AZ

Azərbaycanın titullu cüdoçusu: Onlar kişi deyillər - MÜSAHİBƏ

BAKI. 19 iyun. TELEQRAF

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 100 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Avropa, dünya və olimpiya çempionu bu dəfə 1/4 final səddini keçə bilməyib. Bununla belə, 26 yaşlı idmançı ardıcıl dördüncü dünya çempionatında medalsız qalmayıb.

Mükafatlandırma mərasimindən sonra Kotsoyev jurnalistlərə müsahibəsində özünün və Azərbaycan millisinin indiyəqədərki çıxışını dəyərləndirməklə yanaşı, özü kimi titullu cüdoçu, 73 kq çəki dərəcəsindəki ilk görüşündəcə uduzan Hidayət Heydərova dəstəyini ifadə edib.

Teleqraf onun müsahibəsini təqdim edir:

- 1/4 finalda Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında yarışan Arman Adamyana uduzmağınızın səbəbini nədə görürsünüz?

- Məğlubiyyətimin səbəbini bilmirəm. Yəqin ki, mənim səhvimdir. 1/4 finalda rəqibin iki cəriməsi olduğu vaxt işlətdiyim fənddən sonra arxayınlaşdım. Düşünürdüm ki, hakimlər bunu ipponla qiymətləndirdilər. Rəqib isə dərhal saxlama fəndinə keçdi. Bu epizoda yenidən baxmaq lazımdır. Mən hiss etdim ki, ippon var idi. Lakin istənilən halda arxayınlaşmamalı idim. Mənim səhvim idi. Yəqin ki, bu səhv üzündən belə alındı.

- Bura son dünya və olimpiya çempionu statusu ilə qatılmışdınız. Bu məqam məsuiliyyətinizi artırırdı?

- Xeyr, məsuliyyət barədə düşünməməyə çalışırdım. Bura qızıl medal üçün gəlmişdim. Qələbə qazanaraq çempion olmaq, yenidən bu hissi yaşamaq istəyirdim. Amma bürünc medalla kifayətləndim. Bu medala görə də çox şadam.

- Adamyanı özünüzə uyğun gəlməyən rəqib, yoxsa bunu, sadəcə, bəxtsizlik sayırsınız?

- Adamyanı bunadək 4-5 dəfə udmuşdum. Lakin çoxdandır qarşılaşmırdıq. Sonuncu məğlubiyyətim 3-4 il əvvəl olmuşdu. Ardından Avropa, dünya və olimpiya çempionu olmuşdum. İndi isə yenidən uduzdum. Özünüz də gördünüz ki, vəziyyəti nəzarətdə saxlayırdım, rəqibimi iki cəriməyə məcbur etmişdim, atma fəndi də işlətmişdim. Deməzdim ki, bu, bəxtsizlik və ya başqa bir şeydir.

- Ən çətin görüşünüz hansı oldu?

- 1/4 final görüşümdən sonra Nikoloz Şeradaşvili ilə təsəlliverici görüşə çıxmaq mənə çətin idi. Toparlanmalı idim, görüşlərarası fasilə də az idi. Qarşılaşma uzun çəkdi, qızıl xal bölümünə uzandı. Görüşün əvvəlində rəqibin atma fəndini buraxdım, sonra isə ona çatmaq üçün mübarizə apardım. Sevinirəm ki, hər şey normal alındı.

- Demək olarmı ki, hələ optimal formada deyilsiniz?

- Olimpiadadan sonra ara vermişdim, zədəmi müalicə edirdim. Emosional anlarım da olmuşdu. Onların hamısı getdi. Deyə bilərəm ki, indi-indi formamı bərpa etməyə başlayıram. Yaxşı formamdan uzağam. Lakin bacardığım qədər mübarizə aparmağa çalışdım.

- İyunun 20-də qarışıq komanda yarışında çıxış edəcəksiniz?

- Qarışıq komanda yarışı ikiqat məsuliyyət deməkdir. Komanda üçün mübarizə aparmaq, vuruşmaq lazımdır. Biz bayrağımızı təmsil edirik. Təkcə özüm yox, komanda yoldaşlarım, qızlarımız, federasiyamız, hamı üçün yarışırıq. Ona görə də məşqçilər heyəti məni yarışa buraxmağı qərara alsa, maksimumumu ortaya qoyacağam. Qarşıda 2 günüm var. Bərpa olunmalıyam ki, birdən komanda yarışında mübarizə aparmağım lazım gələr.

- Hudayət Heydərov dünya çempionatında ilk görüşdəcə uduzduqdan sonra tənqidlərlə üzləşib. Ona dəstək üçün sözünüz varmı?

- Hidayətə qarşı tənqidləri gördüm, onu qucaqladım. İnsanlar nə qədər yazırlar?! Ümumiyyətlə, başa düşə bilmirəm ki, kişilər necə oturub şərhlər yaza bilərlər? Onları mən kişi saymıram. Minlərlə şərh yazırlar. Sabah Hidayət qələbə seriyasına dönüş edəndə onlar hamıdan birinci şəkil çəkdirməyə gələcəklər. Amma belə məqamları da yola vermək lazımdır. Çünki bunsuz mümkün deyil. Mən onun xaraktercə, ruhən tanıyıram, döyüşkən qəlbi var. Bu, onu yalnız güclü edəcək.

- Tənqidlər özünüzə qarşı olsaydı, necə reaksiya verərdiniz?

- Mənim üçün fərqi yoxdur. Tənqidlər ola bilər, amma mən təsəvvür edə bilmirəm ki, kişi ola-ola oturub neqativ şərhlər yazasan. Ona görə də kimin nə yazması mənim üçün önəmli deyil.

- Qələbələrinizi, adətən, kimlərlə bölüşürsünüz?

- Qələbələrimi ilk növbədə, məşqçilərimlə bölüşürəm, qucaqlayıram, onlar da məni təbrik edirlər. Daha sonra telefonumu götürərək, ata-anama zəng edirəm.

- Sizə də kimsə zəng etmişdi...

- Medal qazandıqdan sonra Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev zəng etmişdi. Təbrikdən sonra üzərində işləməli olduğum məsələləri dedi, izah etdi. O, bizə xeyli dəstək verir. Həqiqətən də elə bir federasiya prezidenti tanımıram ki, səninlə danışsın, səni qəbul etsin, başa düşsün. Buna görə də Rəşad müəllimə çox böyük təşəkkürümü bildirirəm. Əlbəttə, bütün federasiya əməkdaşlarına da. Onlar böyük iş gördülər.

- Budəfəki dünya çempionatında Azərbaycan millisi indiyədək 3 bürünc medal qazanıb. Komandanın çıxışını necə dəyərləndirirsiniz?

- Fikrimcə, 3 medal normal nəticədir. Lakin bundan da yaxşı ola bilərdi. Digər tərəfdən, Zelim Tçkayev, Elcan Hacıyev ilk dəfə dünya çempionatında medal qazandı. Ötənilki Avropa və dünya çempionatlarında yalnız mən və Hidayət Heydərov medal əldə etmişdiksə, artıq iki yeni medalçımız da var. Avropa çempionatında da 5 medalçımızdan 4-ü yenilər idi. Fikrimcə, belə məşqçilər heyəti və dəstəklə böyük addımlarla irəliləyəcəyik.

Seçilən
15
1
teleqraf.com

2Mənbələr