“İsrail İrandakı bəzi hədəflərə hücum edərək, İran daxilində sui-qəsdlər təşkil etməklə banditliyini genişləndirdi. İranın İsrailin bu quldurluğuna, bu dövlət terrorizminə qarşı özünü müdafiə etməsi çox təbiidir və bu onun qanuni haqqıdır”.
Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) TBMM qrup toplantısında çıxış edərkən deyib.
“Qanunu, qaydaları tanımayan, prinsipi olmayan, ərköyün bir ölkə İrana qarşı çox açıq hücuma keçib. Üstəlik, bu hücumlar İranın nüvə danışıqları davam edərkən həyata keçirilib. Nüvə silahına malik olan və nüvə işində heç bir beynəlxalq qayda tanımayan İsrail danışıqların bitməsini və ya nəticələrini gözləmədən genişmiqyaslı terror aktı törədib. Təəssüflər olsun ki, bütün dünyanın, bütün bəşəriyyətin gözü qarşısında həyata keçirilən bu təcavüz qarşısında beynəlxalq qurumlar , xüsusən də BMT susqunluq nümayiş etdirir, hətta bəziləri bu quldurluğu açıq şəkildə dəstəkləyirlər”, - deyə siyasətçi vurğulayıb.
Ərdoğan qeyd edib ki, Qəzzaya, Suriyaya, Livana, Yəmənə və qonşu İrana qarşı qeyri-insani təcavüzü dayandırmaq üçün əllərindən gələni edirlər və bunu səbirlə davam etdirəcəklər.
Daşqın HəsənovMissiya.Az