AZ

Vaşinqton Həsəkədən çəkildi: Yeni güc balansı PKK-nın əlində -ANALİZ

Ali Cingöz: Mərkəzi Asiyada gərginlik azalmadıqca, ABŞ-ın bu bölgədən çəkilməsi mümkün olmayacaq

ABŞ Suriyanın şimalında, xüsusilə də Türkiyə ilə sərhəddə yerləşən ərazilərdə hərbi varlığını azaltmaqda davam edir. Son məlumatlara görə, ABŞ Suriyanın şimalındakı Həsəkə əyalətində yerləşən Əl-Vəzir və Təl-Baydar hərbi bazalarını tamamilə boşaldıb. Bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bölgədəki mənbələrin bildirdiyinə görə, ABŞ tərəfindən boşaldılan hərbi bazalar hazırda PKK terror təşkilatının Suriya qolu olan “Suriya Demokratik Qüvvələri”nin (SDQ) nəzarətinə keçib. Bu hadisə ABŞ-nin Suriyadakı hərbi varlığını tədricən azaltmasının növbəti göstəricisi kimi qiymətləndirilir. Əl-Vəzir və Təl-Baydar bazalarının boşaldılması ilə, Prezident Donald Trampın vəzifəyə başlamasından bəri ABŞ-nin Suriyada tərk etdiyi hərbi bazaların sayı dördə çatıb. Tramp administrasiyası iyun ayının əvvəlində açıqlama verərək, Suriyanın şimal-şərqində SDQ-nin nəzarətində olan səkkiz hərbi bazadan yalnız birini saxlamaq niyyətində olduğunu bildirib. Bununla yanaşı, ABŞ bu proses çərçivəsində Suriyadakı hərbi heyət sayını 2000-dən 500-ə endirməyi planlaşdırır.

Beynəlxalq siyasət üzrə türk ekspert İsmail Cingöz Sherg.az-a söyləyib ki, Donald Tramp birinci prezidentlik dönəmində ABŞ-nin Mərkəzi Asiya coğrafiyasından çıxmasını hədəflədiyini açıq şəkildə bəyan edib:

“Lakin ABŞ-nin dövlət sistemi, daxili ictimai rəy və İsrail dövlətinin birbaşa müdaxilələri səbəbindən bu planı həyata keçirmək mümkün olmayıb. Ancaq Donald Tramp 2024-cü il seçkilərində qalib gəlib 2025-ci ildə vəzifəyə başladıqdan sonra bu planı yenidən gündəmə gətirəcəyini dəfələrlə söylədi. Bu istiqamətdə də Suriyadan başlamaqla Mərkəzi Asiya coğrafiyasından tədricən hərbi qüvvələrini çəkməyə başlayıb. Donald Tramp və komandası üçün əsas prioritetin Çinlə mübarizə olduğu bilinir. O, əvvəlki prezidentliyi dönəmində də, hazırkı dövrdə də Çin məsələsini strateji hədəf olaraq görüb. Çini əhatəyə almaqla onun qarşısını almaq, yüksəlişini yavaşlatmaq və bu gücün ABŞ-nin iqtisadiyyatına, qlobal nizamına təsirlərini məhdudlaşdırmaq məqsədi güdür. Amma ABŞ, bütün bu səylərə baxmayaraq, Çini dayandıra bilməyib. Digər tərəfdən, İsrail, ABŞ qüvvələrinin Suriyadan və ümumilikdə Mərkəzi Asiyadan çəkilməsi halında öz təhlükəsizliyi üçün risk görməkdədir. Bu səbəbdən ABŞ-nin bölgədə qalmasını təmin etmək üçün hər cür planı həyata keçirməyə çalışır. İsrailin İrana qarşı hücumları da bu kontekstdə qiymətləndirilə bilər.
İsrail, ABŞ-dakı yəhudi lobbisi və Amerika idarə sistemi belə hesab edir ki, İran və İsrail arasındakı qarşıdurma davam etdikcə və Mərkəzi Asiyada gərginlik azalmadıqca, ABŞ-ın bu bölgədən çəkilməsi mümkün olmayacaq. Bu səbəbdən onlar Donald Trampın Mərkəzi Asiyadan çəkilmə planının qarşısını almaq üçün ciddi səylər göstərirlər”.

Ekspert qeyd edib ki, Suriyada müxalifətin hakimiyyətə gəlməsi və Əhməd əş-Şaraa rəhbərliyində yeni bir idarə strukturunun Türkiyə tərəfindən qurulması prosesi də gündəmdədir:
“Bu prosesdə, PKK-nın Suriyanı tərk etməsi, PYD/YPG-nin isə Suriya dövlət strukturu ilə inteqrasiya olunması və bu qurumların silahı buraxmaları üçün müxtəlif təşəbbüslərin həyata keçirildiyi bilinir. Bu inteqrasiya prosesinin həyata keçməsi üçün konkret bir yol xəritəsi tətbiq olunur və ABŞ də bu yöndə istəkli olduğunu bəyan edib. Lakin unudulmamalıdır ki, Donald Trampın bu çıxış planı Çinin qarşısını almaq adı altında həyata keçirilsə də, əslində bu yöndə yaradılan imic və algının arxasında başqa reallıqlar dayanır. Əsas səbəblərdən biri, ABŞ-nin artıq hərbi bazalarının maliyyətlərini qarşılamada ciddi çətinliklər çəkməsidir. Çünki hərbi baza qurmaq və həmin bölgələrdə davamlı hərbi personal saxlamaq böyük maliyyə tələb edir. Qaldı ki, ABŞ-nin təkcə Mərkəzi Asiyada yox dünyanın bir çox bölgəsində hərbi bazaları mövcuddur. Bununla yanaşı, nüvə silahı daşıyan sualtı qayıqları, hərbi gəmiləri və təyyarə gəmiləri ilə ABŞ dünyada adətən “qlobal jandarm” rolunu oynayır. Amma ABŞ bu gün strukturun saxlanılması üçün tələb olunan nəhəng maliyyə yükünü qarşılamaqda çətinlik çəkir. Həmçinin ABŞ artıq xarici borcunu ödəyə bilməyən bir ölkə vəziyyətinə gəlib. ABŞ-nin xarici borcu 37 trilyona yaxınlaşmaqdadır. Bu borcun ən böyük hissəsi isə Çinə məxsusdur. Bütün bu səbəblərə görə ABŞ, artıq xarici borcunu ödəyə bilməyən, hərbi xərcləri qarşılamaqda çətinlik çəkən və İsrailə milyardlarla dollar ayıran, ciddi iqtisadi problemlərlə üzləşən bir ölkədir”.
Seçilən
10
sherg.az

1Mənbələr