Rusiyanın rəsmi dövlət televiziyası - "Rossiya 1” kanalında teleaparıcı Vladimir Solovyov növbəti dəfə Azərbaycana qarşı nifrət çağırışları edib.
O, özünü jurnalist olaraq yox, bir təxribatçı kimi aparır və illərdir ki, bu şakərindən qurtula bilmir. Ermənistanda saxlanılan dostunu, Karapetyanı müdafiə bəhanəsi ilə ölkəmizə qarşı hədyanlar səsləndirir. Qondarma "Artsax” ifadəsini təkrar edərək, Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər tirajlayır. Bu isə beynəlxalq hüquq, eləcə də Azərbaycan-Rusiya münasibətlərinə birbaşa hörmətsizlikdir.
Bu həmin Solovyovdur ki, 44 günlük müharibə dövründə də manipulyativ bəyanatlar tirajlayıb ölkəmizin haqlı mövqeyini şübhə altına almaq niyyəti güdürdü. Ancaq "İt hürər, karvan keçər" misalında olduğu kimi, Solovyov kimilər dərin məyusluğa qərq oldular.
Ermənistan cəmiyyətinə yenidən müraciət edən və "Artsax"ın taleyi sizi də gözləyir” söyləyən bu "pultla idarə edilən jurnalist" öz tədbirincə "suyu bulandırmağa" çalışır. Kreml, dövlət televiziyası vasitəsilə yayımlanan təxribatçı çağırışlara son qoymalıdır.
Şübhəsiz ki, Azərbaycan cəmiyyəti bu şəkildəki davranışlara qarşı etinasız qala bilməz. Ölkənin ərazi bütövlüyü müzakirə mövzusu deyil və ola da bilməz. Bu, təkcə Azərbaycana yox, həm də regionda sülhə qarşı bir təhdiddir.
Zaman göstərir ki, tarixi təhrif edənlər unudulur, həqiqətlər isə gec-tez öz yerini tutur.
Azər Niftiyev