“ Yaşıl cənnətdəki 4 Ballıca: "Ballı məkan"dan REPORTAJ” məqaləmin davamı ilə maraqlananlara Ballıca ilə bağlı növbəti məqaləmi təqdim edirəm:
Yurda dönən ballıcalıların sevinci
Ballıca kəndi 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev dərhal Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpasını başlatdı.
İşlər o qədər sürətlə getdi ki, artıq 13 dekabr 2024-cü ildə ilk ballıcalılardan ibarət ilk köç yurda döndü. İlk mərhələdə 27 ailə - 152 nəfər ! İkinci mərhələ isə bu il aprelin 21-də 83 nəfərdən ibarət 21 ailəyə mənzillərin açarları təqdim edildi.
Sonrakı mərhələdə 8 ailə (29 nəfər) və nəhayət biz Ballıcanın ara yollarını, küçələrini ələk -vələk edərkən öyrəndik ki, Xocalı rayonunun Ballıca kəndində artıq 180 ailə yəni 840 nəfər sakin yaşayır.
Ballıca Azərbaycan ordusu tərəfindən işğaldan azad olunarkən, eyni zamanda düşmən işğalı altında olarkən çəkilən fotolarla tanış olmuşdum. İşğalın əvvəlindən sonuna təmir, bərpa görməyən, yollarda, yolağalarda, evlərdə, barılarda cansığıcı, göz yoran, qüssə, möhnət dolu bir görkəm vardı. İşğalçılar dəqiq bilirdilər ki, yurd sahibləri nə vaxtsa gələcək öz evinə yiyələnəcəklər. Odur ki, talandan, qarətdən başı açılıb, abadlıq işlərinə vaxt tapmayıblar.
Yol yoldaşım , məqamı uca şəhidimiz Xalid Hassanın anası Maya Quliyeva ilə indi o yolları tin-tin gəzirik. Yolara asfalt döşənib, mağazalar, iaişə obyektləri , evlər, hasarlar əsaslı təmir olub.Hətta Prezident İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub. Bəyənib. Sakinlərin də bununla bağlı fikirlərini öyrənib.
Gəzə -gəzə gəlib bir qırmızı lentlərlə bəzənmiş bir darvazaya çatdıq. Maya xanım qapının qarşısına düzülmüş uşaqları sorğu- sual etməyə başlayır:
-Adınız nədir, neçənci sinifdə oxuyursunuz, kim əlaçıdır? Uşaqlar, bu evdə toy olacaq, ya olub?
Yaşca balaca hamıdan əvvəl cavab verdi ki, “savax toy oldu”. Bir az böyük isə onun səhvini düzəltdi:Ə, dünən oldu eeyy.
- İndi, biz evə gələ bilərik ?
Balaca yenə hamıdan cəld tərpəndi:Day toy yoxdu , nə gəlirsiniz?
Gülə-gülə yolumuza davam edirik.
Bilirsiniz diqqətimi ən çox çəkən nə oldu? Bütün evlərdən bayrağımız dalğalanırdı. Yaşıllıqlar içərisində ağğappaq evlər birdə üçrəngli bayrağımız! Dərəli-təpəli asvalt yollarla kəndin bütün istiqamətlərini gəzdik. Ərazi bir kənd üçün böyük idi. Bilmirəm nə qədər realdır, amma erməni mənbələrdə ərazi 881,65 kvm göstərilir.
Gəlib çıxdıq bir həyətə. Bizi elə həyətin qarşısında Əzimova Sevil xanım qarşılayır. Yox , buna qarşılayır demək olmaz! Sanki ən doğma adamlarını uzun həsrətdən sonra görüb.
Gülər üz, mehriban münasibət bizi müttəəssir etdi. Demək olar ki, yarı xoş, yarı zor bizi öz evinə dəvət etdi. Getmədik, elə yaşıllığa bürünmüş həyətdə ortada qoyulmuş böyük stolun ətrafına komalaşdıq. Həyətə girəndə ilk gözümüzə görünən o idi ki, Sevil xanımın dirriyində, bostanında məhsul bolluğudur.
Başladıq Sevil xanımla tanışlığa: Biz elə Ballıcalıyıq. Burda doğulmuşuq, burda böyümüşük.Bu ev bizim dədə-babadan qalan evimizdir. Sonra mənfur ermənilər bizi yurdumuzdan didərgin saldılar. 1992-ci ilin qanlı fevral ayında həyatımızın ən ağır gününü yaşamışıq. O ağrı-acı 33 il bizi tərk etməyib. Oğuza, oradan Goranbaya – Ağcakəndə köç etmişik”.
Qara bulud kimi dolan gözləri uzaqlara zillənir. Anlayırıq ki, sualımız onu həmin o müdhiş gecəyə aparıb, o ağrı-acını, dəhşəti yenidən yaşayır.
Söhbəti dəyişirik: "Sevil xanım nə işlə məşğulsunuz?"
- Bax bu yaşıl baxçamızda kətə (göy qutabı-red-ƏR) bişirib satırıq, ürəyi Ballıca çayı, Ballıca kətəsi istəyənlərə xidmət edirik. Stolları da qoymuşuq ağacların altına... Hələ büllbüllərin səsinə baxın. Sən Allah, bekar durmayın, gilənar yeyin, tuta qonaq olun, bağ-bağçamızla tanış olun, mən də sizə kətə bişirim.
Üzünü evə tutub: Bacı, ordan çay dəsgahı hazırla gətir...
Maya xanımla “ilişdik” meyvələrə... Gilənardan (vişnə- albalı- red-ƏR) sonra tut ağacının “qanad"ını əyib şirin-şirin tut yeməyə başladıq. Tut ağacı çəpərin lap dibində əkilmişdi. Birdən elə bil kimsə dedi ki, çəpərin dibinə bax, oradan sənə boylananı gör... “Qızıl ilan”deyib, qışqırıb kənara atlanmağımla, Sevil xanımın təsəllisi üst-üstə düşdü:Qorxma, qorxma, koramaldı , zəhərli deyil...”
( Nə qorxma? Ölmüşəm götürən yoxdu)
Digər stollarda əyləşmiş qonaqlar da bizi diqqətlə izləyirdi, arabir öz ayaqlarının da altına baxırdılar.
Nəyisə ki, Sevil xanımın qonaqpərvərliyi, canfəşanlığı bir az bizi sakitləşdirdi, amma süfrəyə simovar çayı və sacda bişmiş , nehrə yağlı sumaqlı- istiotlu , dadlı göy qutabı gələndən sonra sapsarı “qızıl ilan”ı unutdum. Gözümü açandan göy qutabı yeyirəm, amma and içərəm ki, ilk dəfədir ki, əlimə belə dadlı kətə keçib. Yolu Qarabağa- Ballıcaya düşən mütləq gəlib bu kətənin dadına baxsın!
Sevil xanımla yenidən söhbətə başlayırıq: Qardaşım Teymur da bir vaxtlar mətbuatda çalışıb. Sizin qəzetinizdə- “Ədalət”də bir ay işləyib. Sonra öz ixtisasının dalınca düşüb. Müəllimdir.
Sevil xanım bayaq bizə çay gətirən xanıma üzünü tutdu: Gör Teymur hardadır, de bura gəlsin, qonaqlarımız var...
Gəldi. Teymur Əzimovu görən kimi tanıdım. Prezident Ballıcaya səfər edəndə onunla da həmsöhbət olmuşdu. Mediada izləmişdim. Salamlaşdıq, hal-xoş etdik.
- Sizin üçün ən xoşbəxt gün hansı gündür?
Teymur müəllim duruxur: Əvvəlcə, bizi bu xoşbəxt günlərə çatdıran şəhidlərimizin ruhu şad, məkanı cənnət olsun, Qazilərimizə can sağlığı, Azərbaycan Ordusuna isə daim qələbə arzulayıram. Allah Ali Baş Komandana uzun ömür, can sağlığı versin! 2020-ci ildən üzü bəri xoşbəxt anlar yaşayırıq, qələbələr (2020-2023) , ermənilərin və Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi, bayquşların darmadağın etdiyi obalarımızıda yenidən tikinti-quruculuq işlərinin başlanması, Ballıcaya köçməyimiz sanki “Min bir gecə” nağılıdır: Hər gün axşamlar Ballıcanı başdan ayağa piyada gəzirəm. Mən çox darıxmışdım.
Doğma yurdumu gəzərkən, belə, bəzən bunun yuxu olduğunu düşünüb qorxuram. Amma şükür, bu reallıqdır!Bundan sonra ölsəm belə daha dərdim, qəmim olmaz. Bir də məktəbli ikən tərk etdiyim doğma məktəbimizə müəllim kimi dönməyim... ömrümün ən əlçatmaz arzusunun reallaşdığı anlar çoxdu. Lap elə Novruz bayramını yurdumuzda qeyd etməyimiz... Hər biri bir möcüzədir. Uşaqlığım keçən evimizə, həyətimizə hər dəfə daxil olanda sevincimin həddi-hududu olmur. 33 ildən sonra doğma ocaqdayam.
Əzimovlar ailəsi ilə sağollaşıb, yenə düşürük Ballıcanın dağına -dərəsinə, asfaltlanmış, hamarlanmış, tumarlanmış yollarına ! Kənd məni elə valeh edib ki, heç maşına tərəf addımlamaq istəmirəm. Amma getməliyəm, çünki Maya xanım söz verib, məni məşhur Daşaltıya aparacaqdı! Dönüb göz dolusu, yaşıllıqlar içərisindəki “ballı məkan” bir də diqqətlə, sevgi ilə baxıb”mən qaıdacacağam” deyirəm. Yolumuz isə Daşaltıyadır.
Əntiqə Rəşid