AZ

İranın nüvə obyektləri ancaq bu silahla məhv edilə bilər

İsrailin İrana qarşı başlatdığı hərbi kampaniyanın məqsədlərindən biri Tehranın nüvə silahı əldə etməsinə mane olmaqdır. Bunun üçün ölkənin müxtəlif şəhərlərində yerləşən nüvə obyektləri hədəfə alınıb.

Modern.az-ın məlumatına görə, İranın yeraltı nüvə obyektlərini vurmaq üçün nəzərdə tutulmuş ən güclü bombalardan biri ABŞ istehsalı olan GBU-57A/B "Massive Ordnance Penetrator" (MOP) raketləridir. Bu silah hazırda yalnız Amerika ordusunun arsenalında var və indiyədək döyüşdə istifadə olunmayıb.

MOP dünyanın ən böyük qeyri-nüvə “bunker dələn” bombası hesab edilir. Çəkisi 13 min 600 kiloqram olan yüksək dəqiqlikli idarəolunan silah dağların altında yerləşən nüvə komplekslərini, xüsusilə "Fordo" kimi obyektləri məhv edə biləcək gücə malikdir.

Ancaq hazırda ABŞ İsrailin bu bombaya çıxışına icazə verməyib.

6 metr uzunluğunda olan MOP yerin təxminən 61 metr dərinliyinə nüfuz edə bilir. Eyni hədəfə ardıcıl bir neçə belə bomba atıldıqda bu məsafə daha da arta bilər.

Silah "Boeing" tərəfindən istehsal olunub və yalnız ABŞ-ın "B-2 Spirit" adlı bombardmançı təyyarəsi tərəfindən daşımaq üçün proqramlaşdırılıb.

"B-2 Spirit" 18 min kiloqram yük qaldırma qabiliyyətinə malikdir və iki belə bombanı eyni anda daşıya bilir. Yanacaq doldurmadan 11 min km, bir dəfə doldurmaqla isə 18,5 min km məsafəyə uça bilir - bu da dünyada istənilən nöqtəyə bir neçə saat ərzində çatmağa imkan verir.

Qeyd edək ki, "Fordo" nüvə kompleksi Tehrandan 95 km cənub-qərbdə, Qum şəhəri yaxınlığında dağın altına yerləşdirilib. Obyektin təxminən 80 metr dərinlikdə yerləşdiyi və güclü hava hücumundan müdafiə sistemləri ilə qorunduğu bildirilir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, "Fordo"da silah səviyyəsinə yaxın (83,7%) zənginləşdirilmiş uran izləri aşkarlanıb. Bu isə nüvə silahı istehsalı üçün ciddi risk yaradır.

Ekspertlərə görə, İsrailin öz arsenalında bu gücdə sığınacaq dağıda bilən bomba yoxdur. ABŞ isə belə bir əməliyyatı yalnız öz nəzarətində həyata keçirə bilər. Bradford Universitetinin professoru Paul Rogers deyir ki, ABŞ-da bu bombanın 10-20 ədəd arasında məhdud sayda istehsal olunduğu ehtimal edilir.

ABŞ Prezidenti Donald Trampın bu bombanın istifadəsinə dair yekun qərarı verib-verməyəcəyi hələlik bəlli deyil. İsrail isə "Fordo" obyektinin sıradan çıxarılmasının əsas prioritetlərindən biri olduğunu açıq şəkildə bəyan edir.

Ekspertlər bildirirlər ki, "Fordo" fəaliyyət göstərdikcə İranın qısa müddətdə nüvə silahı istehsal etmək riski qalacaq.

Bununla belə, MOP bombası belə istifadə olunsa belə, onun uğurla hədəfi məhv edəcəyinə dair tam zəmanət yoxdur. İranın obyektlərinin tam olaraq nə qədər dərində və necə müdafiə olunduğu hələ dəqiq məlum deyil.

Seçilən
5
2
modern.az

3Mənbələr