AZ

Bir rəssam, bir tənha emalatxana, bir qanlı gecə…

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

İntiharın sükutunda itən bir həyat cəmiyyəti silkələdi

İntihar şəxsi zəiflik deyil, dəstək və yardım alma ehtiyacının siqnalıdır

Hər intihar düşüncəsi bir çıxış axtarışıdır, həyata deyil, ağrıya son qoymaq istəyidir

 Rəssam Fərhad İsgəndərovun (Fərhad Yalquzaq) müəmmalı ölümü təkcə onu tanıyanları deyil, cəmiyyəti “niyə” sualı qarşısında qoyub. 52 yaşlı rəssamın intihar etdiyi ehtimalı var. Tənha yaşayan rəssamın öz emalatxanasında dünyasını dəyişdiyi bildirilir. Onun nəşini dostları aşkar ediblər. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rəssamın Xətai rayonunda yerləşən evindəki emalatxanada baş verib. Belə ki, iyunun 17-si saat 23 radələrində 1973-cü il təvəllüdlü Fərhad Əhmədli oğlu İsgəndərov yaşadığı və işlədiyi M.Rüstəmov küçəsi ev 6/4-də qollarına bıçaqla xəsarət yetirib. O, qanaxmadan ölüb. İntihar hadisəsi ilə bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. TƏBİB-in məlumatında isə bildirilib ki, iyunun 17-si saat 23:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xətai rayonu, M.Rüstəmov küçəsi ərazisindən çağırış daxil olub. Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 52 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

 Şair Aqşin Yenisey sosial şəbəkədə paylaşdığı statusu “Daha bir intihar xəbəri” cümləsi ilə başlayıb:

- Daha bir dostumuz cavan yaşında passiv intiharın qurbanı olub. Bu, artıq qarşılaşdığım neçənci belə hadisədir. Cavan yaşda xəstəliksiz ölüm xarakterlə bağlıdır. Bəzi insanlar başlarına gələn uğursuzluqlardan əhvalatları olsun deyə özlərinə tale düzəltməyi sevirlər və bunu həyat zənn edirlər. Həyat və tale eyni şey deyil. Tale insanın özünü qurban rolunda gördüyü həyat seçimidir. Qurban roluna girdinsə, özünü öldürəcəksən. Çünki qurban özünü fəda etməlidir. İnsanlıq eyni uğurları və uğursuzluqları yaşayır. Fərqli uğur və uğursuzluq deyə bir şey yoxdur. Yəni sən heç nəyinlə tək deyilsən bu həyatda, bütün dünya sənlə doludur. Özünü milyonlarla oxşarından ayırmaq eqoistlikdir. İntiharın 800-ə yaxın səbəbinin arasında ən birincisi eqoist intihardır. Bunu mən yox, intiharşünas Dürkheym deyir. Milyonlarla insanın yaşadığı uğursuzluğa düçar olduqda onu şəxsiləşdirmək də eqoizmdir. Həyatın sənin qarşına çıxardığı bütün pislikləri, murdarlıqları özünə yaraşdırmalısan. Yaraşdırmırsansa eqoistsən. Eqon bu murdarlıqdan sənə tale düzəldəcək və tale də səni qurban roluna soxacaq. Və əlvida həyat! Kiməsə faydası toxunar deyə yazdım.

 Yazıçı və tərcüməçi Cəlil Cavanşir isə Sherg.az-a açıqlamasında bu hadəsini “arzuolunmaz sonluq” adlandıraraq, “amma bütün ömrünü narahat, nigaran və axtarışlarla keçirən Fərhad Yalquzaq üçün bir az da gözlənilən sonluqdur” deyərək fikirlərini bölüşdü:

 - İntihar eqoizmdirmi? Və yaxud bütün intiharlar eqoizmdirmi? Ziqmund Freydə görə intihar "aqressiyanın özünə yönəlmiş forması"dır. Viktor Frankl deyir ki, "insan həyatında mənanı itirəndə yaşamaq üçün səbəbləri də yoxa çıxır." Emil Dürkheym "İntihar" adlı əsərində intiharları 4 kateqoriyaya bölür və birinci kateqoriya Eqoistik intihardır. İntihara doğru gedən şəxs özünü cəmiyyətdən təcrid olunmuş, tənha hiss edir, ailəsindən, dostlarından, cəmiyyətdən gözlədiyi dəstəyi ala bilmir və sonunda intihar edir. Bu halda intihar eqoizmlə əlaqələndirilə bilər, amma bu, intihar edənin eqoizmi deyil, cəmiyyətin onu təcrid etməsiylə bağlıdır. Dürkheym deyirdi ki, intihar fərdi bir akt olsa da, onu doğuran əsas amillər sosial xarakter daşıyır. Onun fikrincə, cəmiyyətdəki sosial inteqrasiya və normativ tənzimləmə səviyyəsi intihar meyilliliyinə birbaşa təsir göstərir. Burası bir az mübahisələndirilə bilər. Amma intiharın həm də sosial faktorlarla bağlı olmasını da danmaq mümkün deyil. İntihar edən insanlar əksər hallarda psixoloji ağrı, depressiya, ümidsizlik və çıxılmazlıq hissi ilə mübarizə aparırlar. Bu zaman fərd öz həyatının mənasız olduğunu, başqaları üçün yükə çevrildiyini və tək çıxış yolunun ölüm olduğunu düşünür. Tomas Coyner də təxminə buna bənzər bir nəzəriyyə irəli sürüb: "Interpersonal–Psychological Theory " Coynerə görə intihar psixoloji səbəblərlə yanaşı fiziki, travmatik səbəblərdən də baş verir. Bu vəziyyətdə verilən intihar qərarı eqoistlikdən daha çox psixoloji pozğunluq və çəkilən əzabın nəticəsi kimi qiymətləndirilə bilər. İntihar edən şəxs hər zaman ətrafını, çevrəsini cəzalandırmağı düşünmür, çox vaxt ətrafını lazımsız yükdən (özündən) xilas etməyə çalışır. Ekzistensialistlər intiharı insanın azad iradəsi ilə həyata dair son qərarı kimi dəyərləndirir. Yəni "dünyaya gəlməyi seçməmişəm, sonumu özüm müəyyənləşdirirəm". Bu bir az fəlsəfi yanaşmadır, amma mübahisəlidir. Bu baxımdan yenə də intiharı eqoizm hesab edə bilmərik. Bir fərdin öz sonu barədə verdiyi bir qərardır. Həyatın mənasız olduğunu düşünən fərdin intihar qərarı verməsi eqoistlik hesab edilə bilməz. İntihar edən çox vaxt ətrafının, doğmalarının çəkəcəyi əzabı, yaşayacağı ağrıları nəzərə almadan bu addımı atır. Bu məqamda intihar eqoizm hesab edilə bilər. Amma intihar ərəfəsindəki fərdin empatiya hissini itirə bilməsi ehtimalı, psixoloji durum, affekt halı, dərin ümidsizlik nəzərə alınsa, burada da eqoizmdən danışmaq insafsızlıqdır. İntiharın eqoist olub-olmaması şəraitdən, səbəblərdən və şəxsə xas kontekstdən asılıdır. Bu məsələni sadəcə "eqoizm" çərçivəsində dəyərləndirmək doğru deyil. Aaron T.Bek (koqnitiv terapiyanın yaradıcısı) deyirdi ki, intihar edən insanların düşüncə sistemində ümidsizlik, özünütənqid və çıxılmazlıq hissi dominant olur. İntihara bir neçə dəfə cəhd etmiş insan kimi düşünürəm:

- İntihar şəxsi zəiflik deyil, dəstək və yardım alma ehtiyacının siqnalıdır.

- Hər intihar düşüncəsi bir çıxış axtarışıdır, həyata deyil, ağrıya son qoymaq istəyidir.

 Psixoloq Səbinə Nəzərova isə passiv və aktiv intihar barədə izah verib. Psixoloq qeyd edir ki, intihar çox vaxt qəsdən öz ölümünə səbəb olan hərəkət kimi müəyyən edilir. Bu tərif aydın görünsə də, intihar düşüncəsi və ya intihar haqqında düşünmə intensivliyi və forması ilə dəyişir:

- 2 növ intihar düşüncəsi vardır – passiv və aktiv. Aktiv intihar düşüncəsi odur ki, şəxsin həyatına son qoymaq niyyəti olur və çox vaxt bir plana sahib olur. Bu plana intihar etmək üçün xüsusi üsullar düşünmək və ya hazırlamaq daxildir. Burada daha yüksək risk vardır. Passiv intiharsa əvvəlcədən düşünülmüş bir plan olmadan, ölüm və ya yaşamaq istəməmək haqda düşüncələr, hisslərdir. Passiv intihar barədə düşünənlər adətən bu cür ifadələr işlədir: daha yaşamaq istəmirəm. Çox çətindir. Kaş heç doğulmayaydım! Ölsəm, heç nə dəyişməz. Mənə bir şey olsaydı, bəlkə hamı daha yaxşı olardı. Yoxa çıxım, birdəfəlik... və sair həyatdan, yaşayışdan, taledən narazılıq ifadə edən bu səpkili fikirlər. Həyatında ümidsizlik yaşayan, psixi, ruhi travma keçirən, ruhi sarsıntılar içərisində olan və ya hansısa ağır xəstəliyə düçar olan, sağalmaq ümidi olmayan şəxslər belə düşüncələrə qapıla bilir. Həmçinin sosial çətinliklər içində olanlar, şiddətə məruz qalanlar, insanlarla münasibət problemi yaşayanlar da belə düşüncələrə qapılırlar. İnsanın xilası üçün bu düşüncəni yaradan səbəblər aradan qaldırılmalıdır. İnsanın psixi sağlamlığı yaxşılaşdırılmalıdır. Burada terapiya, dərmanlar və həyat tərzi dəyişikliyi birgə çıxış edir. Gərək ətrafdakılar, ailə üzvləri, dostlar şəxsin düşüncələrinə diqqət yetirsinlər, diqqətsiz qalmaq, düşüncələrin qarşısının alınması aktiv intihara səbəb ola bilər. Passiv intihar düşüncəsində olanlar kömək istəməyə meyilli olmurlar. Bu da onların vəziyyətini getdikcə çətinləşdirir. Erkən fərq edildikdə, şəxsə kömək etmək, problemlərinin həllinə çalışmaq insanı intihardan xilas edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
sherg.az

2Mənbələr