AZ

Bakı tələblərində israrlıdır: Ermənistan Zəngəzur dəhlizinə təkbaşına qərar verə bilməz

Ermənistan və Azərbaycan arasında kommunikasiya xətlərinin açılması ilə bağlı müzakirələr davam etdiyi bir vaxtda, Ermənistan parlamentinin sədri Alen Simonyan məsələ ilə bağlı növbəti dəfə sərt açıqlama verib. O, jurnalistlərin Zəngəzur dəhlizi ilə bağlı suallarını cavablandırarkən bu ifadələri işlədib:
"Zəngəzur dəhlizini unudun, dəhliz yox, yol olacaq. Bu barədə kifayət qədər danışılıb və hüquqi çərçivəsi də dəfələrlə təqdim olunub", – deyə Simonyan bildirib.
Eyni vaxtda, İranda da bu məsələ ilə bağlı diqqətçəkən mövqe ifadə olunub. İranın Ermənistandakı səfiri Mehdi Sübhani İrəvanda keçirdiyi mətbuat konfransında Zəngəzur dəhlizi ilə bağlı sualları cavablandırıb. O bildirib ki, İran Cənubi Qafqazda baş verən prosesləri diqqətlə izləyir və öz qırmızı xətlərindən kənara çıxmaq niyyətində deyil.
Diplomat əlavə edib ki, İran regionun bütün ölkələri ilə əlaqə saxlayır və bu istiqamətdə məsləhətləşmələr davam etdirilir.
Bu bəyanatlar həm İrəvanın, həm də Tehranın Zəngəzur dəhlizi ilə bağlı ortaq narahatlıqlarını yenidən gündəmə gətirir. Azərbaycan isə dəfələrlə bəyan edib ki, bölgədə bütün kommunikasiyaların açılması 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının bir hissəsidir və bu prosesdə birtərəfli şərtlərlə razılaşması mümkün deyil.

Politoloq Turan Rzayev Sherg.az-a söyləyib ki, hazırda bu prosesin əsas gündəmi sülh məsələləri, delimitasiya və demarkasiya prosesi, tərəflərin ritorikasının yumşaldılması və ortaq məxrəcin tapılmasıdır:

"Rəsmi Bakı maksimum gərginlikdən uzaq qalmağa çalışır. Lakin bu, Ermənistanın sərt ritorikasının Azərbaycan üçün məqbul olduğu anlamına gəlmir. Ermənistan, xüsusilə danışıqlarda bir qədər sabitlik və durğunluq müşahidə olunanda ritorikasını kəskinləşdirir. Xüsusilə də nəzərə alsaq ki, hazırda İran və İsrail arasında ciddi gərginlik mövcuddur, Ermənistan bu vəziyyətdən istifadə edərək dezinformasiya xarakterli məlumatları dövriyyəyə buraxır. Burada söhbət Ermənistan, Rusiya və İranın bəzi teleqram kanallarında Azərbaycanın bu münaqişənin tərəfi kimi təqdim olunması və müxtəlif əsaslandırılmamış iddiaların yayılmasından gedir. Təbii ki, Bakı bu cür provokativ addımlara göz yummayacaq. Amma Azərbaycan tərəfi heç vaxt emosional addımlar atmır. Əksinə, təmkinli və reallıqlara söykənən qərarlar qəbul edir və bununla da ardıcıl uğurlar əldə edir.
Zəngəzur dəhlizi məsələsinə gəlincə, bu, Ermənistanın təkbaşına qərar verə biləcəyi bir məsələ deyil. Ermənistan da anlayır ki, Azərbaycanın bu tələbindən yayınmaq onun üçün heç bir üstünlük qazandırmayacaq".

Analitik qeyd edib ki, Ermənistan tərəfi mövcud vəziyyətdən siyasi manipulyasiya üçün istifadə etməyə çalışır:
"Amma İran-İsrail gərginliyi müəyyən vaxtdan sonra səngiyəcək və o zaman diqqət yenidən Cənubi Qafqaza yönələcək. Bax o zaman görəcəyik, Alen Simonyan bu gün dediyi ritorikaları təkrarlaya biləcəkmi, yoxsa yox.
Əslində, bu tipli ritorikalar Ermənistanın özü üçün daha təhlükəlidir. Çünki bu gün dünya ictimaiyyətinin diqqəti İran və İsrail arasındakı gərginliyə yönəlib. Hətta bu gərginlik Rusiya-Ukrayna müharibəsini belə kölgədə qoyub.
Nəticə etibarilə, Alen Simonyanın son açıqlamaları sadəcə mövcud vəziyyətə uyğun, daxili auditoriyaya hesablanmış bəyanatlardır. Zəngəzur dəhlizinin necə açılacağı, hansı formada reallaşacağı – istər dəhliz formasında, istərsə də başqa bir nəqliyyat əlaqəsi modeli ilə – zamanla bəlli olacaq. Amma ortaq bir həqiqət var: Azərbaycan dəhliz ideyasından geri çəkilmir və təcrübə göstərir ki, Azərbaycan verdiyi bəyanatlara əməl edir".
Seçilən
9
1
sherg.az

2Mənbələr