AZ

"Radiasiya kabusu: İranın atom obyektlərinə hücumlar və Ukrayna üçün törətdiyi təhlükə"

 
"İsrailin zərbələri yeni bir nüvə fəlakəti riski yaradırmı və bu, Ukraynaya necə təsir edə bilər?.."
 
13 iyun 2025-ci il gecəsi İsrailin "Qalxan Şir" (Rising Lion) adlı əməliyyatı çərçivəsində İranın nüvə və hərbi obyektlərinə genişmiqyaslı zərbələr endirməsi dünya ictimaiyyətini ciddi narahat edən bir sualı yenidən gündəmə gətirdi: müasir dövrdə yeni bir nüvə fəlakəti mümkündürmü? Və daha konkret - bu risk Ukrayna üçün nə qədər yaxındır?
 
Moderator.az xəbər verir ki, bu barədə "focus.ua" nəşri yazıb.
 
Hədəfdə Natanz və İsfahan obyektləridir
 
İsrailin hücumları əsasən İranın Natanz və İsfahan şəhərlərində yerləşən nüvə obyektlərinə yönəlib. Burada uranın zənginləşdirmə laboratoriyaları, enerji təminatı məntəqələri, yanacaq istehsalı və metal qazlaşdırma zavodları zərər görüb. Nəticədə bir neçə yüksək rütbəli SEPAH komandiri və nüvə üzrə alimlər həlak olub.
 
Lakin MAQATE-nin (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) verdiyi məlumata görə, yerin altında yerləşən uranın əsas zənginləşdirmə kompleksləri - Natanzdakı "kaskad zalı" və Fordodakı obyekt salamat qalıb. Buranın radiasiya səviyyəsində artım müşahidə olunmayıb və fəaliyyətlər normal şəkildə davam edir.
 
Eyni zamanda Buşehr AES, Tehran Tədqiqat Reaktoru və Xondab ağır su reaktoru da zərər görməyib. Bu isə onu göstərir ki, İsrail ya qəsdən, ya da beynəlxalq reaksiya risklərini nəzərə alaraq, nüvə yanacağı anbarlarından yan keçib.
 
Hücumlar fəlakətə səbəb ola bilərdimi?
 
Ukraynanın Atom Elektrik Stansiyalarının Təhlükəsizliyi Problemləri İnstitutunun radiobioloqu, baş elmi işçi Yelena Parenyukun sözlərinə görə, belə hücumlarda əsas təhlükə ətraf mühitin lokal radiasiya çirklənməsidir. Əgər radioaktiv maddələrdə sızma yoxdursa və aktiv nüvə reaksiyası baş verməyibsə, qlobal fəlakətdən söhbət getmir.
 
"Bəzi insanlar sevinirdilər ki, radiasiya buludu Rusiyanın Həştərxan vilayətinə gedəcək. Amma bu, mümkün deyil. Radiasiya hissəcikləri güclü partlayışla havaya qalxıb küləklə hərəkət edə bilər, lakin bu, insan sağlamlığı üçün təhlükəli səviyyəyə çatmır", - Parenyuk izah edir.
 
Parenyukun fikrincə, İranda baş verənlər Çernobıl və ya Fukusima ilə müqayisə oluna bilməz, çünki orada aktiv reaktor yox idi, yüksək temperatur və təzyiq də qeydə alınmayıb. Əgər belə şərait olsaydı, reaktor korpusunun sıradan çıxması radioaktiv maddələrin sürətlə atmosferə yayılmasına gətirib çıxarardı.
 
Ukrayna üçün təhlükə nə qədər realdır?
 
Hazırda küləklərin istiqaməti səbəbilə İrandakı radiasiya hissəciklərinin Ukraynaya çatması mümkünsüzdür. Amma nəzəri baxımdan bu, baş verə bilər. Ukraynada qurulmuş monitorinq stansiyaları havadakı minimal radiasiya hissəciklərini belə qeydə almaq gücündədir. Parenyukun sözlərinə görə, hazırda təhlükə olmasa da, Rusiya tərəfindən Ukraynanın nüvə obyektlərinə yönəlmiş hücumlar artmaqdadır.
 
Məsələn, 4 aprel 2024-cü ildə Rusiyanın "Shahed” dronları Xarkov şəhərinə hücum zamanı "Neytron mənbəyi" adlı unikal nüvə qurğusunu işıqsız qoyub. Bu, dünyada yeganə olan və sürətləndirilmiş elektronlarla aktivləşən tədqiqat reaktorudur. Əsasən tibb, materialşünaslıq və nüvə fizikası sahələrində istifadə edilirdi. Hücum zamanı radioaktiv sızma olmasa da, Ukrayna elminə ciddi zərbə vurulub.
 
Daha böyük təhlükə isə Zaporoje AES-in Rusiya tərəfindən işğal olunmasıdır. Stansiyada snayper mövqeləri qurulub, hərbi texnika yerləşdirilib, bu isə beynəlxalq nüvə təhlükəsizliyi prinsiplərinin kobud şəkildə pozulması deməkdir. 14 fevralda AES ərazisinə dron hücumu qeydə alınıb, həmçinin Ukraynanın digər AES-lərinin yaxınlığında da dron müşahidələri aparılıb.
 
Təl-Əvivə cavab zərbəsi: İranın reaksiyası
 
İsrailin hücumuna cavab olaraq İran 150-yə yaxın ballistik raketlə Təl-Əvivdəki strateji "Kirya" hərbi kompleksini hədəfə alıb. 14 iyunda yayılan fotolarda İsrail şəhərlərində ciddi dağıntılar və ölənlərin olduğu görünür.
 
Radiasiya təhdidi realdır, lakin idarəolunandır
 
İsrailin İranın nüvə obyektlərinə zərbələri müasir dövrün ən qorxulu ssenarisini - radiasiya yayılması riskini aktuallaşdırıb. Lakin bu hücumlar bir daha göstərdi ki, belə hallarda texniki və siyasi düşünülmüş yanaşmalarla qlobal fəlakətin qarşısını almaq mümkündür.
 
Buna baxmayaraq, Ukrayna kimi müharibə şəraitində olan dövlətlər üçün bu risk hər gün aktualdır, çünki düşmənin məqsədyönlü şəkildə nüvə obyektlərini hədəf alması, yalnız ətraf mühiti deyil, bütöv bir regionu təhdid edə bilər.
Seçilən
3
moderator.az

1Mənbələr