ain.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əyləncə mərkəzlərində uşaqların sağlamlığı üçün ciddi təhlükə yaradan hallar aşkarlanıb. Araşdırmalar göstərib ki, bu məkanlarda balacaların oynaması üçün nəzərdə tutulan qum sahələri bakteriya və göbələklərlə doludur. Hətta bəzi hallarda burada tualetdən 2 min dəfə artıq mikrobun olduğu sübut edilib. Bu isə uşaqların sağlamlığına birbaşa təhdid hesab olunur.
Belə vəziyyətdə valideynlər nə etməlidir?
Globalinfo.az-a danışan pediatr Aytən İsmayılzadə deyib ki, bağlı məkanlarda uşaqların oynaması gələcəkdə sağlamlıq problemləri yarada bilər:
“Açıq havada, xüsusən də təbii qumda oynamaq uşaqlar üçün faydalıdır. Əgər uşağın immuniteti normaldırsa, təbii mühitdəki bakteriya və göbələklər ciddi təhlükə yaratmır. Ancaq bağlı məkanların havası, hətta havalandırma sistemi işlədikdə belə, açıq hava ilə müqayisədə daha çirkli olur. Bu səbəbdən uşaqlar ilboyu, havadan asılı olmayaraq, uyğun geyimlə açıq havada vaxt keçirməlidirlər. Əsasən allergiyası və immun çatışmazlığı olan uşaqların valideynləri diqqətli olmalıdır. Qumla oynadıqdan sonra uşaqların əlləri mütləq yuyulmalı, açıq yara və ya dəri xəstəliyi varsa, bu sahələrlə təmasdan qaçınılmalıdır. Eyni zamanda valideynlər qum sahələrinin təmizliyinə fikir verməlidirlər”.
Pediatr Qoşqar İsmayılov isə belə məkanlarda infeksiyaların çox sürətlə yayıldığını vurğulayıb:
“Əyləncə mərkəzlərindəki qum sahələrində oyun zamanı uşaqlarda ishal, qusma və digər mədə-bağırsaq infeksiyaları sürətlə yayılır. Havalandırma sistemləri olsa da, bağlı məkanlarda hava dövriyyəsi zəif olduğundan mikrobların yayılması üçün əlverişli şərait yaranır. Valideynlər övladlarını bu tip məkanlardan mümkün qədər uzaq tutmalıdırlar”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.