Bəyannamədə yer alan əsas məqamlardan biri Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlər yer alıb. Qeyd edilib ki, iki qardaş ölkə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edəcək.
Eyni zamanda, Bəyannamədə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və "Bir millət, iki dövlət" ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyini xüsusi vurğulanıb.
Türkiyə və Azərbaycan münasibətləri bu gün iki qardaş ölkənin prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin rəhbərliyi ilə ən yüksək səviyyədədir. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanan Bəyannamə iki qardaş, dost ölkə arasındakı isti münasibətlərin pik nöqtəsidir. Dövlət başçımızın söylədiyi kimi, Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə qalxdı.
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin yalnız bu gününü deyil, gələcəyini də müəyyənləşdirən strateji sənəddir. Qardaşlıqdan müttəfiqliyə keçid, hər iki dövlətin milli maraqlarına xidmət etməklə yanaşı, bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına da mühüm töhfə verir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı