AZ

Rulet çarxı, kart, oyun masaları - Bakıdakı kazinolarda hamısı olacaq

BAKI, 18 iyun. TELEQRAF

Azərbaycanda süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılması təmin edilir. Süni torpaq sahələrində Azərbaycanın normativ hüquqi aktları ilə qadağan olunmayan bütün sahibkarlıq fəaliyyəti növlərinin həyata keçirilməsinə icazə veriləcək.

Teleqraf xəbər verir ki, sözügedən məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunan "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Sənəddə qeyd olunub ki, Azərbaycanda kazino oyunları bu qanunun tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində təşkil edilə və keçirilə bilər.

Bu qanunun məqsədləri üçün kazino oyunları dedikdə süni torpaq sahələrində həmin oyunların təşkili və keçirilməsi üçün xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə rulet çarxı, kart, oyun masaları, zər və oxşar oyun avadanlığı, habelə slot oyun avtomatları vasitəsilə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar başa düşülür. "Lotereyalar haqqında" Qanun ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalar və "Bədən tərbiyəsi və idman haqqında" Qanun ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları kazino oyunları hesab olunmur.

Qeyd edək ki, Azərbaycanda kazino fəaliyyəti 1998-ci il yanvarın 27-də qadağan olunmuşdu. İndi isə Azərbaycan qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsinə icazə verilir. Bunun üçün Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində və daha altı qanunvericilik aktında dəyişiklik edilir.

Milli Məclisə daxil olan yeni layihəyə əsasən, həmin oyunların yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə təşkili və keçirilməsi nəzərdə tutulur.

Sənədə əsasən, kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir. Oyunlar yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs tərəfindən təşkil edilə bilər.

Seçilən
9
teleqraf.com

1Mənbələr