AZ

Dünyadakı müharibələr ən çox bu ölkələrə SƏRF EDİR

Dünyada geosiyasi vəziyyət olduqca gərginləşib. Rusiya-Ukrayna münaqişəsi, ABŞ-Çin iqtisadi savaşına indi də İsrail-İran hərbi münaqişəsi əlavə olunub. Dünyada gedən ciddi siyasi gərginliyin beynəlxalq və regional miqyasda mənfi təsiri aydındır. Lakin şübhəsiz ki, bunun sərf etdiyi qüvvələr də istisna edilmir.

Modern.az xəbər verir ki, Real Partiyasının sədri Natiq Cəfərli məsələni şərh edib.

O, qeyd edib ki, hazırda dünyada 3 əsas nüvə arsenalı olan, geosiyasi vəziyyətə müxtəlif formada və gücdə təsir imkanı olan ölkə var – ABŞ, Çin, Rusiya:

"Əslində burada, geosiyasi oyunçu kimi zəifləmiş, amma, hələ də müyyən təsir mexanizmləri olan Avropa Birliyi, ABŞ-la müyyən fikir ayrılıqları olsa da,onunla 90% birgə davranan Böyük Britaniya da var.Eləcə də geosiyasi güc olmağa çalışan Hindistanı da qeyd edə bilərik. Bundan başqa fraqmental dünyada yeni güc mərkəzi olmağa layiq olan, bunun üçün çalışan Türkiyə var. Siyahıya pulu çox, birbaşa təsiri az, maraqlarını pulla almağa çalışan Ərəb Körfəz ölkələrini də salmaq olar. Afrika, Latın Amerikası, Avstraliya, ümumiyyətlə oyun qurucu deyillər,lakin oyunun parçası ola bilərlər".

N.Cəfərli İran ətrafında gərginliyin artdığı, İranın son 2 ildə zəiflədilməsi starategiyasının son ayağı işə düşdüyü zamanda münaqişənin bu ölkələrə təsirlərindən də danışıb:

"ABŞ – istənilən halda son söz sahibi və moderator kimi uduşlu vəziyyətdədir, hər iki tərəf ABŞ-dan asılıdır. İran danışmaq, İsrail isə vuruşmaq istəyir – hər iki halda da ABŞ son söz sahibidir.

Rusiya – Kremlə tam sərf edən vəziyyətdir: Ukrayna məsələsi gündəmdən düşür, Rusiya vəhşi hücumlarını artırır, ABŞ Rusiyanı İran məsələsində masaya daxil etmək istəyir, Moskva da öz maraqlarına görə İranı “satmağa” tam hazır vəziyyətdədir.

Çin – İran Çinin ucuz neft mənbəyi idi, bu mənada, Çinə ziyanlıdır, amma Çin İrandan neft “dost”u olduğuna görə deyil də, neft ucuz olduğuna görə alırdı,alır. Hətta, neftin dəyərinin hamısını pul şəklində də vermirdi, böyük bir hissəsini, təqribən, 30%-ni öz malları ilə ödəyirdi. Bu da Çin istehsalçılarına xeyirdir. Amma, müəyyən iqtisadi itkiləri olsa da, bu münaqişədən geosiyasi uduşları da var – Qərbin, ABŞ-ın başı nə qədər çox Ukraynada, İranda, Yaxın Şərqdə qarışsa, Çin istiqamətinə, Sakit Okean bölgəsinə bir o qədər az resursu və zamanı qalacaq.

Avropa Birliyi – AB son illərdə öz stareji səhvlərinə görə ciddi geosiyasi oyunçu statusunu əhəmiyyətli dərəcədə itirib, indi ABŞ-ın quyruğunda sürünməyə məhkum olub, amma, hələ də müəyyən resursları var. Hətta İran məsələsinə müxtəlif cür baxan ölkələr də var – Fransa ənənəvi olaraq İrana daha yaxındır, mövqeyi yumşaqdır, amma, Almaniya tarixinə, “keçmiş yoldan asılılıq” prinsipinə görə daha sərt mövqedədir. Amma, İran dünya siyasətinə və iqtisadiyyatına geri dönsə, sanksiyalar götürülsə, bundan ən çox udan AB ölkələri olacaq. İran yeganə ölkədir ki, enerji məsələlərində, təhcizatında Rusiyanı tam əvəz edə biləcək potensialı var. Bundan başqa, İran iqtisadiyyatı və bazarı “acdır”, AB ölkələri bu “aclığı” ciddi fürsət bilirlər.

Hindistan bu məsələdə açıq olmasa da, İranın qarşısındadır, İranı öz stateji rəqibləri olan Çinə və Pakistana dost bilir, buna görə də, “düşmənimin dostu mənim düşmənimdir”, prinsipi ilə davranmağa çalışır.

Körfəz ölkələri İsraili publik qınasa da, amma zəif İran onların ən böyük arzusudur.

Qardaş Türkiyə publik və ritorik olaraq anti-İsrail mövqeyindədir, amma, Suriyadan İran və Rusiyanı İsraillə birgə qovdular, İranın bölgədə zəifləməsi rəsmi Ankaranın ümumi stateji maraqlarına uyğundur, sadəcə, bəlli risklər də var ki, Ankara indi o riskləri amortizasiya etməklə məşğuldur – arzu edirəm, inanıram ki, buna nail olacaqlar.

Yəni, həzərat, İran xalqından başqa bu münaqişə hamıya bir cür sərf edir, hamı bir şəkildə öz maraqlarını təmin edir, olan isə yenə günahsız insanlara, sadə vətəndaşlara olur. Ona görə də, İran xalqı da öz maraqlarını anlayıb, buna görə davranacağını düşünürəm..."

Seçilən
6
3
modern.az

4Mənbələr