AZ

AİB Azərbaycanın Orta Dəhliz səylərini dəstəkləyir

Asiya İnkişaf Bankının (AİB) Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti İnmin Yan Bakı səfəri çərçivəsində Azərbaycanın hökumət nümayəndələri ilə keçirdiyi görüşlərdə respublikamızın regional əlaqələrin, eləcə də ticarətin inkişafında mühüm rol oynadığını, Asiya və Avropa arasında vacib körpü olduğunu bildirib.

O, eyni zamanda, AİB-nin Azərbaycanın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramında fəal iştirakını alqışladığını və ölkəmizin Orta Dəhliz və Xəzər “Yaşıl” Enerji Dəhlizi təşəbbüslərinin gerçəkləşdirilməsi istiqamətində fəallığını dəstəklədiyini vurğulayıb. Görüşlər zamanı vitse-prezident Azərbaycanda iqtisadi artım perspektivlərini müzakirə edərək maliyyə sektoru və kapital bazarının inkişafı, özəl sektorun iştirakının genişləndirilməsi, regional əməkdaşlığın möhkəmləndirilməsi və rəqəmsal keçidə diqqət çəkib. AİB rəsmisi energetika, nəqliyyat, su təchizatı və kənd təsərrüfatı sahələrində əsas layihələrin iqtisadiyyatın şaxələndirilməsi və karbohidrogenlərdən asılılığın azaldılması baxımından əhəmiyyətini vurğulayıb. Bundan başqa son illər AİB-nin özəl sektorun maliyyələşdirilməsi vasitəsilə Azərbaycanda günəş enerjisinin inkişafına da fəal şəkildə sərmayə qoyduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildə AİB-yə qoşulduğu vaxtdan bəri dövlət və özəl sektorları əhatə edən 145 layihə çərçivəsində nəqliyyat, energetika, dövlət sektorunun idarə olunması, səhiyyə, kənd təsərrüfatı və ticarətin maliyyələşdirilməsi sahələrində, ümumilikdə, 4,4 milyard ABŞ dolları məbləğində maddi dəstək alıb.

Hazırda dünya üzrə enerji, ticarət və nəqliyyat sistemlərində baş verən dəyişikliklər beynəlxalq logistik dəhlizlərin əhəmiyyətini daha da artırıb. Bu kontekstdə Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) artıq Avropa ilə Asiya arasında strateji bir körpü rolunu oynamağa başlayıb.

Azərbaycanın coğrafi mövqeyi isə bu dəhlizin əsas halqalarından biri olmasını təmin edir. Bu səbəbdən ölkəmizin Orta Dəhlizin inkişafı istiqamətində atdığı addımlar beynəlxalq maliyyə institutlarının, xüsusən də AİB-nin diqqət mərkəzindədir.

Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa istiqamətini əhatə edən multimodal nəqliyyat yoludur. Bu dəhliz Şimal və Cənub marşrutları ilə müqayisədə daha qısa və təhlükəsiz bir marşrut təklif edir. Regional və qlobal ticarət axınlarını sürətləndirməklə yanaşı, Orta Dəhliz ölkələrin iqtisadi inteqrasiyasını və logistika potensialını da artırır.

Azərbaycan Orta Dəhlizin əsas tranzit ölkəsi olaraq, infrastrukturun modernləşdirilməsi, rəqəmsallaşdırma və gömrük prosedurlarının sadələşdirilməsi kimi sahələrdə ciddi islahatlar həyata keçirir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı – Tbilisi – Qars dəmir yolu və “Bir pəncərə” sistemləri kimi layihələr bu strategiyanın əsas komponentləridir. Bu təşəbbüslər Azərbaycanın regionda nəqliyyat qovşağına çevrilməsinə əlverişli şərait yaradır.

AİB uzun illərdir ki, Azərbaycanda enerji, nəqliyyat və sosial sahələrdə mühüm layihələrə maliyyə dəstəyi göstərir. Bank Orta Dəhlizlə bağlı infrastrukturun genişləndirilməsi və modernləşdirilməsinə yönələn layihələrdə də fəal iştirak edir. AİB, həmçinin regionda “yaşıl” və davamlı nəqliyyat sistemlərinin qurulmasına önəm verir.

Son dövrlərdə AİB ilə Azərbaycan hökuməti arasında aparılan danışıqlarda Orta Dəhlizin tranzit imkanlarının artırılması, dəhliz boyunca rəqəmsal inteqrasiyanın gücləndirilməsi və ekoloji dayanıqlığın təmin edilməsi məsələləri xüsusi yer tutur. AİB nümayəndələri tərəfindən verilən açıqlamalarda Azərbaycanın bu istiqamətdə göstərdiyi səylər yüksək qiymətləndirilir.

AİB-in dəstəyi ilə həyata keçirilən bəzi layihələrə dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi, Xəzər dənizində liman imkanlarının artırılması və dəhliz boyunca dayanıqlı logistika mərkəzlərinin yaradılması daxildir. Bu layihələr Orta Dəhliz üzərindən daşınan yüklərin həcmini artırmaqla yanaşı, regional iqtisadi artımı da stimullaşdıracaq.

Bankın gələcəkdə Azərbaycanın Orta Dəhlizlə bağlı yeni təşəbbüslərinə texniki və maliyyə dəstəyi göstərməsi gözlənilir. Bu isə nəinki respublikamızın mövqeyini gücləndirəcək, həm də, ümumilikdə, regionda sülh, əməkdaşlıq və iqtisadi sabitliyə töhfə verəcək.

Orta Dəhliz XXI əsrin vacib nəqliyyat arteriyalarından birinə çevrilməkdədir. Azərbaycanın bu dəhlizin inkişafına verdiyi töhfə həm milli maraqlara, həm də regional əməkdaşlığa xidmət edir. AİB-nin bu səyləri dəstəkləməsi isə beynəlxalq tərəfdaşlığın nümunəsi olaraq mühüm əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələr təkcə Azərbaycanın deyil, bütün Avrasiya regionunun iqtisadi gələcəyinə müsbət təsir göstərəcək.

Vaqif BAYRAMOV
XQ

Seçilən
9
1
xalqqazeti.az

2Mənbələr