AZ

Kartdan karta köçürmə: gəlir, yoxsa ciddi maliyyə riskləri?

Finss.az Ölkəmizdə nağdsız əməliyyatların həcmi sürətlə artır. Xüsusilə rəqəmsal ödəniş imkanlarının genişlənməsi bu prosesə təkan verir. Mərkəzi Bankın hesabatına əsasən, əhalinin istifadə etdiyi bank kartlarının ümumi sayı 20,6 milyonu keçib. Buna müvafiq olaraq, 2025-ci ilin aprel ayında kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə artaraq 9 milyard 301 milyon manata çatıb. May ayından etibarən turizm mövsümünün canlandığını nəzərə alsaq, həmin göstəricilərin artacağını proqnozlaşdırmaq olar. POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlər həm yerli, həm də əcnəbi turistlər üçün tanış və rahat bir ödəniş üsuludur. Bu sistemin mövcudluğu ölkədə maliyyə şəffaflığını artırmaqla yanaşı, turistlərə, eləcə də əcnəbi iş adamlarına etibarlı və şəffaf maliyyə əməliyyatları həyata keçirmək imkanı yaradır.

Buna baxmayaraq, bəzi biznes subyektlərində, xüsusilə ticarət obyektlərində ödənişləri rəsmi qaydada deyil, kartdan karta köçürmə yolu ilə qəbul etməyə üstünlük verirlər. Bu da həm sahibkarları əlavə risklərə atır, həm də alıcıların hüquqlarının pozulması ilə nəticələnir. Xüsusilə turizm mövsümünün canlanmasını və Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin miqyasını nəzərə alsaq, kartdan karta köçürmələrin mənfi təsirlərini təsəvvür etmək çətin deyil. Bu kimi sosial məsuliyyətləri, eyni zamanda maliyyə intizamını, təbii ki, gözardı etmək mümkün deyil. Digər tərəfdən, ödənişlərin POS-terminal vasitəsilə deyil, kartdan karta köçürmə ilə həyata keçirilməsi həmin subyektlərin biznes mühitində mənfi reputasiya əldə etməsi və müştəri itirməsi ilə nəticələnə bilər. Bütün bu risklərdən qorunmağın yeganə yolu işini qanunvericiliyin tələbləri çərçivəsində qurmaq və davam etdirməkdir.

Çek verməsən, cərimə ödəyəcəksən

Mal, iş və xidmətlərin təqdim edilməsi müqabilində alınan ödənişlərin kartdan karta köçürülməsi ciddi hüquqi məsuliyyət yaradır, çünki bu cür köçürmələrdə vətəndaşlara kassa çeki və ya qəbz təqdim edilmir. Vergi qanunvericiliyinə əsasən, yoxlamalar zamanı belə hallar aşkarlandıqda həmin sahibkarlıq subyektlərinə müvafiq cərimələr tətbiq olunur.

Vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev bildirib ki, kartdan karta köçürmələrin aşkarlandığı obyektlərə Vergi Məcəlləsinin 2 maddəsi ilə maliyyə sanksiyaları tətbiq oluna bilər: “Ticarət və xidmət müəssisələrində bir çox hallarda vətəndaşlardan tələb olunan kartdan karta köçürmə əməliyyatlarının yekununda satıcı həmin məbləği kassaya mədaxil etmir. Ona görə də istehlakçılara kassa çeki və ya mədaxil qəbzi vermirlər. Belə olan halda, həmin vergi ödəyicisi bu gəliri faktiki olaraq vergidən yayındırmış olur”.

Vergi Məcəlləsinin 58.1-ci maddəsində göstərilib ki, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. X.Feyzullayevin sözlərinə görə, qanunvericiliyin bu tələbi səyyar vergi yoxlaması zamanı belə hallar aşkar edildikdə tətbiq olunur. Bu zaman həm həmin vergi məbləği yenidən hesablanıb alınır, həm də sahibkarlıq subyekti qanun pozuntusuna görə maliyyə sanksiyası ilə üzləşir: “Kameral vergi yoxlamasi zamanı isə, sadəcə, büdcəyə ödənilməli vergi məbləği bərpa olunur. Eyni zamanda, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, operativ vergi nəzarəti zamanı bu hal 1-ci dəfə aşkar edilərsə 1.000 manat, 2-ci dəfə 3.000 manat, 3-cü dəfə 6.000 manat həcmində maliyyə sanksiyası tətbiq oluna bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin tələbinə əsasən, istehlakçıların hüquqlarının pozulması tələbinə istehlakçı tərəfindən qəbz, mal və ya kassa çeki təqdim olunduqda baxılır. Kartdan karta köçürmələr zamanı müştərilərə kassa çeki təqdim edilmədiyinə görə, onlar bu hüquqlarından məhrum olurlar”.

Yeri gəlmişkən, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, “...bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq edilmiş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:

- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat;

- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat;

- təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1.200 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir”.

Kartdan karta köçürmə ilə cinayətə ortaqlıq...

Hələ bu da son deyil. Kartdan karta köçürmə ilə razılaşan alıcılar da bilərəkdən və ya bilməyərəkdən öz vacib hüquqlarından məhrum olurlar. Bu barədə vətəndaşlara məlumat verən hüquqşünas Şəhriyar Həbilov kartdan karta pul köçürməsinin istehlakçı hüquqlarının pozulmasına yol açan hallarını sadalayıb: “Birincisi, bu cür ödənişlər istehlakçıların məhsul alışı zamanı ödəniş qəbzi ilə təsdiqlənməyən əməliyyat qismində çıxış etdiyindən, satıcı ilə bağlı meydana çıxa biləcək istənilən mübahisə halında məhsulun qaytarılması, dəyişdirilməsi və ya əvəzlənməsi kimi imkanlar istisna edilir. Bu, həmin məhsulun hər hansı alışını təsdiqləyən sənəddən məhrum olmaq üçün əsasdır. İkincisi, kartdan karta əməliyyatları zamanı istehlakçılar təşviqedici alət qismində çıxış edən “ƏDV geri al” layihəsi çərçivəsində onlara qaytarılan ƏDV məbləğini almaqdan məhrum olurlar”.

Hüquqşünas bu tip əməliyyatların kibertəhlükəsizlik qaydalarının pozulmasına və vətəndaşların bilmədən hər hansı cinayət əməllərində iştirakına yol aça biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bilmədiyimiz QR kod vasitəsilə edilən ödənişlər son nəticədə şəxsi kart məlumatlarının ələ keçirilməsinə və şəxsi vəsaitlərin dələduzlar tərəfindən mənimsənilməsinə yol aça bilər: “Kartdan karta köçürmələr zamanı daha bir nüansı da nəzərə almaq lazımdır. Aparılan ödənişin kimin və ya hansı kart hesabına ödənildiyini bilmədiyiniz səbəbindən, qeyri-ixtiyari olaraq, qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirməkdə və ya terrorçuluğun maliyyələşdirilməsi əməlində iştirakçı ola bilərsiniz. Nəticədə həmin əməliyyata görə əlavə sanksiyalarla bağlı çətinliklər yaşaya bilərsiniz. Bir sözlə, kartdan karta edilən ödəniş əməliyyatları asan görünsə də, əslində, bu halın istehlakçı hüquqlarının pozuntusuna və şəxsin əlavə maliyyə yükünə məruz qalmasına imkan verəcək ciddi mənfi tərəfləri mövcuddur”.

Xatırladaq ki, qeyd olunan məqamlar “İstehlakçı hüquqlarının qorunması haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 1-ci maddəsində göstərilib ki, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:

- lazımi keyfiyyətli mala dəyişdirməyi;

- satış qiymətini uyğun məbləğdə azaltmağı;

- malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;

- malın həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;

- müqavilənin ləğv olunmasını və çəkdiyi zərərin ödənilməsini.

Maliyyə sanksiyaları və inzibati cəzalardan yan keçmək üçün nə etməli...

Mövzu ilə bağlı münasibətini bildirən iqtisadçı Pərviz Heydərov vurğulayıb ki, kartdan karta köçürmə əməliyyatı hər iki tərəf üçün ciddi risklər daşıyır: “Əksər dünya ölkələrində olduğu kimi, Azərbaycanda da nağdsız ödənişlərin dəstəklənməsi, nağd əməliyyatların getdikcə elektronlaşması son nəticədə istehlakçıların çevik mülki münasibətlərə inteqrasiya olunmasına şərait yaradıb. Buna baxmayaraq, bəzən nağd əməliyyatların həyata keçirilə bilməməsi halında nağdsız əməliyyat qismində kartdan karta pul köçürmələrinin də şahidi olmaq mümkündür. Dövlət Vergi Xidməti tərəfindən vergi qanunvericiliyinin pozuntusu qismində təqib olunan bu məsələnin, əslində, istehlakçı hüquqlarının pozuntusuna imkan verən digər aspektləri də mövcuddur. POS-terminal quraşdırılması tələb edilən ictimai iaşə, ticarət və digər obyektlərdə kartdan karta ödənişlərin alternativ kimi təklif edilməsi və icrası vergidən yayınmaq, müştəri sayını gizlətmək və mövcud dövriyyəni qapalı saxlamaq məqsədi daşıyır”.

Bundan çıxış yoluna gəlincə, P.Heydərov hesab edir ki, inzibati qaydada müvafiq metodların tətbiq olunması ilə sahibkarların kartdan karta köçürmələrdən imtina etmələrinə nail olmaq mümkündür. Bununla yanaşı, vətəndaşların hüquqi, iqtisadi bilik səviyyələrinin yüksəldilməsinə də ehtiyac duyulur. “Problemin qarşısının alınması üçün müvafiq qayda və hüquqi normaların tətbiq edilməsi vacibdir. POS-terminal quraşdırılması tələb olanan sahibkarlıq subyektlərində kartdan karta ödəniş təklifinin irəli sürülməsi nəticəsində qanunun pozulması hallarının qeydə alınması və bu barədə müştərilərin müvafiq vəsatət qaldırması təmin oluna bilər. Bunun üçün müvafiq mexanizmin tətbiq edilməsi ilə yaranmış vəziyyətdən çıxış yolu əldə edilməlidir. Bundan başqa, alış-veriş zamanı kartdan karta köçürmələr tətbiq edilən obyektlərə iri məbləğlərdə cərimələr tətbiq edilməlidir”.

Bütün sadalanan maliyyə sanksiyaları və yeni inzibati cəzalardan yan keçmək üçün ekspertlər sahibkarlara vətəndaşlar, eləcə də ölkəmizə gələn turistlərə ödəniş xidmətlərini qanun çərçivəsində qurmağı tövsiyə edirlər. Sahibkarlıq subyektlərinin sayının sürətlə artdığı bir şəraitdə təklif olunan ödəniş üsulları ölkəmizin iqtisadi mövqeyinə də əhəmiyyətli təsir göstərir. Ödənişlərin qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi təkcə iqtisadi baxımdan faydalı deyil, həm də Azərbaycanın turizm sahəsindəki mövqeyinin möhkəmlənməsinə xidmət edir. Əlavə maliyyə itkilərinə məruz qalmamaq üçün həmin vəsaitlərin qanunvericiliyin tələblərinə uyğun formada əldə edilməsi daha sərfəlidir. Bütün bunlar həm də istehlakçı hüquqlarının qorunmasına xidmət etmiş olar.

©vergiler.az

Seçilən
3
fins.az

1Mənbələr