AZ

“Uğurlu gələcək üçün ali təhsil tək yol deyil”

Bu gün bir çox valideynin övladlarına imtahanlarla bağlı göstərdiyi yüksək təzyiq, gəncləri depressiyaya, hətta intihara sürükləyir. Valideynlərin düşüncəsinə görə, övlad diplom əldə etməsə, nə uğurlu bir gələcəyi ola bilər, nə də qohum-əqrəba qarşısında üzü gülər.

 

Maraqlıdır ki, ali təhsil diplomu olmadan uğur qazanmaq mümkünsüzdürmü?

 

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndiyev (Əfəndi) AzEdu.az-a açıqlama verib.

 

Onun fikrincə, bir çox hallarda müşahidə edirik ki, peşə və orta ixtisas təhsili alan, hətta heç bir təhsili olmayan şəxslər belə gələcəklərini uğurla qura biliblər:

 

“Bir çox valideynlər tərəfindən övladlarına təzyiq göstərilir ki, mütləq ali təhsil almalıdırlar. Əks təqdirdə, onların gələcəyi uğurlu olmayacaq. Ancaq bu, bütövlükdə yanlış bir yanaşmadır. Çox hallarda müşahidə edirik ki, peşə və orta ixtisas təhsili alan, hətta heç bir təhsili olmayan şəxslər belə gələcəklərini uğurla qura biliblər”.

 

“Yaxşı olardı ki, valideynlər övladlarının verdiyi hər hansı bir qərarda onların yanında olsunlar”, – deyə ekspert vurğulayıb:

 

“Təbii ki, bu zaman tövsiyə və məsləhətlərini də versinlər. Lakin bu tövsiyə və məsləhətlər təzyiq xarakteri daşımamalıdır. Bu gün bir şəxs ali təhsil müəssisəsinə qəbul ola da bilər, olmaya da. Yetər ki, onun müəyyən bir istedadı və ümumi faydalılığı olsun. Bu faydalılıq olduqda, həmin şəxs həm cəmiyyətə, həm də ailə üzvlərinə müsbət təsir göstərə bilər”.

 

Müsahibimiz bildirib ki, qohum, qonşu və ya cəmiyyətin təzyiqi ilə övladı zorla ali təhsilə yönəltmək valideyn üçün düzgün yanaşma deyil:

 

“Digər bir məsələ isə bəzi hallarda valideynlərin elə bir təzyiq göstərməsidir ki, övladın meyli humanitar sahələrə olsa da, o, məcbur şəkildə texniki və ya səhiyyə istiqamətinə yönləndirilir. Bu halda şəxs öz arzularının arxasınca gedə bilmədiyi üçün valideynlərinin də istəklərinə qarşı çıxır və gələcəkdə peşəkar mütəxəssisə çevrilə bilmir. Bunun fəsadlarını isə həm ailədə, həm də cəmiyyətdə görmək mümkündür”.

Seçilən
9
azedu.az

1Mənbələr