AZ

“Bu cür faktorlar “Sabah”ın əleyhinədir”

“Sabah” Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Çelye” klubu ilə qarşılaşacaq.

Futbol mütəxəssisi Aslan Kərimov “FutbolPress“ə açıqlamasında duellə bağlı fikirlərini bölüşdü:

“Rəqibdən danışarkən onu qeyd etmək lazımdır ki, düşə biləcək rəqiblər arasında normalıdır. Məsələn, “Şaxtyor” düşsəydi, daha çətin olardı və ya “Şerif”lə oynamaq daha rahat olardı. “Çelye” Sloveniyanı təmsil edir və bu ölkədə futbola xüsusi maraq, önəm var. Hazırda Slovakiyadayam və U-21-lərin Avropa çempionatı keçirilir. Sloveniya yığması da turnirdə iştirak edir və yaxşı oyunçuları var. Yaxşı səviyyədə futbol göstərə bilirlər”.

“Çelye”nin keyfiyyətli komanda olduğunu vurğulayan Kərimov baş məşqçi Albert Rieranın da işini diqqətə gətirdi:

“Çelye” yaxşı komandadır. Heyətlərindəki oyunçular yaradıcılığa üstünlük verirlər. “Çelye”nin baş məşqçisi Albert Riera bu yaradıcılığın içinə ispan futbolunu da qatıb. Bəlli bir oyun üslubları var. “Çelye”nin oyun fəlsəfəsi topasahibolma olacaq. Bu, işimizi çətinə salar. “Sabah”ın cinah oyunçuları keyfiyyətlidir və belə komandalara qol vura bilirlər. Sürətləri hesablarına fərqlənə bilərlər. Ancaq indiki məqamda baş məşqçiləri də yoxdur. Ümid edirəm ki, hazırlıq perioduna yeni baş məşqçi ilə başlayarlar. Böyük dəyişikliyə ehtiyac yoxdur. Böyük dəyişiklik olsa, qısa müddətdə effekt verməyə bilər. Bu cür faktorlar “Sabah”ın əleyhinədir”.

Mütəxəssis şansları belə dəyərləndirdi:

“Sabah”ın oyun qurucu və hücumun sivri ucunda yaxşı futbolçuya ehtiyacı var. Təcrübəli oyunçu ala bilsələr, şansları önə çıxa bilər. İndiki məqamda “Çelye” cüzi də olsa, öndə sayıla bilər. Çünki ötən il çempion oldular, bu il kubok qazandılar. Avropada da kifayət qədər təcrübələri var və ötən mövsüm Konfrans Liqasında yaxşı çıxış ediblər. Bunlar “Çelye”yə cüzi üstünlük gətirir”.

“Sabah” ilk oyunu iyulun 10-da Azərbaycanda keçirəcək. Cavab görüşü bir həftə sonra Sloveniyada olacaq.

Şahin Cəfərov

Seçilən
12
1
futbolpress.az

2Mənbələr