AZ

Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) təşəbbüsü ilə Bakıda “Konstitusiya və Suverenlik İli” və 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr olunmuş “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilib. Tədbirdə 15-dək ölkədən ombudsman və milli insan hüquqları təsisatlarının rəhbərləri və nümayəndələri, dövlət orqanlarının yüksəkvəzifəli şəxsləri, deputatlar, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, həmçinin insan hüquqları sahəsində təcrübəli ekspertlər iştirak ediblər.

Əvvəlcə ədliyyə naziri Fərid Əhmədov Prezident İlham Əliyevin simpozium iştirakçılarına müraciətini səsləndirib.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva qanunun aliliyinin gücləndirilməsi kimi qlobal əhəmiyyətli mövzu üzrə təşkil ­olunan bu tədbirin insan hüquqlarının müdafiəsi məsələsinin müzakirəsi və gələcək perspektivlərin dəyərləndirilməsi baxımından faydalı olacağına əminliyini ifadə edib. 

Konstitusiya Məhkəməsinin sədri ­Fərhad Abdullayev bildirib ki, ­qloballaşan dünyada dövlətin, cəmiyyətin harmonik, sabit inkişafında fundamental hüquq və azadlıqların qorunması və qanunun aliliyinin təmin edilməsi mühüm şərtdir. Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov isə bildirib ki, ölkəmizdə insan hüquqlarının qorunması ali dəyərə çevrilib. Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansının sədri Amina Buayaşın və Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin sədri Luiza Holkun konfrans iştirakçılarına videomüraciətləri dinlənilib.

Beynəlxalq Simpozium işini panel müzakirələrlə davam etdirib. 

Yekunda Ombudsmanların Beynəlxalq Simpoziumunun Bəyannaməsi qəbul olunub.

***

Milli Məclisin sədri Sahibə Qafarova həmin gün “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçıları ilə görüşüb.

Sahibə Qafarova Azərbaycan paytaxtının hazırda həm simpozium, həm də regionda parlamentlərarası əməkdaşlığın mühüm mexanizmi olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci Assambleyasına uğurla ev sahibliyi etdiyini deyib. Belə tədbirlərin təşkilinin, beynəlxalq ictimaiyyəti maraqlandıran məsələlərin müzakirəsi üçün platformanın təmin olunmasının Azərbaycanın baxışını, dialoqa və əməkdaşlığa sadiqliyini əks etdirdiyini vurğulayıb. Qeyd edib ki, bu, ciddi problemlərlə üzləşən dünyada yalnız birgə səylər və koordinasiya ilə ümumi məqsədlərə və mühüm nəticələrə nail ola biləcəyimizə inamın təzahürüdür. 

Görüşdə qonaqlara Azərbaycanın inkişaf yolu və insan hüquqları sahəsində əldə etdiyi nailiyyətlər barədə məlumat verilib. 

XQ

 

Seçilən
12
xalqqazeti.az

1Mənbələr