Bakı, 18 iyun, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarova iyunun 18-də “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçıları ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sahibə Qafarova Azərbaycan paytaxtının hazırda həm simpozium, həm də regionda parlamentlərarası əməkdaşlığın mühüm mexanizmi olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci Assambleyasına uğurla ev sahibliyi deyib. Belə tədbirlərin təşkilinin, beynəlxalq ictimaiyyəti maraqlandıran məsələlərin müzakirəsi üçün platformanın təmin olunmasının Azərbaycanın baxışını, dialoqa və əməkdaşlığa sadiqliyini əks etdirdiyini vurğulayıb. Qeyd edib ki, bu, ciddi problemlərlə üzləşən dünyada yalnız birgə səylər və koordinasiya ilə ümumi məqsədlərə və mühüm nəticələrə nail ola biləcəyimizə inamın təzahürüdür.
Görüşdə qonaqlara Azərbaycanın inkişaf yolu və insan hüquqları sahəsində əldə etdiyi nailiyyətlər barədə məlumat verilib.
S.Qafarova Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalı, şəhər və kəndlərimizin, infrastrukturun, tarixi, dini, mədəni irsin tamamilə dağıdılması haqqında da danışaraq deyib ki, burada söhbət həm də insan hüquqlarının, xalqımızın əsas azadlıqlarının pozulmasından gedir. Onun sözlərinə görə, Azərbaycan xalqı etnik təmizləmə və soyqırımı ilə üzləşmiş, öz yurd-yuvasından didərgin düşməyə məcbur olmuşdur. Qeyd olunub ki, işğal edilmiş ərazilərdən 750 mindən çox məcburi köçkün, həmçinin Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı 1980-ci illərin sonlarında, hələ münaqişə başlamamış öz doğma yurdlarından didərgin salınıb. Ağır sosial-iqtisadi yükə baxmayaraq, dövlətimiz onların ehtiyaclarını ödəmək, təməl hüquqlarını təmin etmək üçün bütün lazımi tədbirləri gördü. Bu mənada, ərazilərimizin işğaldan azad edilməsi, ərazi bütövlüyünün və suverenliyinin bərpası həm də insan hüquqlarının və əsas azadlıqların təntənəsidir. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılıb.
Parlamentin sədri aradan qaldırılmalı olan bəzi məsələlərdən də danışıb. O, xüsusilə Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüquqlarının təmin edilmədiyini, Ermənistanın hələ də buna məhəl qoymadığını söyləyib.
Görüşdə çıxış edən Türkiyənin baş ombudsmanı Mehmet Akarca, İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının İcraçı katibi Almas Ali Jovindah, Özbəkistan Ali Məclisinin İnsan Hüquqları üzrə müvəkkili Feruza Eşmatova, Slovakiya ombudsmanı Robert Dubrovodski Simpoziumda müzakirə olunan mövzuların aktuallığı və əhəmiyyəti ilə bağlı fikirlərini səsləndiriblər. Həmçinin insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Bu sahədə qanunverici orqanların mühüm rolu xüsusilə qeyd edilib.