AZ

Azərbaycan Yaxın Şərqdəki münaqişələrlə bağlı balanslı mövqe sərgiləyir - Mübariz Göyüşlü

BAKI, TurkicWorld

İsrailin İrana hücumu Yaxın Şərqdə onsuz da kifayət qədər gərgin olan vəziyyəti daha da həssas, həyəcanlı və dözülməz bir mərhələyə gətirib.

Bu sözləri TurkicWorld-ə olan açıqlamasında, Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

O qeyd edib ki, hazırda regionda vəziyyət günü-gündən daha da ağırlaşır. “Təəssüf ki, dünyanın aparıcı dövlətləri – başda ABŞ olmaqla – və bir sıra beynəlxalq təşkilatlar bu münaqişənin həlli istiqamətində real addımlar atmırlar. Münaqişənin miqyası getdikcə genişlənir və bu, təbii ki, Azərbaycan üçün də müəyyən çətinliklər yaradır. ”- deyə o vurğulayıb.

Mübariz Göyüşlünün fikrincə, Azərbaycan dövlətinin bu kritik mərhələdə atdığı addımlar müsbət qiymətləndirilməlidir. “İstər soydaşlarımızın müdafiəsi üçün İsrailə qeyri-rəsmi şəkildə müraciət olunması, istər humanitar dəhliz yaradılması, istərsə də bu münaqişədə tərəf olunmaması və ölkə ərazisinin bu toqquşmada istifadəsinə imkan verilməməsi əhəmiyyətli və doğru qərarlardır.”- deyə o bildirib.

O vurğulayıb ki, belə bir həssas situasiyada balans və neytrallıq saxlamaq çox çətindir, lakin Azərbaycan bu məsuliyyətin öhdəsindən layiqincə gəlir. “Hazırda bəzi təxribatçı məlumatların da yayıldığını görürük. Bəziləri iddia edir ki, guya Azərbaycan ərazisindən İranın ərazisinə dronlar buraxılır. Bu tamamilə əsassız və düşmən qüvvələrin yaydığı yalan informasiyalardır. Azərbaycan bu tip təxribatçı məlumatları qətiyyətlə təkzib edir və yalan olduğunu sübuta yetirir. Dövlətimizin hadisələrə çevik, ədalətli və neytral yanaşmasını aydın şəkildə müşahidə edirik.”- deyə siyası şərhçi sonda qeyd edib.

Nərmin Ağayeva

Seçilən
3
turkic.world

1Mənbələr