Bu il iyulun 7-11-də xırdabuynuzlu heyvanların taunu, atların Afrika, donuzların Afrika taunu, quş qripi, habelə dabaq və quduzluq kimi transsərhəd heyvan xəstəlikləri üzrə epizootoloji monitorinqlər keçiriləcək.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, monitorinqlər Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, respublikamızın şəhər və rayonlarının təbiət ərazilərini − ovçuluq təsərrüfatları, milli parklar, dövlət təbiət qoruqları və yasaqlıqları əhatə edəcək.
Monitorinqlər çərçivəsində müşahidələr aparılacaq, xəstə və ya tələf olmuş heyvanlara rast gəlindikdə diaqnostik nümunələr götürüləcək.
Tədbir müddətində müşahidə aparılacaq ərazilər və epizootoloji vəziyyət barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.
Monitorinqlərdə AQTA-nın, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları iştirak edəcəklər.