AZ

"Yaxın Şərqdə nüvə gərginliyi: İsrail-İran toqquşması qlobal təhlükəyə çevrilir" - Rusiya mətbuatı

"İsrail uran zavodlarına zərbə endirib, MAQATE və dünya həyəcan təbili çalır..."
 
İsrail ordusu iyunun ortalarında İranda uranın zənginləşdirilməsi ilə bağlı obyektlərə genişmiqyaslı hava hücumu həyata keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "gazeta.ru" nəşri yazıb.
 
İsrailin İranın "nüvə obyektləri"nə zərbəsi
 
Məlumatda deyilir ki, təxminən 50-dən çox F-35 və F-15 tipli qırıcı Tehranın ətrafındakı və Kərəc şəhərində yerləşən TESA zavodlarına və Tehran Tədqiqat Mərkəzinə zərbələr endirilib. Bu müəssisələrdə uranın zənginləşdirilməsi üçün istifadə edilən müasir sentrifuqaların komponentləri istehsal olunur.
 
MAQATE təsdiqləyib ki, TESA kompleksində iki bina tamamilə dağıdılıb, bir bina isə ciddi zədələnib. Agentlik bəyan edib ki, bu obyektlər əvvəlcədən onların nəzarətində olub və zərbələrin nəticələri ciddi ekoloji və nüvə təhlükəsi yarada bilər.
 
İsrail ordusu həmçinin "yer-yer" və "yer-hava" tipli raketlərin istehsal edildiyi digər hərbi infrastruktur obyektlərini də vurduğunu bildirib. Hücumun məqsədi İranın nüvə proqramını ləngitmək və potensial nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
 
"Fəttah" raketləri və "cəza əməliyyatları"
 
İran isə dərhal cavab olaraq 17-18 iyun gecəsi İsrail ərazisinə, xüsusən Təl-Əviv, Hayfa və Yuxarı Qalileyaya raketlər atıb. İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yeni nəsil "Fəttah" raketlərindən istifadə etdiklərini bildirib və iddia edib ki, bu raketlər İsrailin "Dəmir qübbə" sistemini dəf edə bilir.
 
İranın hərbi rəsmiləri açıq şəkildə bəyan edib ki, bundan sonra onların hərbi reaksiyası "səbrli və çəkindirici" deyil, "cəzaedici" olacaq. General Əbdülrəhim Musəvi və Müdafiə Nazirliyinin nümayəndəsi general Rza Talai-Nik zərbələrin konkret olaraq İsrailin hərbi-kəşfiyyat obyektlərinə yönəldiyini söyləyib.
 
MАГATE nüvə təhlükəsi barədə xəbərdarlıq edib
 
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi bu eskalasiyanın ciddi nüvə fəlakəti ilə nəticələnə biləcəyinə dair xəbərdarlıq edib. Agentlik qeyd edib ki, İsfahan şəhərində yerləşən və 10 nüvə başlığı istehsal etməyə yetəcək 409 kq yüksək zənginləşdirilmiş uran ehtiyatlarının hazırda harada olduğu məlum deyil.
 
Qrossi bildirib ki, tərəflər hərbi əməliyyatlarda nüvə obyektlərindən uzaq durmalıdırlar. "Yaranacaq radioaktiv sızıntının sərhədi olmayacaq. Bu, təkcə region üçün yox, bütün dünya üçün təhlükədir", - o, vurğulayıb. MAQATE ekspertlərinə görə, hücum edilən obyektlərin bəzilərində radioaktiv materiallar olmasa da, ehtiyatlı davranılmadığı təqdirdə uran qazı (flüorid) ətraf mühitə yayıla bilər.
 
Trampın təzyiqi və ABŞ-ın tərəddüdü
 
Hadisələrin fonunda ABŞ prezidenti Donald Tramp İranın "qeyri-şərtsiz təslim" olmasını tələb edib. "The Wall Street Journal" nəşri yazır ki, Tramp hazırda müşavirləri ilə mümkün hərbi zərbələr barədə müzakirələr aparır, lakin hələlik qəti qərar verilməyib.
 
Eyni zamanda "The Washington Post" xəbərdarlıq edir ki, ABŞ-ın dəstəyi olmadan İsrailin hava hücumundan müdafiə sistemləri ən yaxşı halda 10-12 gün davam gətirə bilər. ABŞ-ın müdaxilə etməməsi İsrailin müdafiə imkanlarını zəiflədə bilər. İranın BMT-dəki daimi nümayəndəsi bəyan edib ki, ABŞ  birbaşa müdaxilə edəcəyi təqdirdə cavab tədbirləri "bütünlüklə mütənasib və sərt" olacaq.
 
"Radiasiya pasport soruşmaz"
 
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, bu cür hücumlar nüvə obyektlərinə yönəldiyi üçün artıq nəzəri yox, real nüvə təhlükəsi mövcuddur: "Radiasiya pasport, viza vətəndaşlıq soruşmur, hər yerə yayılır".
 
Nüvə silahları üzrə mütəxəssis Pavel Podviq isə qeyd edib ki, bəzi zavodlara enerji verən elektrik stansiyaları sıradan çıxıbsa, bu sentrifuqaların bərpası artıq mümkün olmayacaq. Hələlik genişmiqyaslı radioaktiv çirklənmə yoxdur, amma dağıntıların təmizlənməsi zamanı ciddi ehtiyatlılıq tələb olunur.
 
Gərginliyin pik nöqtəsi
 
İsrail və İran arasında yaşanan bu qarşıdurma artıq sıradan hərbi münaqişə deyil, nüvə böhranına çevrilmək üzrədir. MAQATE-nin xəbərdarlıqları, ABŞ-ın qeyri-müəyyən rolu və tərəflərin getdikcə sərtləşən ritorikası bütün Yaxın Şərqi və dünyanı yeni bir fəlakətin astanasına gətirib çıxara bilər.
Seçilən
8
moderator.az

1Mənbələr