AZ

Azərbaycan İrana strateji mesaj göndərdi - RƏY

 Ekspert: “Azərbaycan İranda yaşayan soydaşlarının təhlükəsizliyini ön planda tutur”

 “Bakı, cənubdakı soydaşlarımızın gələcəyini düşünən yeganə mərkəzdir”

İsraillə İran arasında münaqişə hər iki tərəfdə mülki obyektlərə və mülki şəxslərə də böyük zərər vurur. İsrailin hərbi əməliyyatları İranda azərbaycanlıların yaşadığı əraziləri də əhatə edir. Təbriz və Ərdəbil yaxınlığında hərbi obyektlərin vurulması da müşahidə olunur. Belə olduqda, yerli əhali arasında itkilər və sosial infrastrukturun dağıdılması halları qaçılmaz hala gəlir. Yayılan məlumatlara görə, Azərbaycan tərəfi müxtəlif kanallarla İsrail rəhbərliyinə İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı mesaj göndərib. Ekspertlərin sözlərinə görə, bu cür mesajlar rəsmi şəkildə açıqlanmır, çünki Cənubi Azərbaycan rəsmi olaraq İran ərazisi, oradakı soydaşlarımız İran vətəndaşıdır. O səbəbdən Azərbaycanın bunu rəsmi şəkildə dilə gətirməsi birmənalı qarşılanmaya bilər. 

Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan bununla müharibənin getdiyi ərazilərdəki soydaşlarının təhlükəsizliyini düşündüyünü, mövcud şərtlərdə bunun üçün əlindən gələni etdiyini göstərir. Ekspert vurğulayıb ki, bu, İranda "İsrail təyyarələri Azərbaycanın yanacağı ilə Təbrizi bombalayır" iddialarına qarşı vaxtında verilmiş mesajdır:

 "İran rejimi bu cür iddialarla Bakı-Təbriz xəttində nifaq yaratmaq və azərbaycanlıların öz talelərini Arazın bu tayına bağlamaq perspektivinin qarşısını almaq niyyətindədir. Bakı isə Təl-Əvivə mesaj göndərməklə adekvat cavab verir. Həmçinin, Arazın o tayındakı soydaşlarımıza Tehranın edə bilmədiyini etdiyini, onların təhlükəsizliyini qorumağa çalışdığını çatdırır. Burada İranda hadisələrin mümkün inkişaf perspektivləri - rejimin dəyişməsi, cənubdakı soydaşlarımızın azadlıq, yaxud ən azı muxtariyyət imkanlarının yarana biləcəyi də görünür. Bakı bu mesajla İrandakı soydaşlarımızın gələcəyini düşünən yeganə tərəf olduğunu sərgiləyir".



Seçilən
20
sherg.az

1Mənbələr