AZ

AMADA Norveçdə keçirilən Avropa antidopinq konfransında FOTO

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İcraçı direktoru Təhminə Tağı-zadə, icraçı direktorun müavini Rüfət Efendiyev və Nəticələrin emalı və təhqiqat şöbəsinin müdiri Nicat Əmiraslanlı Norveçin Bergen şəhərində keçirilən “Milli sistemləri gücləndirmək üçün Avropa NADO-larını bir araya gətirmək” adlı yüksək səviyyəli konfransda fəal iştirak ediblər.

İdman.biz xəbər verir ki, Avropa Şurası və Norveç Antidopinq Agentliyi tərəfindən birgə təşkil olunan tədbirdə Ümumdünya Antidopinq Agentliyinin (WADA) yüksək vəzifəli şəxsləri, 40-dan artıq milli antidopinq təşkilatının nümayəndələri, beynəlxalq ekspertlər və dövlət rəsmiləri təmsil olunublar.

Konfransda əsas çıxışçılar sırasında Avropa Şurasının Baş katibinin müavini Byörn Berqe, WADA-nın Prezidenti Vitold Banka, Avropa Şurasının Antidopinq bölməsinin Rəhbəri Ceymi Braun, Norveç Antidopinq Agentliyinin İdarə Heyətinin sədri Rune Andersen və Norveçin Mədəniyyət və Bərabərlik Nazirliyinin dövlət katibi Erlend Hanstveit yer alıblar. Bu rəsmilərin iştirakı tədbirin siyasi və institusional əhəmiyyətini bir daha önə çıxarıb. Konfransda qitədə antidopinq sahəsinin qarşılaşdığı əsas çağırışlar və strateji prioritetlər müzakirə olunub.

Tədbir çərçivəsində müzakirələrə istiqamət verən üç əsas mövzu müəyyən olunub. İlk mövzu Avropa və beynəlxalq idman təşkilatları ilə əməkdaşlıq imkanları və çağırışlarını əhatə edib. Burada milli antidopinq təşkilatlarının beynəlxalq federasiyalarla əlaqələri, Beynəlxalq Test Agentliyi ilə əməkdaşlıq və beynəlxalq idman tədbirlərində dopinq nəzarətinə töhfələri ön plana çıxarılıb.

İkinci mövzu dövlətlərlə əlaqələrin düzgün qurulması məsələsinə həsr olunub. Təhminə Tağı-zadənin moderatorluğu ilə keçirilən “Milli antidopinq təşkilatlarının fəaliyyət müstəqilliyi və dövlət qarşısında hesabatlılığın balanslaşdırılması” adlı sessiyada iştirakçılar antidopinq qurumlarının fəaliyyət müstəqilliyinin qorunması, eyni zamanda dövlət tərəfindən maliyyələşdirilən qurum kimi şəffaflıq və hesabatlılığın təmin olunması təcrübələrini bölüşüblər. Sessiyada, həmçinin şəffaflıqla bağlı qəbul olunmuş standartlar, institusional fəaliyyət müstəqilliyi üçün təminatlar və Avropa antidopinq təşkilatlarının birgə məsuliyyəti ilə etimada əsaslanan idarəetmə çərçivələrinin təbliği məsələləri müzakirə olunub.

Eyni mövzu üzrə keçirilən digər paralel sessiyalarda isə antidopinq təşkilatlarının fəaliyyəti üçün hüquqi və maliyyə çərçivələrinin formalaşdırılması, habelə milli hüquq-mühafizə orqanları, gömrük və digər dövlət qurumları ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Konfransın sonuncu mövzusu WADA ilə əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş yüksək səviyyəli panel müzakirəsi olub. Burada milli səviyyədə aparılan antidopinq fəaliyyətlərinin qlobal standartlarla uyğunlaşdırılması, qarşılıqlı öhdəliklərin aydınlaşdırılması və dialoqun gücləndirilməsi mövzuları müzakirə olunub. Tədbir sessiyalar üzrə yekun nəticələrin və tövsiyələrin təqdimatı ilə başa çatıb.

AMADA təmiz idmana olan sadiqliyini bir daha bəyan edir və konfransın təşkilinə görə təşəkkürünü bildirir. Belə yüksək səviyyəli və inklüziv platforma strateji dialoqun inkişafına, idarəetmənin təkmilləşdirilməsinə və Avropa antidopinq ictimaiyyəti arasında səmərəli əməkdaşlığa mühüm töhfə verdi.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
7
icma.az

8Mənbələr