AZ

Azərbaycanın sənaye zonalarına indiyədək yatırılmış investisiyaların həcmi məlum olub - FOTO

Azərbaycanda sənaye zonaları üzrə indiyədək ümumi investisiya həcmi 8,1 milyard manat olan 170 sahibkarlıq subyektinə rezident və ya qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb və 10 min 600-dən artıq daimi iş yeri yaradılıb.

Day.Az İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, bu barədə Sumqayıt Kimya Sənaye Parkına səfər edən Türkiyənin bir sıra media qurumlarının nümayəndələrinə məlumat verilib.

Türkiyəli media nümayəndələrinin diqqətinə çatdırılıb ki, ötən müddətdə sənaye zonaları tərəfindən 16,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun 5,2 milyard manatlıq hissəsi ixrac edilib.

Onlara Azərbaycanın iqtisadi potensialı, əlverişli işgüzar mühiti, sənaye zonaları, burada investorlar üçün yaradılan imkanlar, həyata keçirilən layihələr barədə məlumat verilib.

Diqqətə çatdırılıb ki, Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkı kimya, neft-kimya, maşınqayırma, tikinti materialları, metallurgiya və s. istiqamətlər üzrə fəaliyyət göstərir. Ərazisi 613 hektar olan sənaye parkında rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı həyata keçirilir. Sənaye parkında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli investisiya mühiti yaradılıb. Sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər. Bundan başqa, sənaye parkının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar.

"Parkda ümumi investisiyalarının həcmi təqribən 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, onlardan da 26-sı artıq fəaliyyət göstərir. İndiyədək Parkın rezidentləri tərəfindən ümumilikdə təxminən 14 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, onun da təqribən 5 milyard manatlıq hissəsi ixracın payına düşür. Sumqayıt Kimya Sənaye Parkında 2025-ci ilin birinci rübü ərzində ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 14,2 faiz, ixrac isə 17,2 faiz artıb. Hazırda burada 6 mindən çox insan daimi işlə təmin olunub. Parkda istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilir", - deyə məlumatda qeyd edilib.

Media mənsubları Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, o cümlədən, "Kartaş Kimya" və "Sika" MMC-lərin istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olublar. Türkiyəli media təmsilçilərinin sənaye zonaları ilə bağlı sualları cavablandırılıb.

  • Azərbaycanın
  • Azərbaycanın
Seçilən
12
6
day.az

7Mənbələr