“Komandalar daxili çempionat və ya kubok vasitəsilə avrokubokda iştirakını rəsmiləşdirir. Bu da onların ciddi rəqib və keyfiyyətə malik olması deməkdir”.
Msport.az xəbər verir ki, bunu Sloveniyanın “Selye” klubunun baş məşqçisi Albert Riera deyib.
O, klubun rəsmi saytın müsahibəsində Avropa Liqasında “Sabah”a rəqib olmalarını dəyərləndirib: “Sabah”la qarşılaşmaya hələ çox vaxtımız olduğundan, rəqibi hərtərəfli təhlil edə biləcəyik. İkinci təsnifat mərhələsindəki rəqibin də adı bəllidir. Ötən mövsüm keyfiyyətli rəqiblərə qarşı hər matçda çox yaxşı çıxış etdiyimiz üçün özümüzə inanırıq”.
Ötən mövsüm Konfrans Liqasında 1/4 finala kimi irəliləyən “Selye”nin baş məşqçi bu il də hədəflərinin yüksək olduğunu vurğulayıb: “Ötən mövsüm əldə etdiyimiz nəticə fantastik idi. Təkcə klubun deyil, bütün ölkənin fəxr edə biləcəyi Sloveniya klub futbolunun tarixini yazdıq. Bu, bizim üçün çox şey deməkdir. Ancaq futbolda keçmişlə yaşamaq olmaz. Hər mövsüm yeni motivasiya tapmalı, yeni məqsədlər qoymalı və onlara çatmaq üçün hər şeyi etməlisən. Yeni mövsümə də eyni məqsədlə başlayacağıq. Biz kim olduğumuzu bilirik, heç bir rəqibdən çəkinmirik. Çünki istənilən komanda ilə rəqabət apara biləcəyimizi sübut etmişik”.
Qeyd edək ki, “Sabah” “Selye”yə ilə ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü bir həftə sonra səfərdə keçirəcək.