İndi dünyada 3 əsas nüvə arsenalı olan, geosiyasi vəziyyətə müxtəlif formada və gücdə təsir imkanı olan ölkə var – ABŞ, Çin, Rusiya.
Geosiyasi baxımdan zəifləsə də, Avropa Birliyi hələ də müəyyən təsir rıçaqlarına malikdir. ABŞ-la qismən fikir ayrılığı yaşasa da, təxminən 90% hallarda onunla paralel mövqe sərgiləyən Böyük Britaniya, yeni güc mərkəzi olmağa çalışan Hindistan və fraqmental dünyada mövqeyini möhkəmləndirməyə çalışan Türkiyə də bu siyahıdadır. Pulu çox, amma təsiri zəif olan Körfəz ölkələri isə daha çox maraqlarını pulla almağa çalışırlar.
Musavat.com xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.
O qeyd edib ki, Afrika, Latın Amerikası və Avstraliya isə bu oyunun qurucusu yox, sadəcə iştirakçısıdır.
“İran ətrafında gərginliyin artdığı, bu ölkənin son iki ildə zəiflədilməsi strategiyasının son mərhələyə keçdiyi bir vaxtda baş verən münaqişənin müxtəlif ölkələrə təsiri müxtəlif səviyyədədir”, - deyə Natiq Cəfərli vurğulayıb.
ABŞ-ın istənilən halda uduşlu vəziyyətdə olduğunu qeyd edən ekspertə görə, Vaşinqton həm danışıqlarda, həm də döyüş meydanında son söz sahibi olaraq qalır:
“İran danışmaq, İsrail isə vuruşmaq istəyir – hər iki halda da ABŞ moderator və qərarverici roldadır”.
Rusiya üçün də bu vəziyyət sərfəlidir: Ukrayna mövzusu arxa plana keçir, Kreml hücumları artırır; ABŞ Rusiyanı İran məsələsində masaya daxil etməyə çalışır – bu isə Moskvanın maraqlarına uyğundur və Kremlin İranı “satmağa” hazır olduğunu göstərir.
Çinin məsələyə yanaşması isə daha çox iqtisadi maraqlar üzərində qurulub. İran Çinin ucuz neft mənbəyi olsa da, bu nefti ideoloji yaxınlığa görə yox, qiymətə görə alırdı:
“Çin neftin dəyərinin böyük hissəsini – təxminən 30%-ni öz malları ilə ödəyirdi ki, bu da Çin istehsalçıları üçün faydalı idi. Çin üçün müəyyən iqtisadi itkilər olsa da, ABŞ və Qərbin diqqətinin Yaxın Şərqə yönəlməsi Pekinin Sakit Okean bölgəsində daha sərbəst hərəkət etməsinə şərait yaradır”.
Avropa Birliyinin isə son illərdəki strateji səhvləri onu geosiyasi oyunçu kimi geri salıb.
“AB indi ABŞ-ın quyruğunda sürünməyə məhkumdur, amma müəyyən resurslara hələ də malikdir. İran dünya siyasətinə və iqtisadiyyatına qayıtsa, sanksiyalar götürülsə, bundan ən çox udan tərəf məhz AB olacaq”, – deyə Natiq Cəfərli əlavə edib.
İqtisadçı qeyd edib ki, İran enerji sahəsində Rusiyanı əvəz edə biləcək nadir potensiala malikdir:
“İranın “ac” iqtisadiyyatı və geniş bazarı Avropa ölkələri üçün cazibədar fürsət hesab olunur. Hindistan məsələyə açıq şəkildə münasibət bildirməsə də, İranı öz strateji rəqibləri olan Çin və Pakistana yaxın bildiyindən, Tehranla məsafəli davranmağa üstünlük verir. Körfəz ölkələri isə publika qarşısında İsraili qınasalar da, zəiflədilmiş İran onların əsas hədəfidir”.
Türkiyəyə gəlincə, Natiq Cəfərli bildirib ki, rəsmi Ankara ritorik olaraq anti-İsrail mövqeyindədirsə də, bölgədə İran və Rusiyanı sıxışdırmaq baxımından İsraillə üst-üstə düşən maraqlara malikdir:
“Suriyada İran və Rusiyanı İsraillə birgə sıxışdırdılar. İranın bölgədə zəifləməsi Türkiyənin strateji maraqlarına uyğundur. Amma bəlli risklər də var ki, Ankara bu gün onları amortizasiya etməyə çalışır. Arzu edirəm və inanıram ki, buna nail olacaqlar”.
N.Cəfərli bu münaqişənin ən böyük itirən tərəfinin İran xalqı olduğunu qeyd edib:
“Bu qarşıdurmadan hamı nəsə qazanmağa çalışır, olan isə yenə də günahsız insanlara, sadə vətəndaşlara olur. İran xalqının da bu vəziyyəti düzgün qiymətləndirəcəyinə və öz maraqlarına uyğun davranacağına inanıram”.
Afaq Mirayiq,
Musavat.com