AZ

COP30-un yüksəksəviyyəli çempionu: Biz COP29 Sədrliyi ilə birgə yenə də QHT-ləri iqlim fəaliyyətinə səfərbər etməyə çalışırıq

Bonn, 18 iyun, Pərvanə Qafarova, AZƏRTAC

Bonn şəhərində biz COP30 nümayəndəliyi kimi COP29-un yüksəksəviyyəli iqlim çempionu Nigar Arpadarai ilə birlikdə burada olmaqdan böyük məmnunluq duyuruq. O, iqlim çempionlarının bu təşəbbüsünə liderlik edir və mən də onunla birlikdə bu prosesə qoşulmuşam. Biz yenə qeyri-hökumət təşkilatlarını iqlim fəaliyyətinə səfərbər etməyə çalışırıq.

Bu barədə AZƏRTAC-a müsahibəsində COP30-un yüksəksəviyyəli çempionu Den Yoşpe Almaniyada keçirilən İyun İqlim Görüşləri çərçivəsində COP29-un Prezidenti Muxtar Babayev və COP29-un yüksəksəviyyəli çempionu Nigar Arpadarai ilə görüşdən sonra deyib.

“Braziliyanın sədrliyi dövrü implementasiyaya (yerinə yetirməyə) böyük diqqət ayıracaq. Bu səbəbdən, iqlim fəaliyyəti daha da vacib olacaq – əslində, bu, hər zaman vacibdir.

Eyni zamanda, Bakıda əvvəlki dövr ərzində kiçik və orta biznes (KOB) üzrə görülən işlər çox yüksək qiymətləndirilir – bu, çox önəmli bir mövzudur. Braziliya cəmiyyəti də əsasən KOB-lar üzərində qurulub. İnanırıq ki, bu, güclü bir istiqamət olacaq.

Maliyyələşmə baxımından da Bakıda müəyyən edilmiş 300 milyard dollarlıq hədəf çox əhəmiyyətli idi. Həmçinin Bakıdan Beləmə doğru uzanan yol xəritəsi çərçivəsində 1.3 trilyon dollara çatmaq ideyası önəmlidir. Bunlar hamısı orada əldə olunmuş mühüm irəliləyişlərdir.

Hətta İqlim Çempionları Təşəbbüsünün davam etdirilməsi qərarı Bakı dövründə qəbul edilib. Ümidvarıq ki, bu istiqamətdə işimizi davam etdirəcəyik.

Ümid edirik ki, icra yönümlü yanaşma daha müsbət nəticə verəcək və dünya üçün konstruktiv bir irs yaradacaq”, - deyə Den Yoşpe vurğulayıb.

Ölkələrin iqlim maliyyəsi hədəflərini necə müəyyən etməli olduqları barədə danışan Den Yoşpe deyib: “Məncə, qeyri-hökumət təşkilatları və sektorlar bu işin necə həyata keçirilə biləcəyini çox aydın şəkildə nümayiş etdirə bilər. Əslində biz artıq hər ölkədən, eləcə də korporasiyalardan çoxlu sayda fəaliyyət və maraq görürük. Çünki bu gündəlik qısamüddətli siyasi dövrlərə bağlı bir məsələ deyil, bu, uzunmüddətli məsələdir. Davamlılıq əslində budur. Fikrimcə, artıq şirkətlər, cəmiyyətlər, şəhərlər və elmi qurumlar anlayırlar ki, geriyə dönüş yoxdur. Yalnız irəli gedə bilərik və bu yol da sosial-iqtisadi cəhətdən davamlı inkişafdan keçir.

Səmimi desəm, çox nikbinəm. Əminəm ki, biz daha çox önəmli fəaliyyətlərin şahidi olacağıq. Əlbəttə, Paris Sazişində istədiyimiz səviyyəyə tam çatmamışıq. Amma son 10 ildə gördüyümüz işlər olmasaydı, vəziyyət indikindən qat-qat çətin olardı.

Gəlin həm dolu hissəyə, həm də boş hissəyə baxaq – və çalışaq ki, bu “stəkandakı boşluq” tamamlansın”, - deyə Den Yoşpe əlavə edib.

COP30-un mövzuları ilə bağlı AZƏRTAC-ın müxbirinin sualını cavablandıran Den Yoşpe bildirib ki, Braziliya sədrliyi yaxın zamanda öz əsas mövzularını açıqlayacaq: “Gözləyirəm ki, bu dəfə 10-dan çox mövzu olacaq. Çünki Braziliyada mövcud olan həll yolları və iqtisadi sektorların müxtəlifliyi çox genişdir – ölkə özü də çox böyükdür. Ona görə də daha çox mövzu olmalıdır.

Lakin bu mövzular cəmiyyətin səfərbər olunmasına və fəaliyyət gündəliyinin irəliləməsinə imkan verəcək. Yeni təşəbbüs və öhdəliklərin elan edilməsi hazırda prioritet deyil. Bizim əsas diqqətimiz artıq mövcud təşəbbüslər üzərində işləmək və onların real həyata keçməsini təmin etməkdir. Bu, Braziliya COP dövrü üçün çox vacib olacaq – yəni, artıq hazırlanmış təşəbbüslərin icrası və effektiv nəticə verməsi əsas məqsəddir”.

 

Seçilən
9
7
azertag.az

8Mənbələr