AZ

Turanın eşqinə, türkün eşqinə...

Turkstan.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Fəxri Müslüm

Turanın eşqinə, türkün eşqinə

Yovşanlı çöllərin qulağı səsdə,

Bu elin obanın yaylağı səsdə,

Hər dağda, dərədə bulağı səsdə,

Turanın eşqinə, türkün eşqinə.

Daş abidələrin alnı danışar,

Ot basmış izlərin halı danışar,

Göydəmir atların nalı danışar,

Turanın eşqinə, türkün eşqinə.

Yalquzaq ulayıb hay salar göyə,

Öz dilində şərqi, söz deyə-deyə,

Qışı boşa verib, bel bağlar yaya,

Turanın eşqinə, türkün eşqinə.

Mərdlər toy-düyünlə cəngə göz tikər,

Sanki yaddaşlara dastan, söz tikər,

Neçə qalaları birə, yüz tikər

Turanın eşqinə, türkün eşqinə.

Dəryada dəlisov dalğa boy verər,

Səma haray verər, sahil hoy verər,

Diləyə, istəyə, sanki pay verər,

Turanın eşqinə, türkün eşqinə.

Ümid Savalandan, Ağrıdan keçər,

Hələ də, künədən, sağrıdan keçər,

Biraz acımızdan, ağrıdan keçər,

Turanın eşqinə, türkün eşqinə.

Bulaqlar eşqini yaza daşıyar,

Ocaqlar eşqini közə daşıyar,

Kür, Araz dağ-daşa, düzə daşıyar,

Turanın eşqinə, türkün eşqinə.

Küləyin ucunda yarpaq oynayar,

Ya aylı, ulduzlu bayraq oynayar,

Üstdə şəhidlərin qanı qaynayar,

Turanın eşqinə, türkün eşqinə.

Tarlalar yağışdan dənə daşınar,

Yaylağı, yaylımı günə daşınar,

Dağ-dərə hallanıb çənə daşınar,

Turanın eşqinə, türkün eşqinə.

Fatehlər irs qoyub, söz qoyub getdi,

Neçə ocaqlara köz qoyub getdi,

Könlümüzə bahar, yaz qoyub getdi,

Turanın eşqinə, türkün eşqinə.

Yovşanlı çöllərin qulağı səsdə,

Bu elin obanın yaylağı səsdə,

Hər dağda, dərəd bulağı səsdə,

Turanın eşqinə, türkün eşqinə.

22.01.25

Gəldi

Nə yaxşı, bir dərviş ömrü yaşadıq,

Havası bayırdan, çöllərdən gəldi.

Vurulduq al-əlvan yamaca biraz,

Davası-dərmanı güllərdən gəldi.

Buluda qoşulduq, çənə qoşulduq,

Tarlada cücərən dənə qoşulduq,

Qürubda günəşə, günə qoşulduq,

Sədası gümüşü tellərdən gəldi.

Canı səma çəkdi, göyləri çəkdi,

Gizlin odaları, öyləri çəkdi,

Könülə şam kimi, ayları çəkdi,

Ruha da güc-qanad,

Oxuyan küləkdən, yellərdən gəldi.

Yörük türküləri kövrəltdi bizi,

Özə-özümüzə yönəltdi bizi,

Qurulan Turana dövr etdi bizi,

Bu qürur, bu inam,

Ulu elatımdan, ellərdən gəldi.

Yer aldıq hər öndə, səfdə, durumda,

Dəyişdik zamanı yolda, yorumda,

Tanrı dağa çatan,

Hər milli marşım da, milli xorum da,

Bulaqtək qaynayan sellərdən gəldi.

Nə yaxşı, bir dərviş ömrü yaşadıq,

Havası bayırdan, çöllərdən gəldi.

Vurulduq al-əlvan yamaca biraz,

Davası-dərmanı güllərdən gəldi.

09.01.25.

Havalansın

Deyəsən bu ura, o uradan döy,

Hər ürək başında söz havalansın.

İndi səhərlər də, o səhərdən döy,

Külünün altında köz havalansın.

Ağartsa da yerin, yurdun üzünü,

Hələ bərkitməyib qış da dizini,

Dartıbdı zirvədə tar da özünü,

Sel-suya dönməmiş,

Hansı aran-dağla yaz havalansın?

Çillə cəhrə əyrib, yumaq yumayır,

Qurdun yuvasında yamaq yamayır,

Tülkülər meydanda elə qaynayır,

Burda hansı könül, üz havalansın?

Yağışın çöllərdə bəstəsi çəkir,

Sanki ordumuzun marş səsi çəkir,

Göydəmir atların dəstəsi çəkir,

Gözmü var götürə,

Nalından od qopsun, iz havalansın!?

Gözün görə-görə yaddaş silinir,

Buxarı başından

Səni qıra-qıra, bardaş silinir,

Min illik qalandan hər daş silinir,

Yol ha qoymadılar,

Güneydə Savalan, Bəz1 havalansın?

Deyəsən bu ura, o uradan döy,

Hər ürək başında söz havalansın.

İndi səhərlər də, o səhərdən döy,

Külünün altında köz havalansın.

*Bəz1-Babək Xürrəminin Bəz qalası

Gözlər

Divanı toplayıb, toyu toplayıb,

Hələbin türkləri Təbrizi, gözlər.

Ruhu qanadlanıb Alparslan şahın,

Göydəmir atıyla

Xırmana çəkdiyi vər izi, gözlər.

Min ildi Hələbdə,

Neçə bəlalara, neçə də, aha,

Türbəsi şahiddi Süleyman şahın,

Ucalar sancağı göylərə yaxın,

Aylı, ya ulduzlu hər üzü, gözlər.

Güney toparlanıb bir himə bənddi,

Yüz ildi könlündə

Sızlayan bir telə, bir simə bənddi,

Arada bir çay var, sərhəddi, səddi,

Haqqı, ədaləti, ya düzü, gözlər.

Kərkük, Bayırbucaq darıxar orda,

Bir teroror əlindən,

Tərs düşən mərmidən karıxar orda,

Nə yaxşı hələ də,

Payızdan meh tutar, nur yağar orda,

Bu daşın-torpağın hər izi, gözlər.

Umuda, istəyə varıb durarıq,

Hələ neçə cığır, yolu yorarıq,

Yönü Tanrı dağa,

Nə yaxşı, Türküstan, Turan qurarıq,

Bunları göy üzü, yer üzü, gözlər.

Divanı toplayıb, toyu toplayıb,

Hələbin türkləri Təbrizi, gözlər.

Ruhu qanadlanıb Alparslan şahın,

Göydəmir atıyla

Xırmana çəkdiyi vər izi, gözlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
icma.az

2Mənbələr