“Rəqəmsal İpək Yolu” təşəbbüsünün bir hissəsi olan Trans-Xəzər fiber-optik rabitə xəttinin (FOCL) tikintisi həm Azərbaycanın, həm də Qazaxıstanın iqtisadi modernləşdirilmə və rəqəmsal transformasiya məqsədlərinə cavab verən mühüm infrastruktur layihəsidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Astana Beynəlxalq Maliyyə Mərkəzi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu tərəfindən Qazaxıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə dair analitik hesabatda deyilir.
Hesabatda qeyd olunur: ““Məlumatların təhlükəsiz və yüksək sürətlə ötürülməsinə artan tələbatı nəzərə alaraq, layihə Qazaxıstan və Azərbaycanın rəqəmsal iqtisadiyyatlarını dəstəkləmək üçün telekommunikasiya marşrutlarının şaxələndirilməsinə, şəbəkə ehtiyatının və dayanıqlığının təmin edilməsinə, gecikmələrin azaldılmasına, ötürmə qabiliyyətinin artırılmasına yönəlmiş strateji sərmayədir”.
Qeyd olunur ki, layihənin həyata keçirilməsi hər iki ölkəni regional rəqəmsal hab kimi mövqeyini gücləndirəcək, fintex, bulud hesablamaları və süni intellekt kimi sahələrin genişlənməsinə şərait yaradacaq.
Materialda diqqətə çatdırılır: “Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yaxın ərazidə yerləşən Ələt Azad İqtisadi Zonası, eləcə də Qazaxıstanın azad iqtisadi zonaları layihənin həyata keçirilməsində xüsusi rol oynaya bilər”.
Bundan əvvəl FOCL-in tikintisinə bu il başlanacağı açıqlanmışdı. Fiber-optik kabelin uzunluğu 380 kilometr, ötürmə qabiliyyəti saniyədə 400 terabata qədər olacaq. İlkin hesablamalara görə, layihəyə qoyulacaq ümumi investisiya 50 milyon dollardan çox olacaq.
Hesabatda vurğulanır: “Əvvəllər bir neçə dəfə gecikdirildiyini nəzərə alaraq, layihənin vaxtında həyata keçirilməsini təmin etmək vacibdir. FOCL-in tikintisinin uğurla başa çatdırılması hər iki ölkənin iqtisadi artımına multiplikativ təsir göstərəcək və digər birgə təşəbbüslərin məhsuldarlığını artıracaq”.