara üstünlük verilməsini tövsiyə edirlər. Həmçinin uzunmüddətli qapalı qoxulu mühitlərdən uzaq durmaq və otaqları tez-tez havalandırmaq məsləhət görülür.
Tanınmış əttar və parfümeriya mütəxəssisi Türkan Alixanovanın sözlərinə görə, insanlar ətir seçərkən onun təbii tərkibli olmasına diqqət yetirməlidir: "Ətir istifadə edərkən əsas məqsəd həm zövq almaq, həm də sağlamlıqdır. Lakin bazarda çoxlu sayda sintetik maddələrlə zəngin, bədənə və nəfəs yollarına zərər verən məhsullar mövcuddur. İnsanlar ətir seçərkən onun təbii tərkibli olmasına, allergik reaksiyalara səbəb olmamasına diqqət etməlidir. Xüsusilə çox ətir iyləmək, qoxu orqanlarını yormaqla yanaşı, bəzən ürəkbulanma, baş ağrısı və hətta yuxu pozuntularına səbəb ola bilər. Təbiilik və sadəlik ən yaxşı seçimdir. Hər zaman az, amma keyfiyyətli istifadə etmək məsləhətdir".
Mütəxəssislər, xüsusən zirzəmilərdə qablaşdırılan, "orijinal"ından heç nə ilə fərqlənməyən ətir qutularını və şüşələrini birmənalı şəkildə boykot etməyə çağırırlar. Ətirlərin orijinalı belə, zərərli olduğu halda, qeyri-steril şəraitdə, laborator analizlər olmadan hazırlanan saxta ətirlərin olduqca təhlükəli olduğunu deyən ekspertlər onların qarşısıalınmaz xəstəliklər yarada biləcəyini qeyd ediblər. 

Professor Adil Qeybulla da “Sherg.az”a açıqlamasında bildirib ki, ətirlərin tərkibindəki kimyəvi maddələr ağciyər xəstəliklərinə həssas olan insanlar üçün təhlükəlidir: 

“Tanınmış firmalardan olan ətirlərin hamısı xüsusi dermotoloji testlərdən keçir, onların tərkibi öyrənilir. Ətirlərin tərkibindəki efirlər təbii olmalıdır. Bu ətirlərin orqanizmə olan zərəri hərtərəfli öyrənilir və ona xüsusi sertifikat verilir. Amma hazırda xüsusi kompyuter proqramlarının köməyi ilə firma ətirlərinin iyini süni olaraq almaq mümkündür. Yaxud da həmin ətrin iyini verən müxtəlif kimyəvi maddələr istehsal olunur. Azərbaycan bazarında olan ətirlərin 99 faizi məhz bu gündədir və müxtəlif xəstəliklərə yol açır. Ona görə də bu ətirlərin orqanizmə ziyanı var. Dəriyə müxtəlif qıcıqlanma verirlər, dəri səthindən sovrulurlar və orqanizmdə müxtəlif xəstəliklər törədirlər”.

A. Qeybullanın sözlərinə görə, ətir və digər parfümeriya məhsullarında istifadə olunan aromatik maddələr, xüsusilə də sintetik mənşəli olanlar, tənəffüs yolları üçün müəyyən risklər daşıyır: 

“Bu maddələr allergik reaksiyalara, bronxial qıcıqlanmalara və hətta bəzi hallarda astma tutmalarına səbəb ola bilər. Xüsusilə tənəffüs sistemi zəif olan, allergiyaya meyilli və ya xroniki respirator xəstəliklərdən əziyyət çəkən şəxslər üçün bu cür məhsullar əlavə risk yaradır. Ətirin aerosol formasında istifadəsi – yəni sprey şəklində havaya püskürdülməsi – bu riskləri daha da artırır. Çünki həmin qoxulu hissəciklər nəfəs aldıqda birbaşa ağciyərlərə qədər gedə bilər. Bu, həm tənəffüs yollarının selikli qişasında qıcıqlanma yaradır, həm də mikrofloranın balansını poza bilər. Əgər bir şəxsin tənəffüs yolları allergik və ya kimyəvi təsirdən dolayı iltihablı vəziyyətdədirsə, bu, virus və bakteriyalara qarşı müqavimətin zəifləməsi ilə nəticələnə bilər. Beləliklə, ətraf mühitdəki infeksiyalara yoluxma riski də artır. Xüsusilə qapalı məkanlarda, ictimai nəqliyyatda və ya kollektiv iş yerlərində tünd ətirlərdən istifadə təkcə istifadəçiyə deyil, ətrafdakı digər insanlara da ziyan verə bilər. Bu səbəbdən həm şəxsi sağlamlıq, həm də ictimai gigiyena baxımından ətirlərin istifadəsində ehtiyatlı olmaq tövsiyə olunur".


Seçilən
8
2
sherg.az

10Mənbələr