ain.az, Kulis.az saytına istinadən bildirir.
Kulis.az ötən gün intihar edən azərbaycanlı rəssam Fərhad Yalquzaq haqqında materialı təqdim edir.
Rəssam və yazıçı Fərhad Yalquzaq 1973-cü ildə anadan olub. Əsl soyadı İsgəndərov olan rəssam "Yalquzaq" təxəllüsünü 1999-cu ildə götürüb. O, təkliyi sevirdi. İnsanlardan uzaqlaşıb özünü cəmiyyətdən təcrid edirdi.
O, müsahibələrindən birində özünü belə təqdim edir:
"Fərhad hər şeydən öncə rəssamdır, ruhən özünü boyalar aləmində görür, duyğularını, arzularını boyaların və xətlərin, yaxud çeşidli formaların araclığı ilə çatdırmağı xoşlayır. Digər tərəfdən, boyalarla ünsiyyət qurmaq mənə hər zaman nəsib olmur, bəzən çox yoruluram, bu vaxt köməyə nəsr və poeziya çatır. Mən boyalardan aldığım zövqü artıq sözlərdən və cümlələrdən də almağa başlamışam. Buna çox sevinirəm, yəni ilişib yalnız boyalar aləmində qalmamışam".
2015-ci ildə dağlarda yaşadığı təcrübələri "Orman adamı" adlı kitabında yazıb.
Rəssamlıqda kağız və akril materiallardan istifadə edərək, improvizasiya və paralel reallıq mövzularına yönələn işlər yaradıb.
2022-ci ildə keçirilən “XAZART” incəsənət simpoziumunda iştirak edib və avanqard əsərləri ilə diqqət çəkib.
2000–2012-ci illər ərzində "Afrikalı şaman", "Qız və üç balıq", "Şaman transda", "Balıqlar bürcü" və s. kimi əsərləri ilə tanınıb.
O, ədəbiyyat haqqında bunları deyir:
"Əslində, sözlə oynamaq deyərkən sözü oyuncağa çevirməkdən söhbət getmir. Söz ciddi məsələdir, əyləncə deyil. Ancaq sözə həddindən artıq ciddi yanaşan yazar özünü istəmədiyi bir çərçivəyə sala bilər, necə ki, sözü oyuncağa çevirən bir yazar da sonunda özünü xaosa atmış olur... Bilmirəm, bəlkə də, kimsə xaos yaratmaqla bir ədəbiyyat, yeni bir cərəyan icad etdiyini düşünə bilər, ancaq mənim aləmimdə, hətta absurdun, mücərrədin özündə də bir dayanış nöqtəsi olmalıdır, yəni yazar ayağını hansısa bir istinad nöqtəsinə dirəməlidir, yoxsa yazdığının başlanğıcı olmadığı kimi, sonu da olmaz. Söz, doğrudan da, dostdur, onu incitmək, zorlamaq olmaz, ancaq bir çocuq oynayaraq böyüdüyü kimi, bir yazar da sözlərlə oynasa, özünü çərçivələrin inhisarına atmasa, yaradıcılıqda böyüyə bilər".
Onun əsərlərində üçbucaq obrazlar var. O, dağlarda yaşayanda obrazlar fikirləşir, onlarla danışırmış. Bir gün yuxuda yadplanetlilərə bənzər bir varlıq görür. Həmin dövrlərdə rəssam eyni zamanda kitab üzərində işləyirmiş. Kitabı bitirəndən sonra rəsm əsərləri üzərində işləməyə başlayır. Yavaş-yavaş üzbucaq obrazlar yaranır. Bir müddət belə obrazlar üzərində işləməyi dayandırmaq istəsə də, mümkün olmayıb, əksinə, belə obrazlar üzərində daha çox işləməyə başlayıb.
Tənha yaşayan rəssam paytaxtda yerləşən emalatxanasında dünyasını dəyişib. Onun nəşini dostları aşkar ediblər.
O, qollarına bıçaqla xəsarət yetirib və qanaxmadan ölüb.
O, rəssam olmaqla yanaşı həm də şair olub.
Fərhad Yalquzağın bəzi şeirlərini təqdim edirik:
abşeron divarlarında yuxulamış kölgələri
ritmik cazın hənirtisi dümsükləyir
üstünü qum almış izlərin sahibləri boylanırlar
yüzillərin arxasından yetim kimi
ədalətsizlikmi deyim buna ya qanunauyğunluq
dünyanın nekroloqu yazılacaq baş daşıma
daş düşüncə başıma
* * *
açılmamış düyünlər cavabsız sorular kimi
dörd yandan qapalı divarlar arasında
qıfıllı sandıqlarda kilitli mücrülərdə
kodlanmış seyflərdə gizlədilmiş həqiqətlər
mücərrədə qandallanmış qaranlıqda solub gedər
bağlı qapı arxasında nə sirr qalar nə həqiqət
nə din iman nə təriqət
cavab olmaz sorulara açılmazsa düyünlərin
qanun yasa adət törə
çözə bilməz nədir yalan nədir gerçək bu halında
düyünlərin timsalında boğazlanınca qəhərin
gecələrin qucağında mürgüləyər səhərlərin
axıb gedər həqiqətlər yağmurlarda sular kimi
açılmamış düyünlərin yetim qalar
cavabsız sorular kimi
* * *
hər saqqalı ağ olan ağsaqqal olmaz
saqqalı ağ qəlbi dar çürük dişli
yöndəmsiz ədəbsiz xain vərdişli
çox qoca saqqallı keçdi dünyadan
dünyanın beli qırılandan
biri tənbəllikdən müsəlman oldu
molla rütbəsində saldı hay həşir
digəri qoşuldu ona oldu mürdəşir
yarandı yaramaz vərdişlər
saqqal tərpətməklə çözüldü işlər
kütbaşın kündəsi küt getti şikayət etti
saqqal tərpətmədi saqqalı ağlar
yaxın göründü ama yaxın olmadı uzaqlar
sən tikan əkincə gül dərəməzsən
düz yolda yürürsən büdrəyəməzsən
düşünmə düşlərin gerçək olamaz
boşalan ümidlər təkrar dolamaz
saqqalın ağarsın yaşına uyğun
müdrik ol usuna başına uyğun
əllərdə qalan ətək sonda yamaq gətirər
hürməyin biməyən köpək kəndə qonaq gətirər
qurd balası böyüyər heç çaqqal olmaz usta
hər saqqalı ağ olan ağsaqqal olmaz usta
* * *
ahımı ah tutub ah çəkən dərgahmı tutub
sanmayın
dövrünü şah tutub ta əzəlindən əzəli
bal alıb yağ tutub lap əzəli baməzəli
yazıbdır vahidə istinad edib müxəmməsi qəzəli
şeir malikanəsində yatır zaman
zamanın bilgisi yox
ah tutar od şəkəndə ol nəfəsi
yırtar çıxar qəfəsi bu məkan fəlsəfəsi
var olunca yox sarıdan
tanrı tanrı söylərsən
donuzlar çıxmaz darıdan
bəlkə bir gün yaradan yar qucağında var olar
yarım ilə yaradan meyar olar
var olar dövr ilə zəmanəmiz
zamana sığmasa məkan hərgiz dar olar
dolanar daldalanar libasında dərvişin
axı sənin nə işin
burax onu iqtidarına gərdişin
od tutub yansa belə cəhənnəmi
hörmüzü əhriməni
odlanmaz od çəkən zaman cahanım
od tutub yansa da cismimdə canım
* * *
alın bu qələmi mənim əlimdən
yoxsa bu qələm mənim ömrümü yeyir
on dəqiqəyə dörd şeir
yazmışam bu gün usta
razıyam təbimdən ama
alın bu qələmi mənim əlimdən
çünki
yazdığım hər şeir
mənim ömrümü yeyir
* * *
alın yazısını satan birisinə rastladım
alıcısı yoxmuş
düşündüm
tanrı sözü mətbəələrdə basılan zaman
dükanlarda satılan zaman
alıcısı bol olurmuş
alına yazılmış sözün
bir qiyməti yoxmuş
alın yazısını satırdı şair
* * *
asfalt döşənibdir bu yola
dəyirmandan vağzalacan
girib insanlar qol qola
baxır sağa baxır sola bu şəhərin sakinləri
atıb yola kölgəsini sürünürlər axşam səhər
üstü bəzək altı təzək zərzibonlu küçələrdə
elə bil ki bezib özü bu yalançı təmtəraqdan
zırrayaraq gecə gündüz zəhrimar araqdan
sərgərdan gecəqondu dilənçiləri
dolaşırlar kabus kimi yabançı küçələri
bu şəhərin küləyinə qarışıb daşların tozu
bu şəhərin yuxusunu sərxoş dilənçilər yozur
* * *
atlasdandır bu eşşəyin çulu yəgin çoxdur pulu
uzunqulaq olsa da adı adına görə inadı
inadına görə arzu muradı vardır
adəm oğlu kurnazdır eşşək oğlu qoduq
kimsə bilməz fəndini
nə imanı var nə inancı nə dini
qulağını kəsərsən köhlən olmaz
suyunu verərsən quyusu dolmaz
nə ağız yandıran aşdır nə baş yaran daş
sürüyür iki dünya arasında yükünü yavaş-yavaş
insan yalanından yanar eşşək palanından
bir şirinin xatirinə min acını udar
tamarzı qalmaz olanından qalanından
unudar ona biçilən ömrü-günü ağanın qulu
heyvan olsa da adı
bir gün atlasdan olar çulu
* * *
azad olmaq istəyirəm hər şeydən
ən birinci özümdən
cəmiyyətdən ailədən sənətdən
baxıb görməyən kor gözümdən
bir quş olub göylərdə qanad çalmaq
düşüncələrimdən arzularımdan uzaqlaşmaq
sonsuzluğa ulaşmaq
ənginliklərə qarışmaq istəyirəm
ən sonuncu duracaqda qatara minmək
ən yüksək ulduzun gözündə sönmək
əbədiyyətə dönmək istəyirəm
qohumların dostların qınağından uzaqda
bir küncdə bir bucaqda daldalanmaq
yağmurlarda islanmaq şaxtalarda donmaq
küləklərlə sovrulmaq istəyirəm
şərab içib sərxoşların sırasına qatılmaq
anılmayıb bir qıraqda qalmaq
ən yaxın dost tərəfindən satılmaq
okean boyda bir sevginin
dalğalarına dalmaq istəyirəm
azad olmaq istəyirəm hər şeydən
ən birinci özümdən
ən birinci özümdən
* * *
bir gerçəkdir ki
bağa baxarsan bağ olar baxmazsan göz dağı
gözləginən sağı solu eloğlu həyat olmasın bayağı
fəryadına yetışmişmi bir kimsənin əli ayağı
sürüyərsən sən köçünü bu dünyadan
çingənə misalı avara sayağı
evinin sütunu dirəyi dayağı
səninlə birlikdə çürüyüb gedər
hər şey başladığı yerdə də bitər
gözlə qaş arasındadır ölüm dediyin usta
sənin olmaz arzuların yeyib içdiyin usta
bağa bax ki bağ olsun ürəyinə dağ olmasın
gözün başın sağ olsun dərin solub ağ olmasın
bir gerçəkdir gerçək varsa yalquzaq
bağa baxarsan bağ olar baxmazsan göz dağı
elə həyatın özü kimi lağlağı
* * *
bakıya qar yağır mart ayında
ay var günə calayarsan bir il olar
il var aya calayarsan bir gün sürər
köpək kimi bir ağız hürər
ya da dişləri ağarıb
torpaq altından görünər
lap elə bu yaz günündə
səkilərdə ağaran qar kimi
qara köpək ağardırsa dişlərin
deməli tökülüb qalıb işləri
bu natəmiz şəhərin
nə ay çıxır nə gün çıxır
nə mart çıxır nə dərd çıxır
nə də çıxır başımız
bu il yamanca sərt çıxır
martın canından qışımız
deyən zaman üz çevirmiş
qış yaz fəslini yurd tutur
tanrı bizimlə mırt tutur
şubatın ayazın daşıyır yaz canında
sən işə bax
bakıya qar yağır mart ayında
* * *
balıq qoxulu dəniz akdəniz
üzərində portağal rəngli bulud
ayaqlarım soyumuş nəm qumların içində
soyuq efes dad buraxıb ağzımda
neçə vaxtdır ağrıyır boğazım da
bir də ki
yadımdan çıxmışdı adı
hə içinə düyü doldurulmuş midiyanın dadı
sağımda dağlar önümdə antalya axşamına
layla çalan dalğalar
çınqıllı qum
balıq qoxulu dəniz
akdəniz
* * *
deyir balıq çəkirsən yenə sən
neyləyim
bəlkə balıq yox dərd çəkim
mən yanmış torpağa qızılgül əkirəm
mən balıqlarla birlikdə dərd çəkirəm
balıqların dərdini
* * *
baxıram bu dünyaya
baxıram bu ölkəyə
baxıram bu şəhərə
intihar etməyim gəlir
baxıram bu dövlətə
baxıram bu halətə
baxıram bu millətə
intihar etməyim gəlir
* * *
bayquş yaranandan bəri viranə üçündür
düşünər məncə yalnız əqli sönük
dəyişkən gerçəkliklərindən dönük
biri kafir biri divanə üçündür
bu cahan sərsəriyə verib əqli kamalını
aya bənzədib bəzi gözəllərin camalını
yarımçıq arzularla basdırılan sualları
oxu sınmış araba yollarında ayaqyalın
qaçacaq arxasınca qeylü-qalın
bayquşlar ötməsə də yurd yeri qalmış xaraba
yollarında çürüyür oxları sınmış araba
* * *
bayram sümüyü ilə köpək kökəlməz
köpə-köpə qalar
soyuq bir bucaqda sonunu gözlər
necə ki
sönmüş bir ocaqda
yetim qalar soyumuş közlər
bayram sümüyü ilə köpək kökəlməz
zingildəyər laqeyd şəhərin tinlərində
gözlərində işıq sönər
bir xarabalıqda donub heykələ dönər
bayram sümüyü ilə köpək kökəlməz
quyruğun qısıb dolaşar
özü kimi miskin tulalara qoşulub
qaranlıq küçələrdə ulaşar
bayram sümüyü ilə köpək kökəlməz
* * *
bəşəriyyət bu gün
bu şüşənin içindədir
onu bardağa doldurub
sağlıqsız-filansız
çəkəcəyəm başıma
* * *
beşinci ölçü vahidi işınlanmış dördüncüdən
şaman transıyla davul səsiylə
açılmış yeddi qapı aşağıdan yuxarıya
dördüncü ölçü vahidi qanadlanıb yetmiş aya
qərinələr saya saya
ağla qara arasında qayın ağacının arxasında
gizlənmişdir ayın üçü üçüncü ölçü vahidi
çəkə çəkə ayağını dirənərək əsasına
ikinci ölçü vahidi girib dərviş libasına
ulduzları sayıb yığır torbasına
gecə çöldə çırtlayacaq tum kimi
diş altında xırçıldadıb qum kimi
çəyirtkələr basan zaman məkanı
başlar qarışıq idi birinci ölçü vahidi
yarandı o an dumanlanmadan
gövdələndi budaqlandı budaqları haçalandı
üç aya bölündü bircə ay
qamlıq edən zaman makunay
* * *
bıçaq dirənib artıq sümüyə
qərar zamanı
“ne kadar rezil olsak o kadar iyi”
söyləyən o şair kimi laməkanlaşıb
diogen sayağı miflərimi dağıdıb
şübhələrimin üstündən aşıb
girəcəyəm o çəlləyə
bıçaq dirənib artıq sümüyə
* * *
bir ayın üç aya parçalanma hekayəsi
üç ayın min ulduza dönüşməsindən başlar
nə kvant mexanikası nə yüksək riyaziyyat
aça bilməz üç ayın fəlsəfəsini
tanrının şamanlara şamanların ruhlara diqtəsini
yer altında göy üzündə dolaşan davulların səsini
qayın ağacının yarpaqlarının pıçıltısını nəfəsini
min üç yüz illik qarışıq tarix
çöllərə damğalanmış nal izləri
üç ayın işığı altında fəth olunmuş dənizləri
orhun-yenisey daşlarına həkk olunmuş
ulu bir irqin səlnaməsi
bir ayın üç aya parçalanma hekayəsi
* * *
bir yandan tükənib bir yandan dolan
bir badə şərabdır udduğumuz qan
tutub gözümüzü
onların tanrısı gözəgörünməz
hər yandan səslənər bir yana gəlməz
gözlərdən asılan o qara pərdə
ərəb şriftiylə şifrələnmişdir
bu günkü insanın düşüncəsində
yüzillik mollalar eşələnməşdir
nə imiş görəsən məzlumun ahı
dünəni qaranlıq zülmət sabahı
gözləri açılmaz bir baxa bilə
bir görə bilə
o külü götürüb qara əliylə
ağılsız başına bir yaxa bilə
qoyun ömrü kimi yaşanmış həyat
kitabı tapmaca özü mövhumat
elə sürüyəcək belədən belə
yükünü ardınca kölgəsi kimi
özü bu kölgənin köləsi kimi
əbası bahalı üzü tüpürcək
gözləri qan almış o qaragüruh
sənin göz yaşına daim güləcək
bir zərrə inciməz ağrımayan ruh
əlində kitabın gözündə qəmin
sənin diləndiyin o səkilərdə
qoca şəhərdə
siqaret kötüyü düşər önünə
çünki mövhumatdır yaşadığın an
bir yandan tükənib bir yandan dolan
bir badə şərabdır udduğumuz qan
* * *
bir bardaq çay xoruzquyruğu
iki qırım qənd bir dilim limon
şəhər içindəki çayxanada idilliya
bəlkə sərsəm bir yaşantı
hap-gop yeri üstüaçıq illüziya
kim isə laqqırtı vurur
kim isə domino
daşlar şaqqıldayır
qəzetin qırağına rəqəmlər yazılır
taygöz pişik dolanır masa altında
hesablar ödənir kasa altında
birisi qatildir
burada zaman öldürüb məzar qazır
o birisi şairdir
zamanı yox məkanı yox
oturub söz uydurur şeir yazır
bu yaz günü qarşımda
bir bardaq çay xoruzquyruğu
iki qırım qənd bir dilim limon
bir də üstüaçıq illüziyalar
* * *
bir var büt bir var büst
bir var alt bir var üst
bir də var allahı bütə insanı büstə
altı üstə çevirənlər
bir daş altda bir daş üstdə
bir allahı qranitdən büt yapanlar
ziyalını qandallayıb küt yapanlar
bir ölkəni soyundurub lüt yapanlar
bir büstün qarşısına düzülüb baş salladılar
bir ulusun quyusuna daş salladılar
bir daş altda bir daş üstdə
bütə sitayiş edənlərin alnına
bütpərəst damğası vuruldu
büstləri üst-üstə qalayanlara nə ad verək
sayqıları ayaqlar altında təkəbbürləri baş üstə
bir daş altda bir daş üstdə
bir gün adları yazılacaq
bir qranit parçasına dəyməyənlər
soyundurduqları bir ovuc torpağın
altında çürüyəcəklər
bir damla yaş axmayacaq yaş üstə
bircə mələk durmayacaq baş üstə
bir daş altda bir daş üstdə
* * *
bir gün mənə can verən
bu gün tanrıya can verdi
* * *
bir qüssə çilənmiş bu səhər ürəyimə
payız yağmurlarıyla gələn qəm deyil ki
ümidsizlikmi söyləyim
az da olsa ara-sıra
buludların arasından işıq çiləyir günəş
bu pessimist şəhərin küçələrinə
mən payız səhəri kimi
çiskinli dumanlı olmam hər zaman
təbəssüm də qonar hərdən üzümə
işıq da gələr gözümə
ama bu səhər
nə isə düz gəlmir mənimlə fələk
yəgin qurub yeni bir kələk
yekə bir daş yuvarlanacaq
ayaqlarımın altına
ya da
çox zaman olduğu kimi
bu da keçər fəlsəfəsi
üstün gələcək qəmimə
hələlik isə
bir qüssə çilənmiş bu gün ürəyimə
* * *
bir şüşə araq içib çıxacağam qılıqdan
toxuna bilmədiyim qoşa zəri götürüb atacağam
ya bu yeknəsəkliyə bir anlam qatacağam
ya da ki bərk bürünüb yenə də yatacağam
fil qulağında
bilmirəm nə götürüm mən bu xarabalıqdan
yox
bir şüşə araq içib çıxacağam qılıqdan
* * *
birdən qəfil ölsəm günahkar axtarmayın
onsuz da bir anlamı yox
bir də ki bir can borcumuz var
verən bir gün alacaq
axı bu dünya kimə qalacaq
birdən qəfil ölsəm günahkar axtarmayın
deməyin son vaxtlar yaman içirdi
sərxoş olub şirin candan keçirdi
deməyin duymuşdu öz axırını
misal gətirməyin bu şeirləri
açırdı dünyanın pis paxırını
ölümdən bəhs edir son sətirləri
deməyin dərvişlər kimi laməkan
olsa da imkan
bir yer axtarırdı o gizlənməyə
bəlkə də məzardı aradığı yer
ürəyi darıxır canı sıxılır
bəlkə də insanlar belə yıxılır
birdən qəfil ölsəm günahkar axtarmayın
deyin ki həyatın sonuna vardı
üzünü göylərə tutub yalvardı
doğanın yazığı gəldi sonunda
alıb onu bu dünyadan onu qopardı
qucağına apardı
* * *
ağ kağız at kimi dayanıb üzümə
kipriklərin qırpmadan dimdik baxır gözümə
qələm əldə titrəyir söz dilimin ucunda
nə düşünə bilirəm nə yaza
ilham pərisi də qoyub özünü naza
şeirlər su kimi ovcumdan tökülür itir
suda yazılan şeirlərin ömrü elə suda bitir
yox nə isə qələm baxmır sözümə
ağ kağız da at kimi dayanıb üzümə
* * *
bu dünyadan qopub gedən hər bir ömür
bir payız ormanının ağacından ayrılan yarpaq kimidir
qarışacaq əbədiyyət təkərinin sonsuz fırlanışına
* * *
bu gecə mənə bulaşma
bu gecə mən sərxoşam sakitliyimdə
bu gecə heç tıqqıldamır divardakı saatım da
telefonun düyməsin basıb gözünü çıxarmışam
bu gecə mənə bulaşma
tanrı olduğuma inanmışam
* * *
oturduğum bu kafenin daimi sakinləri
tökülüb qalsa da işləri
səhər tezdən axşamacan
ya axşamdan səhərəcən
bala bala gillədirlər başa bəla araqdan
danışırlar dünəndən bu gündən sabahdan
kiminin yol çəkir gözü kiminin qızarıb üzü
düşünürəm sözün düzü
axı nədir ayrıntısı
istər toyu olsun istər yası
əyri göstərir doğrunu bu dünyanın aynası
bir az içib şənlənərsən ya küsərsən
hər zaman küsdüyün kimi
dəyişməz ki bu dünya
keçilməz keçilməz yol aşılmaz aşılmaz divar
“bu gece sana bütün sarhoşların selamı var”
* * *
bu payız başqa bir payız olacaq
olacaq istər inan istər inanma
gələcək arzuların ilk baharı payız günü
bu payız başqa bir payız olacaq
olacaq inan mənə
yağacaq yağış kimi ağacların təpəsindən yarpaqlar
narıncı sarı qırmızı
ömrümün bu payızı
axır deyıl axarıncı
çəkəcəm paslı qınından qılıncı
yanacaq gözlərimdə sönməz ocaq
bu payız başqa bir payız olacaq
* * *
bu səhər bir çox açılan
başqa səhərlər kimi olmadı
bu səhər dostum
dükana qaçıb on ədəd yumurta
200 qram kolbasa bir şüşə araq aldı
qayğanaq eləmədik mənim qarnım gedirdi
suya salıb qaynattıq yumurtaları
arağın meyitini salıb çıxdıq çölə
bu səhər başqa səhərlər kimi olmadı
dostlar yolun o tərəfi ilə divar boyamağa
mən bu tərəfi ilə filarmoniya bağına gettim
aişənin qohumlarına baxmağa
bu səhər bir başqa səhər oldu
* * *
bu şəhərin boynundan boyunduruq
başının üstündən domokl qılıncı asılıb
bu şəhərin küçələri düyün düşüb
qordiyev düyünü kimi
nə duyanı var nə sezəni nə çözəni
bu şəhərin ayağında falaqqa
alnına isə dar ağacı yazılıb
bu şəhərin məzarı dırnaqlarıyla qazılıb
qaradır gündüzü qaragüruhların üzü kimi
bu şəhərin küçələrində
kabuslar dolaşır insan əvəzi
arxasınca kölgələrini sürüyə-sürüyə
bu şəhərin insanları dabanlarından quyuya sallanıb
içindən çürüyə-çürüyə
bu şəhərin bünövrəsi illər öncə sökülüb
bu şəhərin boğazına ərimiş qurğuşun tökülüb
* * *
bu şeirlər hardan gəlir
cəhənnəmdən gordan gəlir
kəcavəli dəvə belində
örtülü bazardan gəlir
taxtalıköy yolun üstü
sönmüş ocaqda son tüstü
gor yanında əlində bel
son mənzilin qazır qozbel
vaxtını itirmə hədər
çatıbdır qəzavü qədər
sən düzəldə bilməyəni
səni düzəldən düzəldər
zərgər qaşı gözə bağlı
odun ömrü közə bağlı
könül yara alsa əgər
sağalması sözə bağlı
bu şeirlər hardan gəlir
cəhənnəmdən gordan gəlir
kəcavəli dəvə belində
örtülü bazardan gəlir
* * *
bulud girərsə dostlar arasına
o arada ildırım çaxar
o arada dolu yağar
dolmuş gözlərdən yaş əvəzi
o arada zərgər belə karıxar
göz çıxardar qaş əvəzi
o arada namərdlər
çaqqal xislətini unudub
nərildəyər şir kimi
iki dostun arasına soxar özünü
ətlə dırnaq arasına kir kimi
duz səpilər yalquzağın açıq yarasına
bulud girərsə dostlar arasına
* * *
buqələmun xisləti var bunlarda usta
istədiyin haldan hala qaldan qala
uzun incə bir minvala düşə bilir
hər bir yanlışa yalan gerçəyə pərdə
hər bir eşşəyə palan tikə bilir
görə bilməyən gözündə tir gizlədib
sənin gözlərində tük axtarar
tikdiyi torbadan çıxa bilməz
vicdanında yük axtarar
dostca uzadılmış əli sıxa bilməz
buqələmun xisləti var bunlarda
* * *
bürünmüşəm palaza
bu palazqulaq məmləkətin yollarında
yavaş-yavaş sürünürəm
mənzil onsuz da uzaq
üstüm-başım göz-qaşım
toz-dumana qarışmış
taleyimlə barışmış kabus kimi görünürəm
bir qələmə sarılmış
bir kağızın sinəsində arayıram təpər
bir üfüqdür artıq yolum
sağım solum arxam çəpər
qarışmışam toz dumana
laqeydliyin palazına bürünürəm
bu palazqulaq məmləkətin yollarında
yavaş-yavaş sürünürəm
* * *
büt ilə büstün arası
sevgi ilə nifrət kimi
gizlən-qaç oyunudur bu
qovuşmaqla həsrət kimi
qaş ilə göz arasında
bir yuxudan gəlsə belə
qarğış yaxud xeyir-dua
yozulması ayrıntısız
danış onu axar suya
dil ilə söz arasında
qəlb dayana bilməz buna
şeytan quran bir oyuna
pərvanələr durmaksızın
yığışar axşam toyuna
kül ilə köz arasında
ad itirib san verirəm
bütlə büstə qan verirəm
yaşamıram yaratmıram
çapalayıb can verirəm
öl ilə döz arasında
* * *
cavablar suallardan asılıdır
cavabların taleyinə suallar aydınlıq gətirəcək
bu əsnada kim qazanacaq kim itirəcək
mənlik deyil
hansı sualların qarşısında
baxışlar yerə dikiləcək
hansı suallar lal divara dirənəcək
sual verməyə nə var
sual pul deyil ki gizlədəsən sandıqda
qoltuğunun altında
verirlər al döyürlər qaç fəlsəfəsi
yeni bir səhifə aç
cavabsız sualların səhifəsi
fərqi yoxdur kim edəcək diqtə
hər sualın cavabı olacaq üç nöqtə
* * *
cavanlar arzularının peşində yaşlılar yaddaşlarının
arzular qocalanda xatirəyə çevrilər
atarsan yanbızını qoltuğa düşünərsən saatlarla
daşıyarsan aranı dağa dağı arana
min bir arzu gəzdirərsən qazana dönmüş başında
min bir istəyin düşərsən peşinə
zaman zaman düşünərsən
bir möcüzə baş verər bu toxumlar cücərər
vedrə-vedrə su tökərsən qol budaq atar
başı buludlara çatar
sevinərsən uğuruna özlüyündə
zəmanənin səs küyündə bir sakitlik taparsan
arzularını ümidlərinə
ümidlərini gümanlarına qatarsan
arzular yetişər ərsəyə
ama azalmaz
arzularla yaşayan qocalar ölər
ama arzular qocalmaz
* * *
çırağın lampası sındı
göylərdən bir ulduz daha axdı
çoxdan toz basmış pəncərədən
iki məsum göz baxdı
yarpaqlar gecədən qalma sirrləri
doğmuş aya pıçıldadı
bir ürəyin fəryadı göyə qalxdı
əgər bu gün qırılmışsa bir qələm
pozulmuş alın yazısı
kəsilmiş bir evin ruzusu
bir varlığın nakam qalmış ürəyində arzusu
göylərdən bir ulduz axdı
bayquşa çevrilib arxa həyətdəki
ağacın budağına qondu
çırağın lampası sındı
* * *
çiy süd əmib çevirmişəm ortalığı öz başıma
bir balaca zəhər qatmışam aşına hərdəmxəyal aşnamızın
bağışlasın payız məni son yuxumda çəkdiyim o göy çıləyə
çiy süd əmib çeynəməmiş
oğurladıb saqqızımı tüpürmüşəm kor fələyə
mən bu payız qəsd edəcəm yazmadığım şeirlərə
bağışlasın məni yağış guruldayıb yağmadığım günlərimə
gözlərimdə sönüb gedən ümidlərimə
hər qapını açmaq olmaz bir sim-simin duasına
sındırasan təpiyinlə varsa əgər yanbızın
lap düşərsən xatasına
dağıdasan ürəyinə dağ basan stereotipləri
bağışlasın məni payız
yenə yalqız yenə yalqız
otumuşam bu yağmurun kölgəsində
öz səsimi dinləyirəm
pıçıldayan yarpaqların nəğməsində
İrəvan teatrı mövsümü bağlayır
Azərbaycan "İnterviziya" beynəlxalq müsabiqəsində iştirak edəcək
Afra Saraçoğlu və Engin Akyürekdən sürpriz layihə: "İstanbul Aşkım"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.