Rusiya prezidenti Vladimir Putin bildirib ki, nəvəsi çin dilində sərbəst danışır, qızı isə bu dili öyrənməyə hələ 2000-ci illərin əvvəlində başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə dövlət başçısı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin nümayəndələri ilə görüşdə danışıb.
Putin qeyd edib ki, nəvəsinin tərbiyəçisi Pekindən olan çinlidir və onlar bir-biri ilə sərbəst şəkildə çin dilində ünsiyyət qururlar. Rusiya lideri əlavə edib ki, qızının çin dilinə marağı hələ bu sahədə qlobal trend başlamazdan əvvəl yaranıb:
“Qızım 2000-ci illərin əvvəlində – hələ bu istiqamətdə ciddi hadisələr və maraq yaranmamışdan öncə – təşəbbüskar şəkildə çin dili öyrənməyə qərar verdi, müəllim tutdu və öyrənməyə başladı”.
Prezident onu da vurğulayıb ki, Rusiyada çin dilinə maraq durmadan artır. Onun sözlərinə görə, bu, Rusiya ilə Çin arasında genişlənən əlaqələrin və iqtisadi əməkdaşlığın təbii nəticəsidir:
“Burada qeyri-adi heç nə yoxdur. Bu, Rusiya-Çin münasibətlərini digər ölkələrlə əlaqələrdən ayırmır. Harada ki, iqtisadi və insani əlaqələr genişlənir, orada dilə maraq da artır”.
Şahanə Rəhimli,
Musavat.com