AZ

Sükutun içində çırpınan səs... - Hüquq

18 iyun – Milli İnsan Hüquqları Günüdür...

Bəzən həyat bizə yalnız faktları danışır.

Amma insan təkcə fakt deyil.

İnsan – hissdir. İnsan – kimsəsizliyin içində eşidilmək istəyən bir səsdir. Və bu səsin adı var: Hüquq.

Hüquq, sadəcə bir sistem deyil. O, insanın göz yaşına toxunmadan, onu anlamağa çalışan təbəssümsüz bir şəfqətdir.

Hüquq – biz çarəsiz olanda, boynumuza alın yazısı kimi yazılan “sən dəyərlisən” cümləsidir.

O, səssiz anaların gözlərində ümid, müharibə uşağının göz yaşında gələcəkdir.

Bəli, bəzən deyirlər: “Dünyada ədalət yoxdur.”

Və mən bu sözləri təkzib etmirəm...

Çünki mən də o anaları görmüşəm – oğlunun şəkli boynunda, özü qaranlıqda.

Mən də o qızları görmüşəm – azadlıq istəyən, amma divar kimi səssizliklə qarşılaşan.

Mən də o susmuş xalqları tanıyıram – danışmaq istəyən, amma dilləri yandırılmış.

Ancaq... baxın... Hüquq yenə də var.

Hüquq – bu susqunluğun içindən doğan müqavimətdir.

Əgər ədalət olmasaydı, bu qədər insan hələ də onu niyə axtarsın?

Əgər hüquq ölmüş olsaydı, bu qədər qəlb niyə onun üçün çırpınsın?

Hüququn böhranı – onun yoxluğu deyil, onun unudulmasıdır.

Amma biz unutmuruq.

Çünki biz bir insanın təbəssümündə dünyanı dəyişəcək gücü görürük.

Biz bilirik: Hüquq, insanın məğlub olduğu anda belə ləyaqətini itirməməsi üçün mövcuddur.

Bu gün – 18 iyun qovrulan bir gündə anidən əsən sərin meh kimidir.

Bu gün biz özümüzə xatırladırıq:

“Ədalət gecikir, amma susmur”.

“Hüquq susur, amma ölmür”.

“İnsan yıxılır, amma hüquq onu qaldırmaq üçün vardır”.

Hüquq – insanın içindəki Tanrı nəfəsidir.

Hüquq – dilini itirmiş bir xalqın səssiz duasıdır.

Hüquq – zəncirlənmiş bir qəlbin içindən gələn azadlıq fəryadıdır.

Əgər hüquq varsa, deməli, ümid var.

Əgər hüquq varsa, deməli, insan hələ də insandır.

Əgər hüquq varsa, deməli, biz buradayıq.

Qəlblər susur, hüquq danışır.

Dünya kütləşir, hüquq hələ də şəfqət axtarır.

Və nə qədər ki, bir insan var, onun yanında hüquq da olacaq.

David Seliverstov

Magen David Azərbaycan - İnsan Hüquqları müdafiəsi və xeyriyyə cəmiyyətinin sədri, Ümum İsrail Qafqaz Yəhudiləri Asossasiyasinin Azərbaycan nümayəndəliyinin sədri


Seçilən
6
1
qafqazinfo.az

2Mənbələr