AZ

Azərbaycanda bu şəxslərin kazino oyunlarında iştirakına icazə VERİLMƏYƏCƏK

Süni torpaq sahələrində kazino oyunlarının təşkili və keçirilməsi üçün hüquqi əsas yaradılır.

Redaktor.az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunan “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Kazino oyunlarının təşkilatçısı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunda nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməsi ilə bağlı həmin qanunda nəzərdə tutulan nəzarət orqanının (rieltorlar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən şəxslərə münasibətdə – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)) rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə kazino oyunlarının keçirilməsi üçün mülki hüquqi müqavilələr əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən tələblərə cavab verən hüquqi şəxsi (kazino oyunlarının operatorunu) cəlb edə biləcək.

Kazino oyunlarının təşkili və keçirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Kazino oyunlarının təşkilatçısı və operatoru “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunların, bu qanunla müəyyən edilmiş kazino oyunlarının təşkili və keçirilməsi qaydasının tələblərinə və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun bağlanılan lisenziya müqaviləsinin şərtlərinə əməl etməlidirlər. Bu tələblərin və şərtlərin pozulması kazino oyunlarını təşkil etmək hüququ verən lisenzivanın davandırılması və va ləğvi ücün əsas olacaq.

21 yaşınadək şəxslərin kazino oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.

Yuxarıdakı müddəalar süni torpaq sahələrində “Lotereyalar haqqında” Qanunla müəyyən edilmiş qaydada lotereyaların və “Bədən tərbiyəsi və idman haqqında” Qanunla müəyyən edilmiş qaydada idman mərc oyunlarının keçirilməsini istisna etməyəcək.

Həmçinin, süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılması təmin ediləcək. Süni torpaq sahələrində normativ hüquqi aktlarla qadağan olunmayan bütün sahibkarlıq fəaliyyəti növləri həyata keçirilə bilər.

Seçilən
10
10
redaktor.az

10Mənbələr