İran İsraillə mübarizədə tərəfdaşlarından əməli dəstək gözləsə də, nəticə yoxdur. Tehranın ən yaxın iki tərəfdaşı – Rusiya və Çin sadəcə müharibə əleyhinə bəyanatlarla kifayətləniblər, onlar İranı ağır durumdan çıxaracaq istəkdə deyillər. İranla əlaqəli Hizbullah və HƏMAS isə başsız qalıblar və zəifləyiblər, Tehranın istəyi ilə İsrailə qarşı həmlə edəcək gücdə deyillər.
İNFOAZ.WS xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
“Yalnız Yəməndəki husilər İranla birgə İsraili raket atəşinə tuta bilərlər, ancaq onların da başına raketlər yağır və bu onların müqavimət gücünü zəiflədib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş rəhbərlərindən biri, general Möhsün Rzai yerli televiziya kanallarından birində çıxış edərkən İsraili qorxutmaq üçün iki açıqlama verib. O, birinci açıqlamasında söyləyib ki, guya İran Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və bir sıra başqa müsəlman ölkələrlə birlikdə böyük islam ordusu yaratmağa çalışır. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan İranı xilas etmək üçün niyə islam ordusu yaratmalıdır? Axı İran adı çəkilən 3 ölkənin müttəfiqi deyil. Əksinə, İran mühafizəkarları və həmin İslam Keşikçiləri Korpusu müxtəlif illərdə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan əleyhinə siyasət yürüdüblər, bu ölkələrin əleyhinə açıqlamalar veriblər. Türkiyə İsrailin İrana qarşı hava hücumunu pisləsə də, İrandakı dairələrin terrorçu PKK təşkilatına dəstəyini unutmayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan bir neçə ay əvvəl verdiyi açıqlamada İranın PKK ilə gizli təmaslarına son qoyması vacibliyini bildirmişdi. İrandakı dairələr bir ara Səudiyyə Ərəbistanı da içəridən qarışdırmaq istəyiblər. Bu səbəbdən Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrinə son vermişdi, yalnız Pekinin vasitəçiliyi ilə diplomatik əlaqələr bərpa olundu. Pakistana gəldikdə, bu ölkə ötən ilin yanvarında İranla sərhəddə toqquşma yaşamışdı, bir-birinə raket zərbələri endirmişdilər”, – o bildirib.
Politoloq general Möhsün Rzainin ikinci açıqlamasını da tənqid edib:
“General Möhsün Rezainin ikinci açıqlaması Pakistanın İrana dəstək məqsədilə guya İsrailə nüvə silahı ilə zərbə endirəcəyi barədədir. Bu açıqlamanın da reallıqla əlaqəsi yoxdur. İsraillə İran arasında müharibə başladıqdan sonra Pakistan İranla sərhəddə nəzarəti gücləndirib. Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif nüvə potensialının dövlətinin və xalqının xeyrinə və ölkəsinin düşmən planlarından qorumağa xidmət etdiyini bildirib. Bu açıqlama iranlı generalın sözlərinin həqiqəti əks etdirmədiyini göstərir. İrandakı dairələrin İraqdakı tərəfdarlarını fəallaşdırmağa çalışa biləcəyi barədə ehtimallar var. Ancaq bunun özü İranın problemlərini artıracaq.
Tehran ABŞ-ın İsrailin İrana hücumlarına qoşulmasını istəmir. İrana bağlı güclər ABŞ-ın İraqdakı hərbi bazalarına hücum etsələr, bu, İsrailin işinə yarayacaq, çünki belə olan halda ABŞ Prezidenti Donald Trampın İrana qarşı müharibəyə qoşulmaqdan başqa seçimi qalmayacaq”.