Bakının müxtəlif ticarət obyektlərində, supermarketlərdə və mağazalarında bir çox insan bu sualla qarşılaşır: eyni məhsul niyə bir yerdə 3 manat, başqa bir yerdə isə 5 manata satılır? Bu qiymət fərqi bəzən fərqli keyfiyyət və ya marka ilə izah oluna bilər, lakin çox vaxt eyni məhsul – eyni qablaşdırma, eyni istehsal tarixi – fərqli ünvanlarda ciddi qiymət fərqi ilə təqdim olunur.
NOCOMMENT.az xəbər verir ki, şəhərin mərkəzində (Tarqovu (Nizami küçəsi), İçərişəhər, Sahil) kəskin qiymət artımı müşahidə olunur. Bu ərazilərdə qiymətlər digərlərinə nisbətən daha bahadır.
Bəs bu qiymət fərqinin səbəbi nədir?
Yerin icarəsi
Şəhərin mərkəzindəki mağazalar daha yüksək icarə haqqı ödəyir. Satıcı bu xərci kompensasiya etmək üçün məhsula əlavə qiymət qoyur. Elə buna görə də Nizami küçəsindəki marketlə Binə qəsəbəsindəki market arasında qiymət fərqi normal hala çevrilib.
Müştəri axını və davamlı satış
Mərkəzi obyektlərdə davamlı müştəri axını vardır. Bu, əlavə reklam xərci olmadan satışı sürətləndirir və satış həcmi qiymət artımını kompensasiya edir.
Ticarət strategiyaları və seqmentasiya
Eyni məhsul müxtəlif alıcı qruplarına fərqli qiymətlərlə təqdim edilir. Mərkəzi yerlərdə gəliri yüksək olan auditoriyaya yönəlməklə qiymətlər şişirdilir. Yəni məhsulun qiyməti həmin auditoriyadakı insanların yaşama səviyyəsinə uyğun təyin edilir.
Rəqabət azlığı
Bəzi mərkəzi obyektlərdə alternativ seçimlər az olduğundan qiymətlər süni şəkildə yüksək saxlanılır.
Alıcı psixologiyası
Bir çox alıcı “bahalı olan daha yaxşıdır” düşüncəsi ilə alış edir. Satıcılar da bundan istifadə edərək, mərkəzi yerlərdə qiymətləri yüksəldirlər. Məkanın prestiji, işıqlı vitrinlər və musiqi fonu məhsulu daha “dəyərli” göstərir.
Bəs bu halda alıcılar nə etməlidir?
Qiyməti müqayisə etmədən alış etməmək, eyni ticarət şəbəkəsinin fərqli filiallarında qiymətlərə baxmaq, endirimlərə və təkliflərə diqqət yetirmək, onlayn satışlara da baxmağınız tövsiyə olunur.
Qısası, baha olmaq keyfiyyət demək deyil, ucuz olmaq isə hər zaman keyfiyyətsizliyi göstərmir. Ağıllı istehlakçı olmaq üçün seçimlərə diqqətlə yanaşmaq kifayətdir.\\Valyuta.az