AZ

“5 ilə alyansa hücum edəcək qədər güclənəcək”

Fransanın Strasburq şəhərində Avropa Birliyinin (AB) parlament üzvləri qarşısında çıxış edən AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Rusiyanın təkcə Ukrayna üçün deyil, bütün Avropa üçün təhlükə yaratdığını iddia edib.

Rusiya prezidenti Vladimir Putinin nəhəng hərbi xərclərinin uzunmüddətli təcavüz planına dəlalət etdiyini müdafiə edən Kallas, “Ordudan istifadə etməyi planlaşdırmırsınızsa, orduya bu qədər pul xərcləməzsiniz” dedi.

Avropanın mümkün hücuma qarşı özünü müdafiə etməyə hazır olması lazım olduğunu vurğulayan Kallas, Moskva rejiminin Avropa hava məkanını pozduğunu, təxribat xarakterli hərbi təlimlər keçirdiyini, enerji infrastrukturuna, boru xətlərinə və sualtı kabellərə hücumlar təşkil etdiyini iddia edərək, Moskva rejiminə qarşı tənqidlərini sadalayıb və “Rusiya Avropa Birliyi üçün birbaşa təhdid halına gəldi”, – deyib.

Bu prosesdə Moskvanın müdafiə xərclərinin də diqqətəlayiq səviyyələrə çatdığını bildirən Kallas, Rusiyanın müdafiə büdcəsinin AB-nin 27 üzvünün ümumi müdafiə xərclərini aşdığını bildirib. Kallas, “Rusiya bu il müdafiəyə səhiyyə, təhsil və sosial xidmətlərə xərclədiyi vəsaitdən daha çox vəsait ayırdı. Bu, uzunmüddətli bir təcavüz planıdır. Əgər hərbi xərclər bu səviyyəyə çatarsa, bu, bu gücün istifadəyə hazırlandığı anlamına gəlir”, – deyə xəbərdarlıq etdi.

***

Kallas, “Avropa hücuma məruz qalır və dünyamız getdikcə daha təhlükəli hala gəlir” sözləri ilə təhlükəsizlik risklərinə diqqət çəkərkən, NATO-nun baş katibi Mark Rutte də buna bənzər xəbərdarlıq edib. Rutte, Rusiyanın üç ayda istehsal etdiyi silah və sursatın 32 NATO müttəfiqinin bir ildə istehsal etdiyi silahdan çox olduğunu ifadə edərək, Rusiyanın bu onilliyin sonuna kimi NATO üzvünə birbaşa hücum etmək gücünə çata biləcəyi barədə xəbərdarlıq edib.

Almaniya Xarici Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kahl da Rusiyanın təkcə Ukraynanı deyil, həm də Qərbi hədəfə aldığını bildirərək, “Ukrayna Qərbə gedən yolda sadəcə bir dayanacaqdır. Onların son məqsədi NATO-nu 1990-cı illərin sonunda olduğu vəziyyətə qaytarmaq və Amerikanı Avropadan çıxarmaqdır. Onlar bu məqsədə çatmaq üçün hər cür cəhd etməyə hazırdırlar”, – deyib.

Kahl bu təhlükənin ən başlanğıcda aradan qaldırılmalı olduğunu vurğulayaraq, çəkindirmənin “müharibənin qarşısını almağın ən qansız yolu” olduğunu söyləyib.

NATO ölkələri gələn həftə Hollandiyada keçiriləcək sammitdə müdafiə xərclərini artırmaq öhdəliyini ehtiva edən yeni plan üzərində razılığa gəlməyə hazırlaşır.

Seçilən
12
vaxt.az

1Mənbələr