AZ

Paşinyanla kilsənin qarşıdurması biznesmenləri də vurdu...


“Taşir” Şirkətlər Qrupunun rəhbəri, rusiyalı biznesmen Samvel Karapetyan ətrafında baş verənlər son günlərdə Ermənistanda əsas müzakirə predmetlərindən biridir. Buna əsas səbəb Samvel Karapetyanın kilsəni müdafiə etməsi, Nikol Paşinyan hakimiyyətinin məsələyə sərt reaksiya verməsidir.

Karapetyan bildirib ki, kiçik bir qrup ermənilərin tarixini, minilliklər boyu erməni kilsəsinin tarixini unudaraq erməni kilsəsinə, erməni xalqına hücum edib: “Mən həmişə erməni kilsəsinin və erməni xalqının tərəfində olduğum üçün birbaşa prosesdə iştirak edəcəm. Siyasətçilər uğursuzluğa düçar olsa, biz də bütün bunlarda öz qaydamızla iştirak edəcəyik”.

Samvel Karapetyanın açıqlamasına ilk olaraq Nikol Paşinyan öz “Facebook” səhifəsində cavab verib. O, ad çəkmədən fəallaşan iş adamlarını fəaliyyətini dayandıracağı ilə hədələyib: “Nə üçün əxlaqsız “din xadimləri” və onların əxlaqsız “xeyirxahları” aktivləşib? Problem yox, biz onları yenidən deaktiv edəcəyik. Həm də həmişəlik". Paşinyanın postundan 3 saat yarım sonra Milli Təhlükəsizlik Xidmətinin maskalı dəstələri Samvel Karapetyanın malikanəsini mühasirəyə alıb. Deputat Artur Hovannisyan Ermənistan Milli Assambleyasında bildirib: “Samvel Karapetyan, biz sizin məsələ ilə məşğul olacağıq". Bu ifadədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Karapetyanın evinə daxil olaraq onu saxlayıblar. İfadəsi alındıqdan sonra o, sərbəst buraxılıb. Lakin iş adamı artıq “qara siyahı”dadır. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətləri ilə paralel olaraq Paşinyan bildirib:

"Bura sizin üçün Kaluqanın Nijni Tapir kəndi deyil. Bura Ermənistan Respublikasıdır.

Ümid edirəm ki, dövlətin dadı ağzınızda qalacaq". Artur Hovannisyan da yenidən məsələ ilə bağlı açıqlama verib: “Samvel Karapetyan, get sahibi olduğun “Ermənistanın Elektrik Şəbəkələri” şirkəti ilə məşğul ol, onun iş keyfiyyətini təmin et ki, insanların işıqları sönməsin. Sirkin tikintisini başa çatdır. Orda iş görmək üçün üzərinizə götürdüyünüz öhdəlikləri yerinə yetirməmisiniz, yerinə yetirin, əks halda biz Ermənistan Respublikasının hökuməti olaraq sizin məsələlərinizlə hərtərəfli məşğul olacağıq". “Taşir” şirkətlər qrupunun mətbuat xidməti Samvel Karapetyanın aşağıdakı rəsmi bəyanatını yayıb: “Harada oluramsa olsun, nə olursa olsun, bütün gücümlə erməni xalqının müqəddəslikləri uğrunda mübarizə aparacağam. Mən heç kimə icazə verməyəcəyəm ki, onlar hər hansı bir məqsəd güdərək bizim müqəddəsliyimizi ləkələsin”. İş adamı Rusiyanın RT telekanalına da deyib: “Onlar maskalı şou qurub məni həbs etmək istəyirdilər. Həyətə toplaşan insanlar, sadə insanlar isə müqavimət göstəriblər”. Bu hadisələrə münasibət bildirən kilsə bəyan edib: “Bu yaxınlarda məlum olub ki, erməni kilsəsinə dəstək ifadə edəndən dərhal sonra hüquq-mühafizə orqanları tərəfindən milli xeyriyyəçi Samvel Karapetyanın həbsinə cəhd edilib. Biz açıq-aşkar siyasi motivli olan təqibləri qətiyyətlə pisləyirik. Biz Ermənistan hakimiyyətini qanunsuz fəaliyyətlərini dərhal dayandırmağa çağırırıq”. Baş nazirin sözçüsü Nazeli Bagdasaryan buna cavab verib: “Özünü müqəddəs adlandıranlar, şimaldan aldığı klassik “metod”la Ermənistanın daxili gündəmlərinə qarışmaq qərarına gəlib. Onların Ermənistanı periferik əyalətə çevirmək cəhdləri əbəsdir”.

Baş verənlər fonunda “armenianreport” portalı yazır: “Milli Məclisdə hakim “Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyasından olan deputatların çıxışları yalnız Erməni Apostol Kilsəsinə, bütün ermənilərin katolikosu II Qareginə və sonuncunun müdafiəsi ilə bağlı çıxış edən şəxslərə aiddir. Daha əvvəl kilsəni dəstəkləyən çıxış edən “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin sahibi Samvel Karapetyanın adı ən çox hallanırdı. Üstəlik, hakim partiyanın parlament fraksiyasının rəhbəri Hayk Konjoryan şirkətin milliləşdirilməsini təklif edib. Bəli, iclas zalında olan yeganə müxalifət nümayəndəsi Ermənistan Respublika Partiyasının üzvü, deputat Tiqran Abramyan idi. Belə ki, hakim partiyadan olan deputatların çıxışları cavabsız qalıb. Amma indiki hakimiyyətə müxalifət lazım deyil. Daha dəqiq desək, Ermənistanda müxalifətin siyasi təbəqə kimi fiziki yoxa çıxmasına hakimiyyət sevinərdi. Və təəccüblü deyil ki, hakimiyyətyönlü “informasiya zibilxanaları” artıq öz himayədarlarının sifarişlərini yerinə yetirirlər. Yalan və cəfəngiyyatlar yayırlar, ona görə də Samvel Karapetyanın kilsə və bütün ermənilərin katolikosu II Qaregini dəstəkləməsinə sərt reaksiya baş nazir Nikol Paşinyanın müəyyən “təlimatıdır”. Deyirlər ki, “redaksiyalar baş nazir Paşinyandan hökumət üzvlərinə 21 may 2025-ci il tarixli yazılı göstəriş alıb”. Orada yazılanların hamısını tam çatdırmayacağam, kimə lazımdırsa, hamısını hökumətyönlü mediada və Telegram kanallarında tapacaq. Hakimiyyətə lazım olan məlumatı və ya dezinformasiyanı sızdırmağa öyrəşmiş şəxsləri hər kəs bilir. Belə bir “informasiya qabı” hazırlayıb, öz drenaj çənləri vasitəsilə yayaraq, hakimiyyət bizi inandırmağa çalışır ki, Paşinyan da “Naşa Raşi”dən olan deputatlar Pronin və Mamonov kimi “xalqı düşünür”. O cümlədən “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinə qarşı sanksiyaların tətbiq edilməsi tələbi. Üstəlik, Paşinyan artıq “insanlara dəyən ziyanın ödənilməli olduğunu” iddia edir. İddialara görə, o, hətta arzusunu yerinə yetirmək üçün müddət də qoyub - bir ay. Eyni zamanda, hökumətyönlü mediaya sızan məlumatlardan başqa, “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinə qarşı sanksiyaların əslində bir səbəbi olduğuna dair başqa heç bir sübut yoxdur. Sadə dillə desək, qarşımızda sifarişlə hazırlanmış primitiv iş var - informasiya və siyasi işin məqsədi Samvel Karapetyana bütün ermənilərin katolikosunu dəstəklədiyinə görə təzyiq göstərməkdir. Bütün bunları nə adlandırmaq olar? Bənzətmə tapmaq çətindir. Hətta Putin Rusiyasında belə bir şey yoxdur. Ortaya çıxan yeganə bənzətmə bolşeviklərin Rusiyada hakimiyyətə gələrək məbədləri, kilsələri dağıdıb, ruhaniləri öldürdüyü dövrlə bağlıdır. Lakin o zaman da kilsə möhkəm dayandı və sağ qaldı. İndi buna qarşı ölkəmizdə hələ də siyasi hakimiyyətdə olanlar tərəfindən yeni kampaniya başlayıb. Uzun müddətdir, məqsədyönlü şəkildə işləyirlər ki, Bakı və Ankara onları alqışlasınlar. Budur, ən son Paşinyanın Türkiyə səfəri. Amma bu, İsraillə İran arasında davam edən müharibənin yaratdığı problemlər fonunda ölkəmiz üçün çox vacib olan Türkiyə-Ermənistan quru sərhədinin açılmasına gətirib çıxarmayacaq. Və Ərdoğana yeni geosiyasi xallar qazanmaq şansı verən bu səfəri etmək üçün sadəcə olaraq başqa səbəblər yoxdur. Deməli, biz yenə də Paşinyan tərəfindən açıq-saçıq axmaqlıq və ya xəyanət nümunəsi ilə üz-üzəyik. Onun antidövlət və antimilli fəaliyyəti ilə bağlı çoxlu nümunələr gəlməyibmi? Bununla belə, bu ritorik sualdır. Hamımızın vahid cəbhə olaraq buna cavab verməyin vaxtıdır. Həm də sözlərlə deyil, hərəkətlərlə. Çünki gecikmənin qiyməti faciəvi şəkildə böyük ola bilər”.

Tahir TAĞIYEV

Seçilən
6
baki-xeber.com

1Mənbələr