Ölkəmiz uzun illər işğalçılıq və etnik təmizləmə siyasətinə məruz qalmaqla yanaşı, bu siyasətin yaratmış olduğu humanitar fəsadlardan hələ də əziyyət çəkir.
Day.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bu gün keçirilən "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu" mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunda çıxış edərkən deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə mövcud mina problemi insanların təhlükəsiz yaşamaq hüququna ciddi təhdidlər yaradır, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışına, bu ərazilərdə aparılan bərpa-quruculuq işlərinə əngəl törədir, regionda ekoloji tarazlığın pozulmasına səbəb olur.
"Bu baxımdan, münaqişə və postmünaqişə dövründə insan hüquq və azadlıqlarının müdafiəsi, münaqişədən zərər çəkmiş şəxslərin hüquqlarının təmin olunması vəziyyəti, habelə təbii resursların talan edilməsi və mina problemi barədə tərəfimizdən beynəlxalq ictimaiyyətin məlumatlandırılması üzrə həyata keçirdiyimiz fəaliyyətixüsusi vurğulamaq istərdim.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin "Sülh, ədalət və səmərəli institutlar" adlı 16-cı məqsədində qanunun aliliyinin təmin edilməsi, ayrı-seçkiliyə yol verməyən qanunların və siyasətlərin təşviqi əsas hədəflər sırasında yer alır".
Səbinə Əliyeva vurğulayıb ki, qeyd olunan kontekstdə də, ombudsman və milli insan hüquqları təsisatlarının fəaliyyəti olduqca əhəmiyyətlidir.
"Bu təsisatlaryalnız hüquq pozuntularının araşdırılmasında deyil, həm də qanunun aliliyinin təşviqi, hüquqi maarifləndirmə və hüquq mədəniyyətinin gücləndirilməsi istiqamətində preventiv və sistemli fəaliyyətləri ilə mühüm rol oynayırlar.
Qeyd edim ki, Konstitusiya Qanununa edilən son dəyişikliyə əsasən Azərbaycan Ombudsmanın bərabərlik hüququnun, uşaq hüquqlarının və əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi funksiyası təsbit olunmuşdur ki, bu da insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və birgə əməkdaşlığımız üçün yeni imkanlar yaradır"- deyə o əlavə edib.