Azertag saytına istinadən ain.az xəbər verir.
Sarayevo, 18 iyun, AZƏRTAC
BMT-nin Nyu-Yorkdakı baş qərargahında Bosniya və Herseqovinadakı Srebrenitsa soyqırımı ilə bağlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, “Sözlərdən zorakılığa: ölüm tarlalarının arxasındakı yaşamlar” adlı sərgidə faciə zamanı sağ qalanların fikirlərinə yer verilən fotolar, eyni zamanda, soyqırımında öldürülənlərə məxsus əşyaları nümayiş olunur. Sərgi Srebrenitsa soyqırımının 30-cu ildönümünü ilə əlaqədar təşkil edilib.
Qeyd edək ki, BMT Baş Assambleyası ötən il mayın 23-də keçirilən sessiyada iyulun 11-ni Srebrenitsa Soyqırımını Anım Günü kimi qəbul edib.
1995-ci ilin iyulunda Srebrenitsada bir neçə gün ərzində 8372 bosniyalı vəhşicəsinə qətlə yetirilib, onların cəsədləri müxtəlif kütləvi məzarlıqlarda basdırılıb. 2007-ci ildə keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalı Srebrenitsa və ətrafında baş verənləri soyqırımı kimi qiymətləndirib. Soyqırımı zamanı mülki insanlar, xüsusilə də qadınlar və uşaqlar serb millətçiləri tərəfindən vəhşicəsinə öldürülüb, hadisə qurbanları kütləvi məzarlıqlarda basdırılıb. Potoçari Memorial Qəbiristanlığında indiyədək 6800-dək insan dəfn edilib. Daha 250 soyqırımı qurbanının nəşi isə ailələrinin istəyi ilə yerli qəbiristanlıqlarda basdırılıb.
Srebrenitsa soyqırımı qurbanlarının 1600-dən çoxunun cəsədi isə hələ də tapılmayıb. Soyqırımı qurbanlarının sümükləri tapılan və şəxsiyyəti müəyyən edilənlərin cəsədləri 77-si kütləvi məzarlıq olmaqla 150 müxtəlif yerdən çıxarılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.