AZ

"İsrail və İran arasında hərbi qarşıdurma: Üstünlük kimdədir və müharibə nə ilə nəticələnə bilər?" - BBC

 
"İsrailin yüksək texnologiyalı ordusu və ABŞ dəstəyi onu irəli çıxarsa da, İranın ballistik raket gücü və regional təsir dairəsi ciddi təhlükə mənbəyi olaraq qalır..."
 
İlk baxışda İsrail ilə İran arasında münaqişədə qüvvələr nisbəti əsla bərabər görünmür: 9 milyon əhalisi olan ölkə Yaxış Şərqdə 88 milyon əhalisi olan nəhəng ölkə ilə döyüşür.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Texnologiyada üstünlük İsrailin tərəfindədir
 
İsrailin hərbi arsenalı əsasən ABŞ tərəfindən təmin olunan yüksək texnologiyalı silah və avadanlıqlarla təchiz olunub. ABŞ istehsalı olan beşinci nəsil F-35 döyüş təyyarələri, idarə olunan bombalar və "dərin zərbə" qabiliyyətinə malik silahlar sayəsində İsrail artıq Tehran üzərində hava məkanına nəzarət etdiyini iddia edir.
 
İranın köhnəlmiş qırıcıları praktik olaraq havaya qalxa bilmir. Ən müasir hava hücumundan müdafiə sistemləri, o cümlədən Tusiya  istehsalı olan S-300 kompleksləri oktyabr ayında İsrailin uzaqdan zərbələri ilə sıradan çıxarılıb. Bundan əlavə, "Mossad" agentləri İranda gizli şəkildə yerləşdirilmiş dronlarla bir çox HHM sistemlərini məhv edib.
 
İsrailin bu mərhələyə qədər apardığı hücumlar nəticəsində İranın hərbi rəhbərliyində itkilər olub, bu isə onun hərbi qərarvermə və cavabvermə qabiliyyətini zəiflədib.
 
İranın cavab zərbələri azalsa da, tamamilə yox olmayıb
 
İsrailin hücumlarından əvvəl İran, ABŞ Müdafiə Nazirliyinin təhlilinə əsasən, Yaxın Şərqdə ən iri ballistik raket arsenalına sahib olub - söhbət təxminən 2 minlə 3 min arasında dəyişən raket sayından gedir. Bu arsenalın bir hissəsi, o cümlədən raket zavodları və buraxılış qurğuları artıq İsrailin zərbələri ilə məhv edilib.
 
Buna baxmayaraq, İran İsrailə qarşı bir neçə mərhələli raket hücumu təşkil etməyi bacarıb. Bu raketlərdən bir neçəsi İsrailin inkişaf etmiş hava müdafiə sistemlərini dəf edərək hədəfə çatıb. Beləliklə, İranın raket proqramı ciddi zərbə alsa da, tam məhv edilməyib və İsrail üçün əsas təhlükə olaraq qalır.
 
İranın malik olduğu qısamənzilli hava hücumundan müdafiə sistemləri də hələlik fəaliyyətdədir və bu, İsrailin hava üstünlüyünü tam təmin etməsinə mane olur. Britaniya Kral Müdafiə Tədqiqatları İnstitutunun eksperti Castin Brankoya görə, İsrail Tehranın hava məkanına nəzarət etsə də, bu, havada tam hökmranlıq demək deyil.
 
İranın müttəfiqləri zəifləyib, amma təhlükə hələ də qalır
 
İran uzun illərdir ki, regionda öz təsirini genişləndirmək üçün silahlı qruplaşmalara,  əsasən HƏMAS və "Hizbullah"a dəstək verir. Bu qruplaşmalara silah, texnologiya və təlim yardımı göstərilib. Lakin İsrailin son iki ildə həyata keçirdiyi hərbi əməliyyatlar bu qrupların döyüş qabiliyyətini xeyli zəiflədib.
 
HƏMAS demək olar ki, məhv edilib. "Hizbullah" isə İsrailin İranı birbaşa vurmasına reaksiya verməyərək özünün nə qədər zəiflədiyini nümayiş etdirb. Yeganə aktiv təhdid hələ ki, Yəməndən fəaliyyət göstərən husilərdir. Onlar bu ilin əvvəlində ABŞ-ın hava zərbələrindən sağ çıxaraq "Reaper" dronlarını qısamənzilli raketlərlə vurmağı bacarıb.
 
Qərbin maraqları risk altındadır: müharibə genişlənə bilər
 
İranın münaqişəni regional çərçivədən çıxararaq Qərb maraqlarına zərbə vurmaq potensialı var. Artıq İraqda İran tərəfindən dəstəklənən silahlı qruplar ABŞ və Qərb hərbi bazalarına yönəlməyə başlayıb. Hazırda Bağdadda təxminən 100 britaniyalı hərbçi amerikanlarla birgə xidmət göstərir və onların təhlükəsizliyi ciddi narahatlıq doğurur.
 
Britaniya bu səbəbdən Kiprə - oradakı hərbi bazalara əlavə "Typhoon" döyüş təyyarələri göndərib. ABŞ və Böyük Britaniyanın donanması da Bəhreyn körfəzində yerləşdirilib. Müharibə uzandıqca Qərb qüvvələrinin də birbaşa münaqişəyə cəlb olunması riski artır.
 
Bundan başqa, İran Hörmüz boğazını - dünyanın əsas enerji nəqliyyat marşrutlarından birini bağlamaqla qlobal iqtisadiyyata təsir göstərmək imkanına da sahibdir.
 
İsrailin məqsədləri və bu müharibənin sərhədləri
 
İsrailin uğurları əsasən ABŞ-ın milyardlarla dollarlıq hərbi yardımı ilə mümkün olur. F-35 təyyarələri, "Iron Dome" raketləri və dərin tunellərə nüfuz edən "bunker buster" bombalar - hamısı əsasən ABŞ tərəfindən təmin edilir. ABŞ prezidenti Donald Tramp bu dəstəyi davam etdirməkdə qərarlıdır. Lakin bəzi məlumatlara görə, o, İsrailin İranın ali rəhbəri Xameneyiyə birbaşa zərbə planına veto qoyub.
 
İsrailin İranın yeraltı nüvə obyektlərini məhv etmək üçün lazım olan ən güclü 13,6 tonluq "Massive Ordnance Penetrator" silahı əldə etməsi isə mümkün olmayıb. Bu bombalar yalnız ABŞ-ın B-2 strateji bombardmançıları ilə daşına bilir.
 
Nəticə etibarilə, İsrailin hava hücumları İranın nüvə proqramını yalnız ləngidə bilər, tamamilə dayandırmaq isə real görünmür. Hökumət dəyişikliyi ilə bağlı ümidlər isə çox nikbin səslənir.
 
Texnologiya ilə qələbə tam təmin edilmir
 
İsrailin hərbi texnologiya sahəsindəki üstünlüyü və ABŞ-ın siyasi-hərbi dəstəyi onun lehinə ciddi üstünlük yaradır. Amma İranın davamlı raket təhdidi, regional təsir dairəsi və strateji cavab imkanları münaqişəni qeyri-müəyyən saxlayır.
 
Bu qarşıdurma təkcə İsrail və İranla məhdudlaşmaya bilər. Regionun digər gücləri və Qərb ölkələri üçün də nəticələri olacaq. İsrail üçün taktiki uğurlar mümkün olsa da, strateji baxımdan hələlik tam qələbə görünmür.
Seçilən
11
moderator.az

1Mənbələr